BMT Baş katibinin köməkçisi: Gənclər şəhərsalma qərarlarında iştirak etməlidir

Gənclər şəhərsalma və urban idarəetməsi ilə bağlı qərarların qəbulunda yalnız faydalanan tərəf kimi deyil, bərabərhüquqlu tərəfdaş kimi iştirak etməlidir.

“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan Uşaq və Gənclər Assambleyasına videomüraciət edən BMT Baş katibinin Gənclərlə İş üzrə köməkçisi Felipe Paullier bildirib.

Onun sözlərinə görə, ev yalnız insanların yaşadığı məkan deyil, təhlükəsizlik, ləyaqət və imkanların başladığı yerdir.

Felipe Paullier qeyd edib ki, dünyada milyonlarla gənc qeyri-adekvat mənzil şəraitində yaşayır, qeyri-rəsmi yaşayış məntəqələrində məskunlaşır və iqlim dəyişikliklərinin təsirini öz məhəllələrində hiss edir.

O vurğulayıb ki, yaşana bilən şəhər münasib qiymətli mənzil, təmiz hava, yaşıl məkanlar, təhlükəsiz nəqliyyat, keyfiyyətli təhsil, layiqli iş və rəqəmsal imkanlara çıxışı təmin etməlidir.

“Gəncləri dinləyin, onların həll yollarına investisiya yatırın və şəhərsalma prosesində mənalı iştiraklarını institusional səviyyədə təmin edin”, – deyə BMT rəsmisi çağırış edib.

Rahim

Rahim Tarıverdiyev