“Dövlət tədbir görməsə, təhsil sistemi uzunmüddətli risklərlə üzləşəcək”
Azərbaycanda son illər doğum səviyyəsinin azalması və əhalinin yaş strukturunda dəyişikliklərin artması ilə bağlı parlamentdə də narahatlıq ifadə olunub. Deputat Əli Əhmədov parlamentdə Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatının müzakirəsi zamanı bildirib ki, bu tendensiya davam edərsə, yaxın illərdə məktəblərdə şagird sayının ciddi azalması, müəllimlərin ixtisarı və pensiya alanlarla işləyən əhali arasındakı balansın pozulması kimi problemlər yarana bilər:
“2025-ci ildə Azərbaycan hökumətinin apardığı siyasət nəticəsində əhalinin rifah səviyyəsinin təmin edilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. İndiki qlobal qeyri-müəyyənlik və qiymət artımı fonunda əmək haqları və pensiyaların artırılması, həmçinin iqtisadi sabitliyin qorunması heç də asan iş deyil. Hökumətin əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində gördüyü əsas işlərdən biri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləridir. Son illər Azərbaycanda əhalinin artım tempində azalma müşahidə olunur. Əvvəllər Azərbaycanda 160 mindən artıq uşaq doğulduğu halda 2025- ci ildə bu göstərici 100 minin altında olub. Ötən il Azərbaycan məktəblərində 1.5 -1.6 milyon uşaq təhsil alırdısa indiki templə davam etsə bir neçə ildən sonra məktəblərdə oxuyanların sayı 1 milyon ancaq olacaq. Bu da xeyli müəllim heyətinin ixtisarına səbəb olacaq. Eyni zamanda düşünürəm ki, bir neçə ildən sonra pensiya alan əhali ilə işləmək qabiliyyətində olan əhali nisbətində ciddi dəyişiklik olacaq. Bu həm iqtisadiyyatımıza həm də sosial vəziyyətimizə təhlükə törədir”
Deputatın açıqlamasını şərh edən Liberal İqtisadçılar Mərkəzinin rəhbəri, iqtisadçı Akif Nəsirli “Sherg.az”a bildirib ki, Əli Əhmədov tərəfindən səsləndirilən narahatlıq bir çox ölkələrdə müşahidə olunan demoqrafik dəyişikliklərlə bağlıdır:
“Doğum səviyyəsinin azalması uzun müddətdə məktəblərdə şagird sayının azalmasına gətirib çıxara bilər və bu da təhsil sisteminə birbaşa təsir göstərir. Bu məsələ həm də parlamentdə, o cümlədən Milli Məclisdə müzakirə olunan sosial-iqtisadi problemlərdən biri kimi diqqət çəkir. Əgər şagird sayında ciddi azalma baş verərsə, bəzi məktəblərdə siniflərin birləşdirilməsi və ya məktəblərin optimallaşdırılması kimi addımlar atıla bilər. Bu isə müəyyən hallarda müəllimlərə olan tələbatın azalmasına səbəb ola bilər. Bununla belə, dövlət adətən belə riskləri əvvəlcədən nəzərə almağa çalışır və təhsil sistemində alternativ yanaşmalar üzərində düşünür. Məsələn, məktəbəqədər təhsilin genişləndirilməsi, əlavə təhsil proqramları, peşə və texniki təhsilin inkişafı kimi sahələrdə müəllimlərin potensialından istifadə etmək mümkündür. Digər tərəfdən, müəllimlərin sosial müdafiəsi məsələsi də vacibdir. Bu baxımdan dövlət müxtəlif yenidənhazırlanma proqramları, ixtisasartırma kursları və yeni sahələrdə məşğulluq imkanları yaratmaq yolu ilə müəllimlərin əmək bazarında qalmasına kömək edə bilər. Məsələn, rəqəmsal təhsil, distant tədris, təlim və inkişaf proqramları kimi istiqamətlərdə müəllimlərin təcrübəsi istifadə oluna bilər”.
A. Nəsirli qeyd edib ki, ümumilikdə demoqrafik dəyişikliklər uzunmüddətli planlaşdırma tələb edən məsələdir: “ Əgər dövlət bu tendensiyanı vaxtında nəzərə alarsa, təhsil sistemində ciddi sosial problemlər yaranmadan müəllimlərin peşə potensialını qorumaq və onlardan başqa sahələrdə də səmərəli istifadə etmək mümkün ola bilər”.