Azərbaycan güclü dövlətdir

Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracağıq


   “Mən demişəm, Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracağıq. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya üçün də bir nümunə olacaq”.  
Bu sözləri Prezident İlham Əliyev bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə deyib. Dövlət başçısı bəyan edib ki, Qarabağ və Şərqi Zəngəzurda hələ ki, heç kim yaşamır. Ona görə biz orada görüləcək işləri mərkəzləşdirilmiş qaydada etməliyik və edirik: “Keçən il genişmiqyaslı abadlıq-quruculuq işlərinə start verildi, böyük infrastruktur layihələri icra edildi”. Ölkə rəhbəri ilin sonuna qədər və növbəti bir-iki il ərzində görüləcək işlərlə bağlı öz tapşırıqlarını verib: “Birincisi, şəhərlərin Baş planları ilə bağlıdır. Bizim hazırda Ağdam və Füzuli şəhərlərinin Baş planları təsdiqlənib. Artıq mən işlərin gedişatı ilə tanış olmuşam. Digər şəhərlərin Baş planlarının təsdiqlənməsi bu yaxınlarda öz həllini tapmalıdır. Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin Baş planları hazırlanmalıdır, bu il təsdiq edilməlidir və ondan sonra bizim Qarabağ və Şərqi Zəngəzura aid olan investisiya proqramında əlavələr edilməlidir. Çünki burada da qeyd olundu, 2,2 milyard manat vəsait nəzərdə tutulur. Amma birinci rübdə cəmi 300 milyon manatdan bir qədər çox vəsait istifadə olundu. Əlbəttə ki, Baş planlar təsdiq olunandan sonra biz ancaq praktiki işlərlə məşğul olacağıq. Mən, ilk növbədə, yaşayış binalarının inşasını nəzərdə tuturam. Çünki digər infrastrukturla bağlı layihələr icra edilir”. 

Ölkə rəhbəri vurğulayıb ki, Ağalı kəndinin sakinləri artıq bu il orada yerləşəcəklər, orada yaşayacaqlar: 

“Bu il Ağalı kəndinin açılışı olacaq. Bu, birinci pilot layihədir. Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına bu il başlanacaq. Bu, bir neçə kəndi birləşdirən layihədir. Ağalı kəndindən daha böyük yaşayış yeri olacaq. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır və şəhərlərlə paralel olaraq biz kəndləri də bərpa edəcəyik. Üç məktəbin inşası bu il başa çatmalıdır – Ağdamda 1 nömrəli məktəb, Cəbrayıl şəhərində məktəb və qeyd etdiyim kimi, Şuşa şəhərində məktəb. Hər üç məktəb 960 yerlikdir. Dörd xəstəxana inşa edilir. Şuşa şəhərində xəstəxana bu il istismara veriləcək, Ağdamda 210, Füzulidə 180 çarpayılıq xəstəxanaların inşasına start verilib. Cəbrayılda isə yaxın gələcəkdə xəstəxananın təməli qoyulacaq”. Prezident diqqətə çatdırıb ki, keçmiş məcburi köçkünləri qaytarmaq üçün kompleks tədbirlər görülür: “Yaşayış binaları, infrastruktur, iş yerləri, kənd təsərrüfatı ilə məşğul olmaq imkanları, sənaye parkları - biz planlı şəkildə bu işləri görəcəyik. Bu, ancaq azad edilmiş torpaqlarda bu il görüləcək işlərin siyahısıdır və əminəm ki, bütün planlar həyatda öz əksini tapacaq. Biz istədiyimizə nail olacağıq. Azad edilmiş torpaqlarda görülən işlərlə bağlı Azərbaycan xalqına bundan sonra da müntəzəm məlumat veriləcəkdir”.

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə “Şərq”ə deyib ki, hazırda Azərbaycan dövləti üçün ən prioritet məsələ işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın qısa müddətdə yüksək səviyyədə təmin edilməsidir. Ekspert bildirib ki, güclü dövlət olan Azərbaycan Böyük Qayıdışı yüksək səviyyədə təmin etmək əzmindədir:

 “Hazırda işğaldan azad olunan ərazilərdə görülən işlər bu gücü bir daha göstərir. Xatırladaq ki, işğal nəticəsində 7 rayon mərkəzi, 6 şəhər, 12 qəsəbə, 900-ə yaxın kənd, 700-dən çox xəstəxana və tibb müəssisəsi, 150 min yaşayış evi və mənzil, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 160 körpü, 6000 sənaye, kənd təsərrüfatı və digər müəssisələr məhv edilib. Bu ərazilərdə vaxtilə 1 milyon hektardan çox kənd təsərrüfatı sahəsi, o cümlədən 127,7 min hektar suvarılan torpaq və 34,6 min hektar üzüm və meyvə bağları ziyan çəkib. Lakin bütün bunlara baxmayaraq bu gün işğaldan azad olunmuş ərazilərdə planlı şəkildə genişmiqyaslı bərpa və zəruri infrastrukturun yaradılması istiqamətində işlərə başlanılıb. Prezident İlham Əliyev səviyyəsində bərpa və infrastruktur quruculuğu ilə bağlı layihələrin icrası nəzarətdə saxlanılır. Vətən müharibəsindən sonra dövlət başçısı dəfələrlə işğaldan azad olunan ərazilərə səfərə gedib və müxtəlif infrastruktur obyektlərinin təməlqoyma və yaxud açılış mərasimlərinə qatılıb”. 

F.Hüseynzadə vurğulayıb ki, ümumiyyətlə, işğaldan azad olunan ərazilərin bərpası xüsusi hazırlanmış sosial-iqtisadi konsepsiyaya uyğun olaraq həyata keçirilir: 

“Konsepsiyaya uyğun olaraq planlaşdırmada əsas tutulan sahələrin, şəhərsalma və ərazi qurulması məsələlərinin həll olunması Azərbaycan iqtisadiyyatının inkişafına yeni təkan verəcək. Müxtəlif sahələr üzrə xarici şirkətlərin bərpa işlərinə investisiya yatırması yeni iqtisadi perspektivlərə imkanlar açır. Əhalinin bu ərazilərə qayıdışı, normal həyatın davam etməsilə regionda sülh və əminamanlıq da bərpa olunacaq. Prezident İlham Əliyevin bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə qeyd etdiyi kimi, Azərbaycan öz gücü ilə hər şeyi bərpa edəcək və Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracaq. Belə olduqda beynəlxalq birliyin bu regiona baxışı tamam dəyişəcək. Bu da gələcəkdə Qarabağ regionunda beynəlxalq ictimai-siyasi, mədəni-kütləvi tədbirlərin keçirilməsinə rəvac verəcək”.