Azərbaycan və Pendik Türk Ocaqları birlik mesajı verdi

  • Azərbaycan Türk Ocağı ilə Pendik Türk Ocağı əməkdaşlığı genişləndirir - konfrans və simpoziumlar keçiriləcək

Bu gün Azərbaycan Türk Ocağı İctimai Birliyinin sədri Akif Aşırlı Pendik Türk Ocağının başqanı Ahmet Kaya ilə görüşüb.

Sherg.az xəbər verir ki, A.Aşırlı Azərbaycan Türk Ocağının tarixi, keçib gəldiyi yol, təşkilatın 2018-ci ildən bərpası barədə A.Kayaya məlumat verərək qeyd edib ki, 1918-ci ildə fəaliyyətə başlayan Azərbaycan Türk Ocağı Azərbaycan Xalq Cümhuriyyətinin bizə qoyduğu ən böyük mirasdır. Türkiyədə fəaliyyət göstərən bütün Türk Ocaqları ilə əlaqələr qurmaqda maraqlı olduğunu bildirən A.Aşırlı bundan sonra da bu missiyanı davam etdirəcəklərini, birgə layihələr, elmi-praktik konfranslar, simpoziumlar keçirəcəyinin planlaşdırıldığlnı qeyd edib. Pendik Türk Ocağı başqanı A.Kaya təşkilatın quruluşunu, son illərdə fəaliyyəti barədə məlumat verib, Türk Dünyasının Birliyi yolunda milliyyətçi düşünçənin dirçəlişinin vacibliyini söyləyib. A.Kaya Pendik Türk Ocağının gələcəkdə Azərbaycan Türk Ocağı ilə birgə layihələr həyata keçirəcəyini, bu istiqamətdə işlər görüləcəyini bildirib.

A.Aşırlı sonda müəllifi olduğu kitabları, Azərbaycan Türk Ocağının nəşrlərini Pendik Türk Ocağının kitabxanasına hədiyyə edib.