Beynəlxalq tədbirlər bitən kimi moped, velosiped və skuterlər Bakıda xaos yaradır - RƏY

"İşıqforu saymayan, əks yola çıxan bütün hərəkət iştirakçıları üçün cəza tədbirləri tətbiq edilməlidir"

Xaotik hərəkət, işıqfora məhəl qoymamaq, ötmə qaydalarını pozmaq, əks istiqamətdə hərəkət, piyadaya yol verməmək kimi qayda pozuntularına görə onlara da digər hərəkət iştirakçıları üçün qanunvericilikdə nəzərdə tutulan cəza tədbirləri tətbiq edilməlidir

Paytaxtımızda son illərdə mikromobillik inkişaf etdirilib. Avtomobil və ictimai nəqiyyatla yanaşı moped, velosiped, skuterlər də hərəkət iştirakçıları arasında yerlərini tutur. Avtobus zolaqları ilə yanaşı, velosiped zolaqları da çəkilib.

Skuterlər də üçün də təhlükəsiz gediş təmin edilib. Piyadaların da təhlükəsizliyi üçün də zəruri işlər görülür, daha çox küçə piyadayönümlü forma alır. Lakin problem moped və skuterlərin bir çox hallarda xaotik hərəkət etməsindədir. Bunu da vurğulayaq ki şəhərimizdə hər hansı beynəlxalq miqyaslı tədbir keçirilərkən bütün hərəkət iştirakçıları qaydalara riayət edir, yol hərəkəti qaydalarını pozamamağa çalışırlar. Amma elə ki qonaqlar ölkəni tərk edir, sürücülər - istər avtomobil, istərsə də mikromobil vasitələrinin sürücüləri sanki elə buna bınd imiş kimi yenə də məsuliyətsiz davranırlar. Xüsusən də moped, velosiped və skuter sürənlər. Mopedlər, velosipedlər yenə də avtomobillərin arası ilə təhlekəli “tryuk”lar edərək irəli keçir, ötmələr edir, skuterlər də velosiped zolaqlarında, hətta səkilərdə qırıcı təyyarə sürətiylə hərəkət edir, piyadalara narahatlıq yaradırlar. Bəzən sanırsan ki skuter tam üzərinə şığıyır, kənara çəkilib yol açırsan.  

Nəqliyyat məsələləri üzrə mütəxəssis Yasin Mustafayev “Sherg.az”a açıqlamasında bildirdi ki, yollarda hərəkətin hər bir iştirakçısı qaydalara əməl etməyə borcludur: 

- Mikromobil nəqliyyat vasitələri üçün xüsusi zolaqlar ayrılıb, onlar bu zolaqlarla hərəkət etməlidir. Amma harada xüsusi ayrılmış zolaqlar yoxdursa, “Yol hərəkəti haqqında” qanuna görə, mikromobillik vasitələri də yolun hərəkət hissəsinin sağ zolağı ilə hərəkət etməlidir. Yəni, yol 3 zolaqlıdırsa, ən sağdakı zolaqla hərəkət etməlidirlər. Amma xaotik hərəkət, işıqfora məhəl qoymamaq, ötmə qaydalarını pozmaq, əks istiqamətdə hərəkət, piyadaya yol verməmək kimi qayda pozuntularına görə onlara da digər hərəkət iştirakçıları üçün qanunvericilikdə nəzərdə tutulan cəza tədbirləri tətbiq edilməlidir. Hər bir hərəkət iştirakçısı qaydalara əməl etməlidir. Qanun bütün hərəkət iştikraçıları üçün eynidir.