- Bakıda qurumlar bir-birindən xəbərsiz və əlaqəsiz çalışır
Paytaxtın Xətai rayonu, Afiyəddin Cəlilov küçəsindən 28 May istiqamətində olan küçədə velozolaqda skuterlə hərəkət edən turist xəsarət alıb. Turistin xəsarət almasına səbəb məhz zolağın üzərindəki kanalizasiya lyukunun açıq qalmasıdır. Sosial şəbəkədə yayılan görüntülərdə kanalizasiya lyukunun üstünün açıq qalması, qapaqsız olması aydın görünür.
Hadisənin gecə saatlarında baş verdiyi bildirilir. Demək, səhlənkarlıq yalnız lyukun üstünün bağlanmaması deyil, həm də yolda xəbərdarlıq nişanının olmamasıdır. Lyukdan xəbərləri var ki, nişan da qoysunlar? Şəhərdə belə real təhlükələr çoxdur. Səki ilə gedirsən, qarşına bir çala-çuxur çıxır, gündüz vaxtı görürsən, adlayırsan, amma gecə görüntü zəif olduğundan hər kəs yıxılıb xəsarət ala bilər. Gənc oğlanın durduğu yerdə kanalizasiya lyukuna düşdüyü və həlak olduğu unudulmayıb. Amma kimsə cəzalandımı?
Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli Sherg.az-a açıqlamasında bildirdi ki, Bakı şəhərində idarəetmədə müəyyən pərakəndəlik var. Bu pərakəndəlik həm Bakı Şəhər İcra Hakimiyyəti, həm də Bakının bütün inzibati rayonlarının icra hakimiyyətlərinin fəaliyyətində özünü büruzə verir:

Pərakəndəlik səbəbindən bu cür problemlər ortaya çıxır. Asfaltı bir qurum salır, su xəttini biri çəkir, qaz xəttini başqası, dayanacaqlara bir başqa qurum nəzarət edir, parklanma yerlərinə başqa qurum. Şəhər təsərrüfatı ilə bağlı bir neçə qurum var, hamısı da bir-birindən xəbərsiz, əlaqəsiz çalışır. Bir hadisə baş verdikdə də günahkar, məsul qurum tapılmır. Bakının meqapolis olaraq ayrıca statusunun olmasına ehtiyac var. Bakının statusu ayrıca qanunla təsbit edilməlidir ki, şəhərin bir mərkəzdən idarə edilməsi mümkün olsun. Bəli, yollarda, səkilərdə belə hallar çox baş verir. Kanalizasiya və ya yağış sularının axması üçün qoyulmuş lyukun üstünün açıq qalmasının səbəbi də şəhər idarəetməsindəki pərakəndəlikdir. Bir qurum zolaq çəkib, amma kanalizasiya lyukunun üstünün bağlanması başqa bir qurumun işidir, o da bu işi görməyib. Vahid idarəetmə yoxdursa da, şəhər təsərrüfatına, yollara nəzarət etməli olan qurumlar bir-biri ilə əlaqəli işləməlidir.