Böyük güc, böyük sözdür

NATO daim suverenliyimizi, ərazi bütövlüyümüzü dəstəkləyib

Hərbi alyans Azərbaycanı həm də dialoq məkanı kimi görür

Dekabrın 14-də NATO-nun Baş katibinin dəvəti əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Alyansın Baş katibi Yens Stoltenberq arasında görüş olub. Görüşdə hərbi alyansın Baş katibi Azərbaycanın dəyərli tərəfdaşı olduğunu deyib. O, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda “Qətiyyətli dəstək” əməliyyatlarındakı xidmətini yüksək qiymətləndirib.

Qeyd edib ki, Azərbaycan sülhməramlıları Əfqanıstanı sonuncu tərk edən hərbi qulluqçular olublar və onlar 120 mindən çox insanın Əfqanıstan hava limanı vasitəsilə təxliyəsinə töhfə veriblər. Yens Stoltenberq buna görə Prezidentə təşəkkürünü bildirib. Dövlət başçısı İlham Əliyev də öz növbəsində bəyan edib ki, Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır və bu, artıq onun Alyansın mənzil-qərargahına yeddinci səfəridir. Ölkə rəhbəri bildirib ki, Azərbaycan hərbçiləri 2002-ci ildən 2021-ci il avqustun sonunadək Əfqanıstanda xidmət ediblər. Söhbət zamanı postmünaqişə dövründə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın Ermənistanla sülh sazişi üzrə danışıqlara hazır olduğu bildirilib. Həmçinin regiondakı təhlükəsizlik məsələləri qeyd olunub. Prezident İlham Əliyev Azərbaycanın NATO-nun üzv ölkələri ilə sıx dostluq və strateji tərəfdaşlıq əlaqələrinin olduğunu qeyd edib. Eləcə də Alyansın aparıcı üzv dövlətlərindən olan qardaş Türkiyə ilə strateji müttəfiqlik münasibətlərinin mövcud olduğunu deyib. Görüşdə Azərbaycanın 1994-cü ildən qurumun “Sülh naminə tərəfdaşlıq” Proqramı ilə tərəfdaşlığının vacibliyi vurğulanıb. Azərbaycanın hərbi alyansın təlimlərində və ikitərəfli əsasda Türkiyə ilə Azərbaycan arasında keçirilən təlimlərdə iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol da xatırladılıb. Prezident vurğulayıb ki, Azərbaycan təşkilata üzv 4 ölkənin etibarlı təbii qaz təchizatçısıdır: “Əminəm ki, qarşıdakı illərdə onların sayı arta bilər. Bu, həmçinin regional sabitlik, təhlükəsizlik üçün mühümdür. Çünki enerji təhlükəsizliyi artıq ölkələrin milli təhlükəsizliyinin bir hissəsidir. Ümumilikdə biz NATO ilə yüksəksəviyyəli qarşılıqlı fəaliyyətdə olmaqdan çox şadıq. Biz çox şadıq ki, səylərimizi qiymətləndirirsiz”. 

Hərbi alyansla Azərbaycanın əməkdaşlığı barədə “Şərq”ə danışan millət vəkili Arzu Nağıyev deyib ki, NATO baş katibi Azərbaycan dövlət başçısı İlham Əliyevlə görüşündə çox ciddi məqamlara toxunub. Deputatın sözlərinə görə, baş katib təşkilatın daim Azərbaycanın yanında olduğunu qeyd edib: 

“Hərbi alyansla Azərbaycanın əlaqələri yeni deyil. Qurumla əməkdaşlığımız 1994-cü ildə “Sülh Naminə Tərəfdaşlıq” çərçivə sənədinin imzalanması ilə başlayıb. Sonrakı dönəmdə cənab Prezident İlham Əliyev dəfələrlə NATO qərargahında qurumun rəhbərliyi ilə görüşlər keçirib. Cənubi Qafqazda beynəlxalq təhdidlərin qarşısının alınması prosesində Azərbaycanın iştirakı ilə bağlı hərbi alyansla danışıqlar aparılıb. Baxmayaraq ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və heç bir hərbi blokun tərkibinə daxil olmur, amma NATO ilə ciddi əlaqələrimiz var. Hərbi alyansın üzvləri daim Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyıb və dəstəkləyib. Bu, NATO-nun bütün Zirvə toplantılarında da öz əksini tapıb”. A.Nağıyev diqqətə çatdırıb ki, qurumla hərbi əməkdaşlıq dedikdə, beynəlxalq əməliyyatlarda və fövqəladə hallarda birgə iştirakdan söhbət gedir: “2002-ci ildən etibarən 30-dan çox Azərbaycan zabiti NATO-nun mənzil-qərargahında və digər strukturlarında xidmət aparır. Eyni zamanda Əfqanıstanda 2015-ci ildən 2021-ci ilin avqustuna qədər qətiyyətli dəstək missiyasının iştirakçısı olmuşuq. Bu məqamların hamısı Prezident İlham Əliyevlə görüşdə NATO rəhbərliyinin dilindən səsləndirildi. Onu da vurğulayım ki, 44 günlük müharibə dönəmində NATO birmənalı şəkildə Azərbaycanın haqq işini, ərazi bütövlüyünü dəstəklədi. Qələbədən sonra Ermənistanla bağlı mətndən “Azərbaycan-Ermənistan münaqişəsi” sözü çıxarıldı. Necə ki, Vətən müharibəsində KTMT Ermənistanı dəstəkləmədi, eyni formada NATO da bəyan etdi ki, Azərbaycan öz haqlı missiyasını həyata keçirir. Mühüm məqamlardan biri də odur ki, hərbi alyans Azərbaycanı dialoq məkanı kimi də görür. NATO-Rusiya, ABŞ-Rusiya arasında gərginlik zamanı yüksək vəzifəli hərbçilərin 7 görüşü məhz Bakıda baş tutub. Yəni əməkdaşlığımız hər baxımdan yüksək səviyyədədir. Bu istiqamətdə ciddi addımlar atılmaqdadır”.