Bu gün Prezident İlham Əliyev Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalkonun etimadnaməsini qəbul edib. Ölkə başçısı yeni nümayəndəni qəbul edərkən Aİ ilə Azərbaycanın həyata keçirdiyi birgə layihələrin əhəmiyyətindən danışıb.
Prezident qeyd edib ki, Azərbaycan Aİ-nın bir çox başqa üzvlərinin də təchizatçısı ola bilər:
“Əlbəttə ki, bizim böyük layihə olan Cənub Qaz Dəhlizinin tamamlanması ilə bağlı planlarımız bununla məhdudlaşmır.
"Biz təchizatımızın coğrafiyasını genişləndirmək üçün Avropa İttifaqı ilə birgə işləməyi planlaşdırırıq - xüsusilə indi, qışda hər kəs görəndə ki, alternativ marşrut baxımından alternativ mənbə məhz enerji təhlükəsizliyidir".
P. Mixalko isə Azərbaycanın Aİ üçün önəmli tərəfdaş olduğunu qeyd edib:
“Biz iqtisadiyyat, innovasiyalar, ticarət, enerji, investisiyalar, infrastruktur və əməkdaşlıq kimi mühüm sahələrdə güclü tərəfdaşlıq şəraitində birlikdə işləməyə hazırıq.
Aİ ilə Azərbaycan arasında yeni hərtərəfli Sazişin imzalanması bizim əsas prioritetimiz olacaqdır. Biz əminik ki, bu, nəinki bizim ikitərəfli əməkdaşlığımızın genişləndirilməsinə kömək edəcək, eyni zamanda, Azərbaycan iqtisadiyyatının daha da güclənməsinə xidmət edərək onun çiçəklənməsi və şaxələnməsini artıracaq”.
Görüş barədə fikirlərini “Sherg.az”la bölüşən Azərbaycan Demoktatik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Azərbaycan və Aİ arasındakı əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini qeyd edib:
“Azərbyacan bu qurumla enerji sahəsində müxtəlif tərəfdaşlıq sazişi imzalayıb. Ölkəmiz böyük strateji layihələri həyata keçirərək Aİ və onun enerji təhlükəsizliyi üçün böyük rol oynayır. Əslində Azərbaycanın layihələri bu ittifaqın enerji mənbələrinin yaradılmasına dəstək verib. Dövlətimizin nəqliyyat sahəsində yaratdığı bir çox sistemlər Aİ üçün böyük maraq kəsb edir.
Ölkə başçısı əvvələr də qeyd etmişdi ki, Aİ ilə geniş və çoxşaxəli saziş üzərindəki işi yekunlaşdırmaq üzrəyik. Adıçəkilən ittifaq Azərbaycanın ticarət dövriyyəsində də ən böyük tərəfdaşlardan biridir. Əminəm ki, sözügedən qurumla əməkdaşlığımız genişlənəcək”.
A.Mollazadə vurğulayıb ki, Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən “Böyük qayıdış” layihəsində bir sıra Aİ ölkələrinin şirkətləri iştirak edəcək:
“Avropada mövcud olan yeni innovasiya sistemlərini Qarabağda tətbiq etməyə çalışacağıq. Azərbaycan Aİ ilə əməkdaşlıq üçün zəruri addımları atır. Ölkəmizin strateji enerji layihələri genişlənmək üzrədir. Azərbaycanın Avropaya çatdırdığı enerjinin həcmi də artırıla bilər. Bu baxımdan Prezidentin məlum görüşdə qeyd etdiyi fikirlər böyük planlarımızı əks etdirir və əməkdaşlığın daha da genişlənməsinə şərait yaradır”.