Brüssel görüşü öncəsi yenə şəhid verdik

Ermənistandakı revanşist qüvvələr vəziyyəti yenidən gərginləşdirməyə çalışır, hərbi təxribatlara əl atırlar

"Sərhəd təxribatları sayəsində kənar oyunçuları prosesə cəlb etməyə cəhd göstərirlər"

Ermənistan Azərbaycanla sərhədin Kəlbəcər rayonu istiqamətində növbəti dəfə atəşkəsi pozaraq təxribata əl atıb. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub. Təxribat nəticəsində hərbi qulluqçumuz, əsgər Asif Əliyev şəhid olub. Müdafiə Nazirliyi bəyan edib ki, sərhəddə baş vermiş növbəti gərginliyə görə, bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Göründüyü kimi, dekabrın 15-də Brüsseldə gözlənilən görüş ərəfəsində Ermənistandakı revanşist qüvvələr vəziyyəti yenidən gərginləşdirməyə çalışır, hərbi təxribatlara əl atırlar.

Xatırladaq ki, Ermənistan parlamentarilərinin qanunsuz olaraq Xankəndiyə səfəri Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin Stokholmdakı görüşünün baş tutmaması ilə nəticələndi. Azərbaycan məhz bu təxribatçı hərəkətə görə görüş qərarından vaz keçdi. Ekspertlərin fikrincə, İrəvanın məqsədi aydındır. Ermənistan münaqişənin bitmədiyini, Qərbin timsalında yeni vasitəçilərə ehtiyac duyulduğunu qabartmaqla üçtərəfli bəyanatların icrasından boyun qaçırmaq istəyir.

Növbəti erməni provokasiyası ilə bağlı “Şərq”ə danışan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev deyib ki, Ermənistanın məqsədi bizə aydındır. Ona görə də İrəvandan konkret tələb etməliyik ki, təxribatlara son qoyaraq yekun sülhə imza atsın. Əks halda Azərbaycan hərbi əməliyyatlarını davam etdirməlidir. Partiya sədrinin sözlərinə görə, beynəlxalq hüquqa əsasən haqqımız çatır ki, ərazimizi təhdid edən nöqtələri zərərsizləşdirək:

 “Sərhəd təxribatlarının Qarabağa dəxli yoxdur və bunlar müharibə səbəbidir. Xəbərdarlığımız çox ciddi olmalıdır. Kəlbəcərdən olan vətəndaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev ermənilərin girovluğunda olanda demişdim ki, məsələnin həlli müharibədən və torpaqlarımızın azadlığından keçir. Bildirmişdim ki, beynəlxalq təşkilatlara şikayət etməyin mənası yoxdur. İndi də o fikirdəyəm ki, üzləşdiyimiz problemlərin köklü həlli Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanımasına məcbur etməkdən asılıdır. Sülhə məcburetmə əməliyyatları qaçılmazdır. Ermənistan tərəfi zaman-zaman müxtəlif bəhanələrlə sərhəddə təxribata əl atır. İrəvan hökuməti isə bunu üzərindən atmağa çalışır. Düşünürəm ki, indiki təxribat Soçi görüşündən sonra Brüsselə əliboş gedən Ermənistanın baqaj hazırlığıdır. Azərbaycan daxilində “Qarabağ münaqişəsi” deyilən bir məsələ yoxdur. Burada yeni rıçaqlar hazırlamaq mümkün deyil ki, müharibə dönəmində oyundan kənarda qalan böyük güclər yeni rıçaqlardan istifadə etməklə bölgəyə qayıtsınlar. İndi həmin güclər Ermənistana sifariş veriblər ki, təxribatlarına davam etsin. Təxribat üçün isə sərhəd seçilir və iki dövlət arasında hansısa vasitəçiyə, sülhməramlılara ehtiyac yarandığı görüntüsünü imitasiya etmək istəyirlər”. 

F.Quliyev vurğulayıb ki, Soçi görüşündə Nikol Paşinyan bir çox məqamlara məcbur edildi: 

“İrəvan hökuməti görüşdə qəbul olunan bəyanatın iki bəndinə - sərhədlərin müəyyənləşməsi və regional kommunikasiyaların bərpası məsələsinə münasibət bildirmək məcburiyyətində qaldı. Ötən gün də Zəngəzur dəhlizinin açılması və sərhədlərin müəyyənləşməsi məsələsində geriyə yol olmadığı etiraf edildi. 

O səbəbdən sərhəd təxribatları sayəsində kənar oyunçuları prosesə cəlb etməyə cəhd göstərirlər. İrəvan qeyri-müəyyənlik yaratmaqla sərhədlərin delimitasiyasını yubatmaq və hələlik “təmas xətti”ni saxlamaq fikrindədir. “Təmas xətti” faktoru xarici gücləri bölgəyə dəvət etmək üçün kilidin açarıdır. 

Hazırda Paşinyan iki stulda oturmaqla həm Rusiya, həm də Qərblə oynayır. Hərbi məsələlərdə dəstəyi Moskvadan, maliyyə yardımını isə Qərbdən istəyir”.