Bütün güclərini səfərbər ediblər

Fransanın Cənubi Qafqaz regionuna nüfuz etməklə bağlı ciddi planları mövcuddur

Fransa Qarabağdakı separatçılardan istifadə edərək, bölgədə gərginliyi artırmağa çalışır. Bu dəfə Paris meri Enn İdalqonun və Strasburq meri Janna Barseqyanın müşayiəti ilə İrəvandan yola çıxan "humanitar yüklə" dolu 10 maşın Laçın sərhədinə gəlib. Ancaq fransızlar məkrli istəklərinə çata bilməyiblər. Laçın “post”undan buraxılmayan Fransaya məxsus avtomobillər bundan öncə əraziyə yük daşımaq adı ilə gətirilən “Spayka” avtomobillərinin sırasına qoşulub. Fransanın Azərbaycandakı səfiri Enn Buayon Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və etiraz notası səfirə təqdim edilib. 

Fransa tərəfinin bu addımlarının Azərbaycanın daxili işlərinə birbaşa müdaxilə olmaqla yanaşı, ölkəmizin beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı qəsd olduğu vurğulanıb. Qeyd olunub ki, Ermənistanın yalan və manipulyasiya kampaniyasına alət olan bu təxribatçı əməllər bölgədə vəziyyətin gərginləşməsinə yönələn və Fransa tərəfindən Ermənistanı revanşist mövqeyini davam etdirməyə həvəsləndirən və son günlər daha da intensivləşən addımların növbəti nümunəsidir. Kövrək normallaşma prosesini təhlükə altına alan addımlara son qoyulması Fransa tərəfindən təkidlə tələb olunub. Xatırladaq ki, “Spayka” avtomobilləri Ermənistan tərəfindən Qarabağdakı erməni əhaliyə “yardım” üçün sərhədə gəlib. Lakin Azərbaycanın razılığı olmadığı üçün həmin vaxtdan orada gözləyir. 
  
Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a açıqlamasında bildirib ki, Fransanın daimi ermənipərəst mövqe sərgiləməsində ən önəmli faktor həmin ölkədə fəaliyyət göstərən erməni lobbisidir. Deputatın sözlərinə görə, məhz erməni lobbisinin təsir və təzyiqləri nəticəsində Fransa hökuməti, rəsmiləri anti-Azərbaycan siyasəti həyata keçirirlər: 

"Fransada erməni lobbisi çox güclü və fəaldır. Davamlı olaraq ölkəmiz əleyhinə müxtəlif addımlar atırlar. Erməni lobbisi Prezident E.Makrona da təsir göstərmək gücündə, imkanındadır. Makron administrasiyası bu məsələdə çox aktivdir. Fransa prezidenti ilə Ermənistan baş naziri arasında yüksək münasibətlər var. Əlbəttə, digər məqam Fransanın öz maraqları ilə bağlıdır. Rəsmi Parisin Cənubi Qafqaz regionuna nüfuz etməklə bağlı ciddi planları mövcuddur. Ona görə də bütün güclərini səfərbər ediblər. Lakin gec-tez başa düşəcəklər ki, pozucu addımların perspektivi yoxdur. Azərbaycan sonadək özünü və haqlı mövqeyini müdafiə edəcək və yekunda mütləq öz məqsədinə, məramına birmənalı nail olacaq".