Camış ferması, səfirin Naxçıvan səfəri, İsraildən alınan yeni silahlar...

May ayında İranın narahatlığını bölgə üzərində gərginləşən qlobal rəqabətdən qaynaqlandığını yazmışıq, ondan sonrakı yazılarımızda da bu fikirləri inkişaf etdirmişik. 
Ötən gün yayımlanan informasiya bu mövqeyimizi gücləndirmək üçün bizə əlavə əsaslar verir. 
Azərbaycan İsraildən 2 milyard dollarlıq silah alır. İnformasiyada rəsmi çəki olmasa da, böyük ehtimal ki, diplomatik kanallardan mətbuata sızdırılmış məlumatlar əsasında hazırlanıb. 
Məlumatda silah tədarükünün növbəti mərhələsinin başlanması üçün iki amil göstərilir: 
Birinci Azərbaycan-Ermənistan sərhədində artan gərginlik, ikinci, İsraildə Azərbaycanın ticarət-turizm ofisinin açılmasından sonra münasibətlərin sıxlaşması. 

İkinci amil postmüharibə dövrünün şərtlərinin diktə etdiyi yeni münasibətlər sistemidir. Ona görə, bu faktor üzərində fokuslanmadan, birinciyə köklənəcəyəm. 

2021-ci ilin başlanğıcından etibarən İsrail Azərbaycanda fəaliyyətini daha da genişləndirib, ikitərəfli əməkdaşlıq nəticəsində İsrailin “Meteor Aerospace” şirkəti Xəzər Gəmiqayırma Şirkəti ilə birgə müəssisə yaradıb, müəssisə “Caspian Meteor” adlanır (bu barədə geniş yazımız olub). 
Digər tərəfdən, İsrail Zəngilanda camış ferması açır, Zəngilan Ermənistanla yanaşı, İranla da sərhəddir...
İntensiv diplomatik fəaliyyət Naxçıvana da sirayət edib, İsrailin Azərbaycandakı səfiri Corc Dik Naxçıvanda atışmaların baş verdiyi zamanda muxtar respublikada olub... Naxçıvan da İranla sərhəddir. 

İnformasiyada Azərbaycanın sərhəd təxribatlarına görə İsraildən silah alacağının göstərilməsi o deməkdir ki, həmin silahlar sərhədə yerləşdirilə bilər. 
İranın son zamanlar narahatlığının bir səbəbi də budur... 

Aqşin Kərimov