- Dəniz sahili çəpərlənir, sahil boyunca hündür hasarlar hörülür
- "İctimai nəzarətlə məşğul olanlara deyirəm, əgər cəsarətləri varsa, hündür hasarların sökülməsinə, çəpərlənmiş ərazilərin xalqa qaytarılmasına nail olun"
Yay mövsümünün illərdir həll olunmayan problemlərindən biri də ictimai çimərliklər məsələsidir. Hazırda Xəzər sahilinin sahibkarlar tərəfindən zəbt edildiyi sirr deyil. Və zəbt olunmuş zonaların əhatəsi getdikcə böyüyür. Kimsə iddia etmir ki, utopik sosializm qanunları işləsin və hər şey pulsuz olsun.
Məsələ, vətəndaşlara seçim imkanının tanınmasıdır. Bu da həm ödənişli, həm də ödənişsiz - ictimai çimərliklərin olmasıdır. Amma hazırda bu məsələ birtərəfli qaydadadır. Sahili zəbt edir, çəpərə alır, “besedka”, çətir quraşdırır, hətta əraziyə vətəndaşı məcbur edrilər ki orada satılan su, şirə və ya hansısa qida məhsulunu alsınlar. Hətta girişi məhdudlaşdırmaq üçün xəndək də qazırlar. Novxanı çimərliyində belə bir halın yaşandığına dair görüntülər sosial şəbəkələrdə yayılıb. 
Vətəndaşlar gileylənir ki çimərliyə daxil olmalarının qarşısını almaq üçün xəndəklər qazılıb. İmkan vermirlər ki, vətəndaşlar sahilin hansısa hissəsində dincəlsin. Məcbur edirlər, çimərliyə gələn çətirlər və “besetka” olan ərazidə əyləşsin ki pul ödəməli olsun.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Sherg.az”a açıqlamasında bildirdi ki, ölkədə neçə ildir ictimai nəzarət təşəbbüsü mövcuddur. Amma ictimai nəzarət təşəbbüsü ilə bəzi insanlar öz maraqlarına çatmaq üçün rüşvət aldılar, həbsə düşənlər də oldu. Yenə də belə təşəbbüslər var: 
- Mən ictimai nəzarətlə məşğul olmaq istəyən qruplara demişəm ki ilk növbədə siz dənizin hasarlanmasının qarşısını almalısınız. Dəniz ümümxalq mülkiyyətidir. Xalqa məxsus olmalıdır. Hərə bir yerdə sahili hasarlayıb, boş yer qalmayıb. Dəniz həvəskarı olaraq br çox ölkələrdə olmuşam, çimərliklərə də getmişəm. Ən qatı kapitalist ölkəsində də həm ödənişli, həm də ödənizsiz, pulsuz çimərliklər olduğunu görmüşəm, hansına ki vətəndaşlar heç bir ödəniş etmədən gedir, istirahət edirlər. Türkiyədə də belədir. Bələdiyyə əraziləri var və orada pulsuz çimərliklər fəaliyyət göstərir. İnsanlar sahildə çadır qurur, hətta gecələyirlər də. Ölkəmizdə bu sahədə anormal hal hökm sürür. Dəniz sahili çəpərlənir, sahil boyunca hündür hasarlar hörülür. İctimai nəzarətlə məşğul olanlara deyirəm, əgər cəsarətləri varsa, hündür hasarların sökülməsinə, çəpərlənmiş ərazilərin xalqa qaytarılmasına nail olun. O zaman insanların sizə inamı da artar. Çox təəssüf ki təbiətin yaratdığı Xəzər dənizi ictimaiyyət üçün açıq deyil, üstəlik giriş üçün pul alanlar kassa çeki vermir, vergidən yaynma baş verir. Hazırda bizim xarici ölkədən qonağımız var, sabah çimərliyə aparacam və onun belə bir vəziyyəti görüb təəccüblənəcəyini də indidən bilirəm. Bu hal turizmin inkişafına da böyük maneə törədir. Bələdiyyələr bu məsələdə iş görməlidir. Dəniz sahili bələdiyyələrə həvalə olunmalıdır, ictimai çimərliklər yaradılmalı, əgər hər hansı ödənişli xidmət növü olarsa da, kassa çeki verilməli və ödənişlər bələdiyyələrin büdcəsinə oturmalıdır. Bu sahədə normal infrastruktur yaradılmalıdır. Təəssüf ki dövlət orqanları bu məsələyə hələ də diqqət ayırmır, hər yay mpvsümündə biz vətəndaşların çimərliklərdən istifadəsində problem yaşadığına şahid oluruq.