Daha sülhə məcbur olacaqlar

Ermənistan onlara verilən zamanı düzgün dəyərləndirmədi

Ordumuz mülki əhali və infrastruktur obyektləri hədəfə almır, yalnız legitim hərbi hədəfləri sıradan çıxarır


Qarabağda genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin hərbi infrastrukturunun zərərsizləşdirilməsi, mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Müdafiə Nazirliyinin məlumatına görə, tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır: 

"Bir daha bildiririk ki, mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır. Keçirilən tədbirlər barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılıb". Nazirlik qeyd edib ki, son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub. Məlumatda bildirilib ki, bu xüsusda, döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması kimi əməllər tərəfimizdən aparılan müşahidələrlə təsbit edilib və antiterror tədbirləri qaçılmaz olub. Müdafiə Nazirliyi onu da diqqətə çatdırıb ki, Azərbaycan qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunacaq: “Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaq. Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb”.   
  
Nazirlik əlavə edib ki, Azərbaycan Ordusunun mülki obyektləri atəşə tutması barədə erməni resurslarının məlumatları tamamilə yalandır: "Bəzi erməni sosial media resurslarında, guya, Azərbaycan Ordusunun bölmələrinin mülki obyektləri atəşə tutması barədə yayılan məlumatlar tamamilə yalandır, dezinformasiya xarakteri daşıyır". 
  
Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında da vurğulanıb ki, bölgədə sülhə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Qarabağ bölgəsindən çıxarılmasıdır: “Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır”. Məlumat üçün qeyd edək ki, dünən müdafiə naziri general-polkovnik Zakir Həsənovla türkiyəli həmkarı Yaşar Güler arasında telefon danışığı olub. Z.Həsənov Qarabağdakı lokal xarakterli antiterror tədbirləri barədə Türkiyə müdafiə nazirini məlumatlandırıb. Yaşar Güler Türkiyənin hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu bildirib. 
  
Rusiya Xarici İşlər Nazirliyi də Azərbaycanın Qarabağda lokal xarakterli antiterror əməliyyatına başlamasını elan etməsinə münasibət bildirib. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan tərəfi ilə təmasların getdiyini söyləyib: “İkinci məqam isə təmasların yekununda Rusiya XİN-in xətti ilə müvafiq bəyanat veriləcək. Xəbərdarlığa gəldikdə isə biz Azərbaycan tərəfindən məlumat alırıq". Rusiya XİN sözçüsü Ermənistan və Azərbaycan arasında sülhə razılaşdırılmış və kağız üzərində olan yol xəritələrinin həyata keçirilməsi ilə nail olmağın mümkün olduğunu söyləyib: “Vəziyyəti həll etmək üçün nə etmək lazım olduğunu bilirik: razılaşmaları icra etmək və vəziyyəti təhrik etməməmək lazımdır”. 
  
Rusiyalı hərbi-siyasi analitik Yevgeni Mixaylov bildirib ki, Azərbaycanın Qarabağda antiterror tədbirləri keçirməsi qərarı gözlənilən idi. Çünki rəsmi Bakının səbr kasası daşmışdı. Onun sözlərinə görə, İrəvan və Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri müntəzəm olaraq regionda, iki ölkənin sərhədində təxribatlara əl atırdılar: "Ermənistanı onun qərbli müttəfiqləri təhrik edir. Azərbaycan Rusiya tərəfinin keçirdiyi antiterror əməliyyatı barədə xəbərdar edib. Çox güman ki, Azərbaycan tərəfi fəaliyyətində sülhməramlı kontingentlə razılaşdırmalar aparır. Bu razılaşdırmalar Qarabağın dinc erməni sakinlərinin təhlükəsizliyinin təmin olunması ilə bağlıdır. Azərbaycan tərəfi ancaq hərbi infrastruktura zərbələr endirir. Bakı nəhayət ki, bu məsələyə nöqtə qoymaq qərarına gəlib. Ermənistan 2020-ci ildə üçtərəfli razılaşmanı imzalamasına baxmayaraq, faktiki onları icra etməyib. İrəvan regiona üçüncü oyunçuları cəlb etmək, Rusiyanın və onun sülhməramlı kontingentinin fəaliyyətini nüfuzdan salmaq üçün hər cür səy göstərib. Amerikalılarla birgə hərbi təlimlər keçirərək İrəvan müttəfiqinin kim olduğunu sübut edib. Bu isə nə Moskvanı, nə Bakını, nə də Tehranı qane edir". 
  
Azad Vətən Partiyasının sədri Akif Nağı deyib ki, Ermənistan onlara verilən zamandan düzgün və səmərəli istifadə etməyi bacarmadı. A.Nağının sözlərinə görə, 2020-ci ilin noyabr ayından bu yana ermənilərə çox güzəştlər edilib. Həm İrəvan hökumətinə, həm də Qarabağdakı ermənilərə hədsiz güzəştlərimiz olub: "Gözləmişik ki, bəlkə yola gələrlər, düzgün seçim edərlər və haqlı mövqeyimizi qəbul edərlər. Ancaq bunu etmədilər və müxtəlif oyunlar oynadılar. Paşinyan hökuməti də, Qarabağdakı erməni tör-töküntüləri də min-bir oyundan çıxdılar. Separatçı rejim özünü "tərəf" kimi göstərməyə çalışdı, iddialarla çıxış etdi, şərtlər irəli sürdü. Son günlər davamlı təxribatlara əl atırlar, mövqelərimizi atəşə tuturlar, saysız minalar basdırıblar. Müharibədən indiyədək 350-dən artıq vətəndaşımız mina partlayışının qurbanına çevrilib. Bununla yanaşı, humanitar yüklərin çatdırılmasına maneçilik törədirlər, yolu bağlayırlar və s. Rəsmilərin vurğuladığına görə, Qarabağda 10 min erməni silahlı dəstəsi var. Onların hamısı məhv olunmalı, zərərsizləşdirilməlidir. Azərbaycan düzgün addım atır. Beynəlxalq təşkilatların, xarici dövlətlərin hansısa qərəzli açıqlaması, bəyanatı bizi maraqlandırmır. Öz dövlət maraqlarımız və mənafeyimiz var. Suverenliyimizi və təhlükəsizliyimizi bərpa etmək üçün antiterror tədbirləri qaçılmaz idi. Cinayətlərdə iştirak etməyən ermənilər torpaqlarımızda yaşaya bilərlər. Əgər istəmirlərsə, rədd olub getsinlər. Bizim ərazimizdə terrorçulara, separatçılara yer yoxdur".