Dəm qazı canlar alır!  - Deputat “Vətəndaşlar laqeyd yanaşmasınlar” dedi

 Musa Quliyev:“Bir ara televiziyalarda sosial reklamlar olurdu, indi rast gəlmirəm”

“Xəbərdaredici elanlar edilməlidir ki, tüstü boruları həmişə açıq, cihazlar isə saz vəziyyətdə olmalıdır” 

Ötənlərdə Qusar rayonunda bir evdən beş nəfərin meyiti tapılıb. APA-nın şimal bürosunun xəbərinə görə, hadisə şəhər ərazisində qeydə alınıb.Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, onlar dəm qazından boğularaq ölüb.
Son zamanlarda dəm qazından zəhərlənmə faktları çoxalıb. Hətta ölüm ilə nəticələnənlər var. Bununla bağlı əhali tibbi məlumatlar verilir. Sosial maarifləndirmə də aparılır. İnsanları diqqətli olmağa çağırırlar. Ancaq bu tədbirlər zəhərlənmə hallarının qarşısını ala bilmir. Görünür, yuxarı insatansiyaların tədbir görməsinə ehtiyac var.

Məsələ ilə bağlı "Sherg.az"a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev hazırda bu məsələyə baxıldığını qeyd edib:

"Qaz təchizatının yaxşılaşdırılması və təhlükəsizliyi ilə bağlı müəyyən tədbirlər görülməsi üçün qanunvericilikdə dəyişikliklər olunur. Zəhərlənmənin əsas səbəbi tüstü borularının vaxtında təmizlənməməsi, bacaların işlək vəziyyətdə olmaması və qızdırıcı cihazların standartlara uyğun gəlməməsidir. İstər FHN, istər də qaz təchizatı ilə məşğul olan əməkdaşlar mütəmadi olaraq profilaktik yoxlamalar keçirməlidilər. Həm fiziki, həm də hüquqi şəxslər məsuliyyət daşımalıdır. Bu işin hüquqi və inzibati tərəfidir".

Komitə sədri bildirib ki, maariflənmə ilə bağlı ciddi işlər görmək lazımdır:

"Vətəndaşlarımıza hər payız fəslində daim bunu xatırlatmaq gərəkir. Bir ara televiziyalarda sosial reklamlar olurdu, indi rast gəlmirəm. Xəbərdaredici elanlar edilməlidir ki, tüstü boruları həmişə açıq, cihazlar isə saz vəziyyətdə olmalıdır. Gecə vaxtı söndürülsə, yaxşı olar. Vətəndaşlar özləri laqeyd yanaşmamalıdır. Qızdırıcı cihazları eyvan kimi yaşayış məkanından kənarda olan yerlərdə və açıq havada qoymalıdırlar. Maarifləndirmə çox ciddi rol oynayır, nəin ki, inzibati cərimələr və ya hüquqi yoxlamalar".

Cəmilə ƏZİM