ABŞ Müharibə Departamenti (Pentaqon) son həftələrdə NATO-nun bir sıra ölkələrinə, ilk növbədə, Baltikyanı dövlətlərə Rusiyaya qarşı sərt bəyanatlarının Avropanın təhlükəsizliyinə zərər vurduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadla məlumat yayıb.
ABŞ rəsmiləri Estoniya, Latviya və Litva nümayəndələri ilə ikitərəfli görüşlərdə ritorikanın yumşaldılmasının vacibliyini vurğulayıblar. “Reuters” yazıb ki, bu xəbərdarlığın digər Avropa ölkələrinin hökumətlərinə çatdırılıb-çatdırılmadığı məlum deyil. Pentaqon isə ikitərəfli görüşlərin məxfiliyini əsas gətirərək, agentliyə şərh verməkdən imtina edib.
“Reuters” qeyd edib ki, görüşlər zamanı ABŞ nümayəndələri sərt mövqe nümayiş etdirməyiblər. Bununla belə, agentliyə danışan avropalı rəsmilərdən biri ABŞ-nin bu xahişini “çaşqınlıq doğuran” adlandırıb.