Deputata ETİRAZ: Ziyalılar və müəllimlər “bacarıqsız” hesab edilə bilməz

İqtisadçı Xalid Kərimli: “Maaş disbalansı fərdin günahı deyil, iqtisadi modelin nəticəsidir”

Milli Məclisin deputatı Səyyad Aran cəmiyyətdə maaş və qazanc mövzusu ətrafında yaranan tənqidlərə münasibət bildirib. O, insanların qazancına görə müzakirə olunmasını düzgün saymadığını deyib.

Deputat “RTV”yə müsahibəsində qeyd edib ki, şəxsi gəlir üzərindən insanların dəyərləndirilməsi doğru yanaşma deyil: “Mən günahkaram ki, kimsə 300-500 manat maaş alır? İnsan zəhmət çəkib oxuyar, ali təhsil alar, işlədiyi yerdə fərqlənər, yeni ideyalarla çıxış edər. Cəmiyyətdə orta yaşayan da var, kasıb da var, bir az yaxşı yaşayan da var. Kimisi istedadı ilə irəli çıxır, mükafat alır. Hamı bunu edə bilmirsə, onda susub oturmalıdır”.

Qeyd edək ki, Prezidentin martın 19-da imzaladığı fərmana əsasən, Azərbaycan hökuməti məmur heyəti üçün yeni maaş məbləğləri müəyyən edib. Rəsmi sənədlərə əsasən, Milli Məclis rəhbərliyi və deputatların maaşlarında artım olub. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna edilən dəyişikliklə parlament sədrinin aylıq vəzifə maaşı 3 550 manatdan 17 000 manata qaldırılıb.

Dəyişikliklərə əsasən, sıravi deputatların aylıq vəzifə maaşının da təxminən 9 000 manat səviyyəsində olduğu bildirilir. Bundan əvvəl deputatların aylıq əmək haqqı 2485 manat olub.

Bu səbəbdən deputatın aşağı maaş alan vətəndaşların vəziyyətini yalnız fərdi səylərin azlığı ilə əlaqələndirməsi sosial şəbəkələrdə ciddi narazılıq doğurub.

İnsanlar haqlı olaraq, 300-500 manat maaş alan müəllimin, tibb işçisinin və ya elmi işçinin gəlir səviyyəsini yalnız "zəhmət çəkməməklə" izah etmək nə dərəcədə ədalətlidir? kimi suallar verir. Ölkədə qeyri-neft sektorunun zəif inkişafı, əmək məhsuldarlığının aşağı olması və resursların qeyri-bərabər bölgüsü kimi struktur problemləri kənara qoyaraq, məsuliyyəti yalnız fərdin üzərinə yükləməyin populizm olduğunu qeyd edirlər. 

Mövzunu şərh edən iqtisadçı Xalid Kərimli Sherg.az-a bildirib ki, deputatın fikirlərində fərdi inkişaf və təhsilin vacibliyi ilə bağlı müəyyən həqiqət payı olsa da, məsələyə daha geniş iqtisadi kontekstdən yanaşmaq lazımdır. İqtisadçı hesab edir ki, Azərbaycanda əməkhaqqı səviyyəsinin aşağı olmasını yalnız fərdi bacarıqsızlıqla əlaqələndirmək obyektiv yanaşma deyil:

İnkişaf etmiş ölkələrlə müqayisədə eyni fiziki əməyi görən şəxslərin (ofisiant, fəhlə və s.) qazancındakı kəskin fərq bir reallıqdır. Bu, həmin ölkələrin ümumi iqtisadi rifahı və xidmət sektorunun dəyərləndirilməsi ilə bağlıdır. Bizdə analoji işlərin xidmət haqqının aşağı olması fərdin "bacarıqsızlığı" deyil, bazarın təklif etdiyi qiymət və alıcılıq qabiliyyətinin nəticəsidir.

Yüksək ixtisaslı kadrların, məsələn müəllimlərin, elmlər namizədlərinin və digər peşə sahiblərinin gəlirlərinin aşağı olması isə əmək məhsuldarlığının aşağı olması ilə bağlıdır. 

Dövlət sektorunda əmək məhsuldarlığı yüksəkdir, lakin maaşlar dövlət büdcəsinin imkanları ilə məhdudlaşır. Qeyri-neft sektorunda isə inkişaf və diversifikasiya istənilən səviyyədə deyil. İqtisadiyyat real sektor hesabına böyümədikcə, ümumi əmək məhsuldarlığının və buna mütənasib olaraq maaşların artması çətindir”.

X.Kərimli qeyd edib ki, əməkhaqları arasındakı disbalans resursların hansı sahələrə yönəldilməsi ilə birbaşa əlaqəlidir. Onun sözlərinə görə, hazırda resursların böyük hissəsi neft-qaz və maliyyə sektoruna yönəldiyi üçün bu sahələrdə gəlirlər yüksəkdir: “Lakin qeyd etdiyim kimi sosial əhəmiyyət kəsb edən təhsil, səhiyyə və sosial xidmət sahələrində maaşların aşağı olması bu sektorlardakı insanların "məsuliyyətsizliyi" deyil, iqtisadi modelin prioritetləri və büdcə bölüşdürülməsinin nəticəsidir. İqtisadi rifahın yüksəlməsi üçün fərdləri ittiham etmək deyil, qeyri-neft sektorunu inkişaf etdirmək, iqtisadiyyatı diversifikasiya etmək və əmək məhsuldarlığını artıracaq islahatlara fokuslanmaq lazımdır. Peşəkar kadrları, xüsusən də ziyalı təbəqəni bacarıqsız adlandırmaq problemi həll etmir, əksinə, sosial ədalət prinsipinə kölgə salır”.