Eldəniz Cəfərov: “Gecələr işləyən yük maşınları təhlükənin gizli mənbəyidir”
2025-ci ildə avtomobil nəqliyyatından atmosfer havasına atılmış çirkləndirici maddələrin miqdarı 2024-cü illə müqayisədə 12,8 faiz artaraq 959,8 min ton olub. Bu barədə Dövlət Statistka Komitəsi məlumat yayıb. Bildirilir ki, avtomobil nəqliyyatından atmosfer havasına atılmış çirkləndirici maddələrin 67,3 faizini karbon oksidləri, 16,3 faizini karbohidrogenlər, 14,6 faizini azot oksidləri, 1,8 faizini isə digər maddələr təşkil edib. 
Paytaxtdakı nəqliyyat durumuna baxsaq, köhnə avtomobillər çox az qalıb, ictimai nəqliyyatda da ekoloji təmiz avtobuslar çoxluq təşkil edir. Elə isə havaya atılan zəhərli qazların miqdarı niyə azalmır?
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov isə Sherg.az-a açıqlamasında bildirdi ki, atmosferə atılan zəhərli qazların həcminin minimallaşdırılması üçün dövlət stimullaşdırıcı xeyli addımlar atıb: 
- Ekoloji təmiz nəqliyyat vasitələrinin ölkəyə idxalına güzəştlər tətbiq edildi, köhnə avtomobillərin, (xüsusən taksilər və avtobuslar) istismardan mərhələli şəkildə çıxarılması, ictimai nəqliyyatda elektrobusların tətbiqi, dizel yanacağı ilə işləyən avtobusların da tədricən xətlərdən çıxarılması prosesi davam edir. Amma bir nüans var ki, atmosferə zəhərli qazlar yalnız avtomobillər tərəfindən atılmır. Burada biz yük avtomobillərini də nəzərə almalıyıq. Yük avtomobilləri gün ərzində, əsasən sutkanın gecə saatlarında işləyir və bunlar dizel mühərrikli nəqliyyat vasitələridir və atmosferə zəhərli qazlar buraxırlar. Tikintidə, sənayedə bu nəqliyyat vasitələri istismar olunur. Nə qədər ki, bu cür nəqliyyat vasitələri istismardan çıxarılmayıb zəhərli qazların miqdarını azaltmaq çətin olacaq.