“Ələt-Qars xətti gerçək hədəfdir - TƏHLİL

Ekspert Overçukun açıqlamasını manipulyasiya adlandırdı

"Ermənistanın blokadadan çıxması prosesindən asılı olmayaraq, Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu xəttinin tikintisi artıq həyata keçirilir”.

Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk TASS-a müsahibəsində bildirib.

O deyib ki, Vaşinqtonda Bakı-İrəvan sənədlərinin imzalanmasından cəmi bir neçə gün sonra Türkiyə Azərbaycan istiqamətində yol çəkməyə başlayıb.

Overçukun fikrincə, Azərbaycan və Türkiyə arasında birbaşa dəmir yolu əlaqəsinin mövcudluğu onlar üçün ayrıca strateji əhəmiyyət daşıyır. O qeyd edib ki, bu layihənin ideyası Ermənistanın blokadadan çıxarılması mövzusu praktik müstəviyə keçməzdən xeyli əvvəl işlənib hazırlanıb: “Azərbaycanın Naxçıvanın qərb hissəsində Türkiyə ilə çox qısa - təxminən 17 km-lik ortaq sərhədi var. Bu məsafə birbaşa dəmir yolu çəkərək Azərbaycanı Türkiyə ilə bağlamaq üçün kifayətdir. Bunun üçün həmin sərhəddən Türkiyənin Qars şəhərinə qədər 224 km uzunluğunda yeni dəmir yolu tikilməlidir”.

Baş nazir müavini qeyd edib ki, Türkiyə və Azərbaycanda bu layihə üzrə çoxdan hazırlıq işləri aparılır, texniki sənədlər hazırlanıb, müvafiq danışıqlar aparılıb. Layihəyə təxminən 2,8 milyard ABŞ dolları ayrılıb. İki xəttin tikilməsi planlaşdırılır ki, bu da ildə 15 milyon ton yük və 5,5 milyon sərnişin daşınmasına imkan verəcək.

Layihə çərçivəsində çoxlu sayda körpülər, estakadalar, tunellər, yeraltı keçidlər və digər mühəndis qurğuları tikiləcək və bu, müasir dəmir yolu olacaq: “Bundan əlavə, birbaşa yolun üstünlüyü ondadır ki, Türkiyəyə çatmaq üçün iki deyil, yalnız bir beynəlxalq sərhəd keçmək lazım gələcək.

Nəqliyyat və logistika üzrə mütəxəssis Rauf Ağamirzəyev Sherg.az-a açıqlamasında bildirib ki, Aleksey Overçuk məsələni qismən manipulyativ formada təqdim edib. Onun sözlərinə görə, Zəngəzur dəhlizi anlayışı təkcə ayrı-ayrı hissələrdən ibarət layihə deyil, Ələt limanından Türkiyənin Qars şəhərinə qədər uzanan və üç ölkənin ərazisini əhatə edən geniş nəqliyyat marşrutunu ifadə edir.

Mütəxəssis qeyd edib ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə nəqliyyat infrastrukturunun bərpasına 2021-ci ildən başlayıb və bu çərçivədə Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi sürətlə davam etdirilir, layihənin bu il başa çatdırılması planlaşdırılır:

“Paralel olaraq, 2024-cü ildən Ələt–Osmanlı istiqamətində dəmir yolunun əsaslı təmirinə start verilib və işlərin gələn ilin ortalarında yekunlaşacağı gözlənilir. Osmanlı–Horadiz xəttində də yenidənqurma işləri aparılır və bu mərhələnin 2028-ci ildə tamamlanması nəzərdə tutulur.

Naxçıvan istiqamətində də mühüm addımlar atılır. Ordubaddan Ermənistan sərhədinə qədər olan hissədə tikinti işlərinə başlanılıb, ümumilikdə isə muxtar respublikanın dəmir yolu şəbəkəsinin modernizasiyası həyata keçirilir. Sədərəkdən Türkiyə istiqamətində yeni dəmir yolu xəttinin çəkilişi də davam edir”.

R. Ağamirzəyev qeyd edib ki, Türkiyə ərazisində isə Qars–İğdır–Dilucu dəmir yolu xətti üzrə ilkin layihələndirmə işlərinə hələ 2018-ci ildə başlanılıb:

“Uzunluğu 224 kilometr olan bu xəttin tikintisinin 2029–2030-cu illərdə başa çatdırılması planlaşdırılır. Ötən illər ərzində layihənin texniki-iqtisadi əsaslandırılması və maliyyələşmə mənbələrinin müəyyənləşdirilməsi istiqamətində ciddi işlər görülüb və artıq tikinti mərhələsinə keçilib”.

Ekspert vurğulayıb ki, Zəngəzur dəhlizinin illik potensialı təxminən 5,5 milyon sərnişin və 15 milyon ton yük daşınması səviyyəsində qiymətləndirilir: 

“Bu dəhliz Cənubi Qafqaz üzrə mövcud dəmir yolu və avtomobil şəbəkələrini tamamlayan mühüm nəqliyyat arteriyası kimi çıxış edir. Marşrutun 43 kilometrlik hissəsi Ermənistan ərazisindən keçir və ötən ilin avqustunda Vaşinqtonda əldə olunmuş razılaşmaya əsasən bu seqment TRİİP adlı mexanizm çərçivəsində idarə olunacaq. Burada ABŞ və Ermənistanın birgə şirkətinin iştirakı nəzərdə tutulur.

R. Ağamirzəyev həmçinin əlavə edib ki, alternativ marşrut kimi nəzərdə tutulan Araz dəhlizi üzrə də işlər davam edir. Bu çərçivədə Araz çayı üzərində avtomobil körpüsü artıq inşa olunub, martın 20-də açılışı nəzərdə tutulsa da, regionda baş verən gərginliklər səbəbindən açılış təxirə salınıb:

“Fikrimcə, hazırda regionda baş verən geosiyasi proseslər, o cümlədən dəniz daşımalarında yaranmış çətinliklər, həmçinin şimal və cənub qonşu ölkələrin müharibə və sanksiyalarla üzləşməsi Azərbaycan və ümumilikdə Cənubi Qafqazdan keçən nəqliyyat marşrutlarına marağı əhəmiyyətli dərəcədə artırır. “Hər yeni yol yeni imkan, yeni fürsət deməkdir”. Bu layihələrin icrasına nə qədər tez başlanılsa, region ölkələrinin də bir o qədər tez iqtisadi dividendlər əldə etməsinə şərait yaranacaq”.