"Ərdoğan ikinci turda çox böyük üstünlüklə qalib olacaq"

Mayın 14-də Türkiyədə keçirilən prezident və parlament seçkilərinin nəticələri bəlli oldu. Ölkənin hazırkı prezidenti, "Cümhur İttifaqı"nın namizədi Rəcəb Tayyib Ərdoğanın 49,51 faiz, CHP lideri, "Millət İttifaqı"nın namizədi Kamal Kılıçdaroğlunun 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğanın isə 5,14 faiz səs topladığı açıqlandı. Prezident seçkilərinin ilk turunda heç bir namizəd mütləq səs çoxluğu (50+1) qazana bilmədiyi üçün seçki ikinci tura qaldı. Türkiyə Ali Seçki Qurumunun açıqlamasına görə, iki həftədən sonra, mayın 28-də ikinci tur keçiriləcək. 

Seçkinin ikinci raundunda Ərdoğan və Kılıçdaroğlu yarışacaq, ən çox səs toplayan namizəd Türkiyə prezidenti postuna yiyələnəcək. Parlament seçkilərində isə “Cümhur İttifaqı” 322, “Millət İttifaqı” 213, “Əmək və Azadlıq İttifaqı” isə 65 deputat mandatı qazanıb. Seçkilərdə baryer 7 faiz olduğundan digər partiyalar parlamentə daxil olmağı bacarmayıb. Qeyd edək ki, 600 deputat mandatı uğrunda seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edib.

Türkiyənin vitse-prezidenti və 15 naziri deputat seçildi

  Türkiyədə 28-ci parlament seçkilərində Nazirlər Kabinetinin 15 üzvü və vitse-prezident Fuat Oktay deputat seçilib. F.Oktayın namizədliyi Ankaradan irəli sürülüb. Bundan əlavə, xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyadan, milli müdafiə naziri Hulusi Akar Kayserinin yeni millət vəkili olublar. Eyni zamanda Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank, enerji və təbii sərvətlər naziri Fatih Dönmez, ədliyyə naziri Bekir Bozdağ, daxili işlər naziri Süleyman Soylu, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu və digər 7 nazir də mandat sahibi olublar. 

Türkiyədə keçirilən seçkilərdə ilklər yaşandı

  Ötən gün Türkiyədə keçirilən parlament seçkilərində bəzi ilklər və sürprizlər yaşanıb. Budəfəki seçkidə bəzi şəhərlərdə qadınlar ilk dəfə millət vəkili seçilib. Həmçinin Cümhuriyyət Xalq Partiyasının nümayəndələri illər sonra Nevşəhir və Girəsundan millət vəkili seçilib. Bundan başqa, Nevşəhirdə seçilənlərdən 2-si Ədalət və İnkişaf Partiyasından, 1-i isə Milliyyətçi Hərəkat Partiyasındandır. MHP-nin sədr müavini Filiz Kılıç 20,5 faiz səs toplayaraq şəhərin ilk qadın deputatı seçilib. Cümhuriyyət Xalq Partiyasından namizədliyini irəli sürmüş Elvan İşıq Gezmiş isə 20 faiz səslə Girəsunun ilk qadın millət vəkili olub. Həmçinin Cümhuriyyət Xalq Partiyası 43 ildən sonra Rizədən bir millət vəkili çıxara bilib.

MHP-dən 2-ci tur mesajı...

  Milliyətçi Hərəkat Partiyasının sədr müavini Semih Yalçın deyib ki, "Cümhur İttifaqı" parlamentdə səs çoxluğunu təmin edə bilib: “Cənab Ərdoğanın mayın 28-də keçiriləcək ikinci turda açıq-aşkar birinci olacağı və Türkiyə Respublikasının 13-cü prezidenti seçiləcəyi artıq bəlli olub”. Partiya rəsmisi vurğulayıb ki, seçkilərin qalibi türk millətinin özüdür: "14 may axşamı millətin iradəsi özünü sübut etdi. Beləliklə, heç bir bəşəri qüdrətin milli iradənin qarşısında dura bilməyəcəyi, heç bir qüvvənin ona qalib gələ bilməyəcəyi bir daha nümayiş etdirildi. Bu seçkilər Türkiyənin həm regional, həm də qlobal məqsədlərinə çatması üçün əhəmiyyətli bir mərhələdir. Bundan sonra Cümhur İttifaqı öz yolu ilə möhkəm addımlarla irəliləyəcək. MHP də ictimai asayişin, qardaşlığın və əmin-amanlığın təhlükəsizlik açarı olmağa davam edəcək”.

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları Ərdoğanı dəstəkləyib

  Türkiyədə prezident və parlament seçkilərində Azərbaycandan səs verən türkiyəli seçicilərin çoxu Rəcəb Tayyib Ərdoğanı dəstəkləyib. Anadolu Agentliyi rəsmi mənbələrə istinadən məlumat yayıb ki, Azərbaycanda 15 məntəqədə keçirilən seçkilərdə seçicilərin 49.42 faizi “Cumhur İttifaqı”nın namizədi, “AK parti”nin sədri Rəcəb Tayyib Ərdoğanı, 41,92 faizi isə "Millət İttifaqı”nın namizədi, CHP sədri Kamal Kılıçdaroğluna səs verib. Sinan Oğan isə Azərbaycandakı Türkiyə vətəndaşlarından 424 səs alıb. 

Prezident İlham Əliyev Ərdoğana zəng etdi

  Azərbaycan Prezidenti İlham Əliyev mayın 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Dövlət başçısı Türkiyədə keçirilən prezident və parlament seçkilərində səs çoxluğu qazanması münasibətilə Prezident Ərdoğanı və "Cümhur İttifaqı"nı təbrik edib. Prezident qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə Respublikası böyük inkişaf yolu keçib və bunun təzahürü olaraq qardaş türk xalqı öz liderinə bu seçkilərdə də etimad göstərib. Ərdoğan göstərilən diqqətə və təbrikə görə dövlət başçısına minnətdarlığını bildirib. Telefon söhbəti zamanı dövlət başçıları iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daimi və sarsılmaz olduğunu bir daha qeyd ediblər.

TDT Türkiyədəki seçkilərin şəffaf keçirildiyini bəyan edib

  Türk Dövlətləri Təşkilatı (TDT) Türkiyədə keçirilən seçkilərlə bağlı bəyanat yayıb. TDT seçkilərlə əlaqədar 11-14 may tarixlərində Türkiyəyə Beynəlxalq Seçki Müşahidə Missiyası göndərib. Qeyd olunub ki, TDT Beynəlxalq Seçki Müşahidə Missiyası Türkiyədə prezident və parlament seçkilərinin açıq, şəffaf və rəqabətli olduğunu, beynəlxalq seçki standartlarına uyğun olduğunu təsdiq edir: “Missiya uğurlu seçkilər münasibətilə Türkiyə Cümhuriyyətini və qardaş türk xalqını təbrik edir və seçkilərin nəticələrinin ölkənin daha da inkişafına və çiçəklənməsinə töhfə verəcəyinə inandığını bildirir”. Əlavə olunub ki, missiya ümumilikdə 170 seçki məntəqəsində olub, inzibati orqanların və ya hüquq-mühafizə orqanlarının əməkdaşlarının seçki məntəqələrində işlərə müdaxilə etdiyinə dair heç bir sübut aşkar etməyib. Həmçinin səsvermə günü insanların iradə azadlığını təmin etmək üçün bütün zəruri tədbirlər görülüb. Seçkinin nəticələrinə təsir edə biləcək ciddi texniki problem aşkarlanmayıb.

Türkiyədə seçkilərə Rusiyadan reaksiya...

  Rusiya Federasiya Şurasının beynəlxalq əlaqələr komitəsinin sədri Qriqori Karasin Türkiyədə keçirilən seçkiləri şərh edib. O deyib ki, Kreml ümid edir ki, Türkiyə prezident və parlament seçkilərinin nəticələrinə görə, Rusiya üçün proqnozlaşdırılan qonşu olaraq qalacaq: "Bizim üçün ən vacib şey Türkiyənin Rusiya üçün konstruktiv qonşu olaraq qalacağına ümid etməyimizdir. Bu, hər iki ölkə üçün vacibdir".

"Parlamenti qazanan Ərdoğanın II turda istədiyinə nail olacağı görünür"

  Siyasi şərhçi Asif Nərimanlı deyib ki, parlamenti uduzan Kılıçdaroğlunun rəhbərlik etdiyi "Millət İttifaqı"nın əsas prioriteti ikinci turda qalib gəlməkdir. Ekspertə görə, ikinci turda 5 faizdən çox səs toplamış Sinan Oğanın və namizədliyini geri götürən İncənin tərəfdarlarının səsləri həlledici olacaq: "Sinan Oğan açıqlamasında müəyyən işarələr verdi: - FETÖ, PKK və Hizbullah terror təşkilatına qarşı mübarizəyə diqqət çəkdi. Əlavə etdi ki, “terror təşkilatları və onun siyasi uzantılarının TBMM-yə daşınmasına qarşıdır, onlarla anlaşmaq istəyən terrorla, onun siyasi uzantıları ilə arasında məsafə qoymaq məcburiyyətindədir". Burada hər iki cinaha ünvanlanan mesaj var. “Altılı masa”nın PKK-nın siyasi uzantısı olan HDP ilə yaxınlığı bəllidir. O cümlədən, FETÖ ilə müəyyən bağlantılarına dair məlumatlar da var. "Cümhur İttifaqı"nda yer alan "HÜDAPAR" hazırda belə olmadığını, dəyişdiyini bəyan etsə də, vaxtilə "Hizbullah" ideologiyasına yaxın olması ilə tanınır. Oğan əslində hər iki cəbhəyə mesaj ünvanlamaqla ikinci tur müzakirələrində əlini gücləndirmək niyyətindədir. Bununla yanaşı, Oğanın “türklüyün konstitusiyadan çıxarılması”na qarşı olması da "Millət İttifaqı"ndakı yanaşmalarla zidiyyət təşkil edir. İkinci turda namizədliyini FETÖ şantajına görə geri çəkdiyini deyən Məhərrəm İncənin tərəfdarlarının da nəticəyə minimum təsir etmək imkanı qalır. Və bu mənzərədə parlamenti qazanan Ərdoğanın II turda istədiyinə nail olacağı görünür". 

"Seçkinin tək məğlubu var, o da Kılıçdaroğludur"

  ReAL Partiyasının sədr müavini Natiq Cəfərli deyib ki, Türkiyə seçkilərinin bir neçə qalibi var, şəksiz qalib Ərdoğandır, çünki parlamenti çox böyük üstünlüklə uddu, ilk turu 5 civarında öndə bitirdi. Ərdoğan ikinci turda çox böyük üstünlüklə qalib olacaq: "MHP də ciddi uğur qazandı. Heç kim belə səs qazanacağını təxmin etməmişdi. Sinan Oğan da qalibdir, Türkiyədə təqribən 2,8 milyon seçici səsi qazanmaq böyük uğurdur.

 Oğanı İYİ partidən “sol” namizədə səs vermək istəməyən, MHP-dən Ərdoğana səs vermək istəməyənlər dəstəklədi. Yəni Oğanın səsi özünün deyil, millətçi-sekulyar kəsimindir. O səslərdən ikinci turda Kılıçdaroğluna çox az səs gedəcək. Əli Babacanın rəhbərlik etdiyi DEVA Partiyası da qazandı, Kılıçdaroğlunun zəifliyini, siyasətbilməzliyini görüb şərtlərini diktə edə bildi və parlamentə 14-15 deputat keçirə bildi. Seçkinin tək məğlubu var, o da Kılıçdaroğludur. 

İttifaqlarını doğru qura, mesajlarını normal çatdıra bilmədi. CHP-nin deputat sayını səhv hesablamalarla azaltdı".