Ərdoğanın Bakı səfərində ciddi dönüş...!- “Azərbaycanda hərbi mövcudluğu...”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Belçikada NATO sammitinə qatılacaq, ardınca isə Bakıya gələcək. Bu barədə “Son Dakika” xəbər verib.
Məlumata görə, Türkiyənin dövlət başçısı iyunun 13-14-də Brüsseldə NATO sammitində iştirak edəcək və ABŞ Prezidenti Co Bayden ilə görüşəcək. O, Brüssel sammitindən sonra iyunun 14-16-da Bakıda səfərdə olacaq.

Səfər zamanı müzakirə olunacaq məsələlər barədə “Sherg.az”a danışan Azərbaycan Demokrat Partiyası sədrinin müavini, politoloq  Həsrət Rüstəmovun sözlərinə görə, Ərdoğanın Bakıya gəlişi əlamətdar bir hadisədir:

“Xüsusilə Azərbaycan, Ermənistan və Rusiya arasında bağlanmış müqavilənin tələblərinə əsasən, Türkiyə Qarabağ ətrafındakı Monitorinq Mərkəzində iştirak etməli idi.  Lakin son zamanlar görünən budur ki, Türkiyənin qeyd etdiyim prosesdə rolu getdikcə zəifləyir. Əsasən də Türkiyə siyasi rəhbərlərinin bu məsələyə dair bəyanatlarına rast gəlinməməsi, o cümlədən Türkiyənin rəsmi qurumlarının Azərbaycana səfərlərinin azalması və Ermənistanla Rusiyanın fəallaşması belə qənaəti yaradıb. Ərdoğanın səfəri zamanı əsas məqsəd ilk növbədə bu boşluğu doldurmaqdır. Eyni zamanda Türkiyənin 44 günlük müharibədə oynadığı rolun davamı Azərbaycan və Cənubi Qafqazda atılan siyasi addımlarla olmaldır. Yoxsa bu siyasət yarımçıq olar. Səfər zamanı Azərbaycan hökuməti xalqımızın istəklərini Türkiyə Prezidentinə çatdırmalıdır”.

H.Rüstəmov vurğulayıb ki, Türkiyənin regionda mövcudluğu Azərbaycanın dövlət müstəqilliyinin qorunması və Cənubi Qafqazda qüvvələr balansının düzgün formalaşması baxımından zəruridir:

“Qarabağda müəyyən məsələləri bəyanatda qeyd edildiyi kimi həll etmək mümkün deyilsə, Türkiyənin Azərbaycanda hərbi mövcudluğu ilə bağlı təcili müqavilə imzalanmalıdır. Qardaş ölkənin Azərbaycana hərbi və siyasi imkanlarını artıran sənədlər paraflanmalıdır. Fikrimcə, Azərbaycan hökuməti bu məsələdə çox ləngdir. Görünür, hansısa səbəbdən burada Rusiya qorxusu da var. Heç kimə sirr deyil ki, Azərbaycan hökumətində ruspərəst kadrlar çoxdur. Onların da təsiri olmamış deyil. Hesab edirəm ki, Ərdoğanın səfərindən sonra istədiyimiz məqamlarda ciddi dönüş əldə etmək mümkün olacaq”.