Ərdoğanla Yaponiyanın Baş naziri və Serbiya Prezidenti arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Yaponiyanın Baş naziri Fumio Kişida arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, məlumatı Türkiyənin İnformasiya və Kommunikasiya Nazirliyi yayıb.

R.T.Ərdoğan iki ölkənin strateji ortaqlığının 10-cu, diplomatik əlaqələrin qurulmasının gələn il qeyd ediləcək 100 illiyi ilə bağlı tədbirləri xatırladaraq Yaponiya ilə iqtisadi, enerji, kənd təsərrüfatı, təhsil, müdafiə, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması, elm, texnologiya kimi sahələrdə əməkdaşlıqdan danışıb.

Türkiyə lideri Kahramanmaraş şəhərində baş verən zəlzələ zamanı Yaponiyanın verdiyi dəstəyin və həmrəyliyin davam etməsini vurğulayıb.

R.T.Ərdoğan Yaponiyanın Türkiyənin terrorla mübarizəsinə daha konkret töhfələr verəcəyinə inandığını dilə gətirib.

Bundan başqa, Türkiyə Prezidenti serbiyalı həmkarı Aleksandr Vuçiçlə də telefonla danışıb.

Tərəflər ikitərəfli münasibətlərin inkişafını müzakirə edib.