- Zelenski ya əraziləri verəcək, ya da Starlinksiz qalacaq
- "Ukrayna artıq özünü elə bir vəziyyətə salıb ki, ABŞ ilə yanaşı, indiyə qədər Ukraynanı dəstəkləməyə hazır olduqlarını bəyan edən Avropa ölkələri də çətinliklərlə üzləşiblər. Bu kontekstdə, təəssüf ki, görünür, Ukraynanın maraqları qurban veriləcək”
Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı danışıqların bərpası yenidən gündəmə gəlib. Moskva ABŞ və Ukraynanın iştirakı ilə üçtərəfli danışıqları bərpa etməyə hazır olduğunu açıqlayıb. Bu bəyanat müharibənin gələcəyi və tərəflər arasında diplomatik təmasların perspektivləri ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovun açıqlaması mümkün sülh prosesinə diqqəti bir daha Moskvaya yönəldib.
Uşakovun sözlərinə görə, Rusiya noyabrın ortalarına yaxın danışıqları bərpa etməyə hazırdır. O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin bu məsələni ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşü zamanı qeyd edib. Beləliklə, üçtərəfli formatın yenidən işə düşməsi ehtimalı müharibənin diplomatik yolla həlli məsələsini bir daha ön plana çıxarıb.
Bununla belə, danışıqların bərpasına hazırlıq tərəflərin razılığa gələcəyi demək deyil. Müharibənin dayandırılması üçün hansı şərtlərin irəli sürüləcəyi və Moskva, Kiyev və Vaşinqtonun ortaq mövqeyə gəlib-gəlməyəcəyi hələ də açıq sual olaraq qalır.
Bəs noyabrda gözlənilən danışıqlar müharibənin taleyini dəyişə biləcəkmi, yoxsa sülhə gedən yol yenə də bağlı qalacaq?
Mövzu ilə bağlı politoloq Sahil İsgəndərov Sherg.az-a açıqlamasında bildirib ki, Putin danışıqlarla Trampın seçki mövqelərini gücləndirir:

“Şübhəsiz ki, ABŞ-nin iştirakı ilə Rusiya və Ukrayna arasında üçtərəfli müzakirələrin, yəni danışıqlar prosesinin bərpa olunması barədə xəbəri Tramp administrasiyası ABŞ prezidentinin növbəti uğuru kimi təqdim edəcək. Bu, xüsusilə aralıq seçkiləri ərəfəsində Trampın müəyyən müsbət xal qazanması anlamına gələcək. Hazırkı vəziyyətdə Konqresə keçiriləcək aralıq seçkiləri Respublikaçılar üçün çox mürəkkəbdir. Ona görə də bunu Putin tərəfindən Respublikaçılara verilən bir hədiyyə kimi qiymətləndirmək olar.
Çünki bilirik ki, Rusiya uzun müddətdir danışıqların bərpası üçün konkret əsas görmədiyini birmənalı şəkildə bəyan edirdi. Amma bir məsələ də var. Dünən Osloda Norveçin baş naziri, Finlandiya prezidenti və Zelenski arasında görüş olub. Uitkoff da həmin görüşdə iştirak edib. Kuşner də, bildiyimiz kimi, ABŞ prezidentinin kürəkəni və digər xüsusi nümayəndə kimi danışıqlarda videobağlantı vasitəsilə iştirak edib.
Deyilənlərə görə, Tramp administrasiyasının yeni təklifləri var. Uitkoffun əyani, Kuşnerin isə videobağlantı vasitəsilə Putinlə apardığı danışıqlardan belə aydın olur ki, Rusiya tərəfinin açıqlamalarında müəyyən müsbət çalarlar var. Görünür, Trampın yeni təkliflərində Kremlin maraqlarına cavab verən məqamlar mövcuddur.
Amma bir məqamı da qeyd edək. Putin üçtərəfli danışıqların bərpasına razılıq verməklə kifayətlənməyib. O, uzun müddətdir Rusiyada həbsdə saxlanılan, dörd ildən çoxdur həbsdə olan amerikalı müəllim Stiven Habardın heç bir qarşılıq olmadan ABŞ-yə təhvil verilməsi, geri qaytarılması barədə qərar qəbul edib. Bu, həqiqətən də unikal məqamdır. Çünki adətən belə məsələlər iki tərəf arasında qarşılıqlı mübadilə əsasında həll olunur. Məsələn, Rusiya Habardı azad edirsə, ABŞ də Rusiyanın bir vətəndaşını geri qaytarır.
Putin bu addımı atmaqla bir güllə ilə iki dovşan vurub. Daha doğrusu, Tramp üçün lazım olan addımı atıb. İlk olaraq, bundan əvvəl Tramp Rusiyaya qarşı sanksiyaların tətbiqinə veto qoyub. Bundan əlavə, Rusiyadan dizel yanacağının alınması ilə bağlı razılığa gəlib. Bu da Rusiyaya qarşı həmin sahədə müəyyən sanksiyaların götürülməsi anlamına gəlir.
Bunun əvəzində isə Moskva Ukrayna məsələsi üzrə üçtərəfli danışıqların bərpasına razılaşır və Stiven Habardı ABŞ tərəfindən heç bir qarşılıqlı jest olmadan azad edərək geri qaytarır. Mən düşünürəm ki, bu, Putinin Trampa hədiyyəsidir. Trampın dizel yanacağı ilə bağlı Putinlə razılaşması Rusiyaya qarşı təzyiqlərin zəifləməsinə də gətirib çıxarıb. Bu isə Avropanı, ümumiyyətlə, pat vəziyyətinə salır.
Təsadüfi deyil ki, Ukrayna bu məsələdən çox ehtiyatlanıb. Zelenski artıq, belə deyək, nəzarət imkanlarını itirərək Trampın əleyhinə açıq bəyanatlar səsləndirib. Yeri gəlmişkən, müəyyən məlumatlara görə, Avropanın bir sıra liderləri Zelenskiyə belə bəyanatlarla çıxış edərkən çox ehtiyatlı davranmağı tövsiyə ediblər. Çünki onsuz da Trampı daha da qəzəbləndirməyə ehtiyac yoxdur.
Bir çoxlarının qeyd etdiyinə görə, Starlink vasitəsilə Rusiya-Ukrayna münaqişəsi ilə bağlı məlumatların ötürülməsinin son bir neçə gündə dayandırılması və ya xidmətin fəaliyyətinin məhdudlaşdırılması da buna cavab kimi qiymətləndirilir.
Mənim fikrimcə, ABŞ-də aralıq seçkiləri ərəfəsində baş verən bütün bunlar daha çox Trampa və Respublikaçılara seçkilərdə əlavə xal qazandırmaq məqsədi daşıyır. Çünki istənilən halda Putin və Rusiya üçün Trampın Amerika cəmiyyətində və siyasətində daha çox çəkiyə, daha böyük nüfuza malik olması sərfəlidir.
Doğrudur, bunun aralıq seçkilərinin nəticələrinə nə dərəcədə təsir edəcəyini proqnozlaşdırmaq çətindir. Amma bu, ən azı Tramp və onun komandası üçün iki-üç müsbət xal deməkdir. Məqsəd Amerika cəmiyyətini və seçiciləri öz tərəflərinə çəkməkdir. Rusiya indiki məqamda Rusiyaya xüsusi münasibət bəsləyən Trampın Amerikadakı mövqelərinin zəifləməsində maraqlı ola bilməz. Çünki bu halda Konqres Trampın və Respublikaçıların bütün təşəbbüslərinə mane ola bilər.
Məhz buna görə də Yuri Uşakovun, Rusiya prezidentinin köməkçisinin açıqlamalarında danışıqların noyabrın 10-dan, yəni ayın ikinci ongünlüyündən sonra bərpa olunması məsələsinə vurğu edilir. Bu nə deməkdir? ABŞ-də aralıq seçkiləri keçirilməli, onların nəticələri bəlli olmalı və yalnız bundan sonra üçtərəfli danışıqların bərpasına başlanmalıdır.
Amma burada başqa bir məsələ də var: üçtərəfli danışıqlar bərpa olunarsa, bu, münaqişənin tezliklə sona çatmasına, yaxud dondurulmasına nə dərəcədə kömək edə bilər?
Ukraynanın mövqeyi son vaxtlar xeyli zəifləyib. Yeri gəlmişkən, Rusiyanın qarşıdan gələn qış mövsümü ərəfəsində Ukraynanın energetika sektoruna ciddi zərbələr endirməsi də bu kontekstdə qiymətləndirilə bilər”.
Ekspertin sözlərinə görə, Avropanın daxili böhranları Rusiyanın mövqelərini gücləndirir:
“Artıq Avropa ölkələrində, xüsusilə Fransada və İtaliyada baş verən hadisələrə də fikir verin. Bilirik ki, Emmanuel Makron könüllülər koalisiyasının önündə gedən liderlərdən biri idi. Bu koalisiyada Böyük Britaniya, Almaniya və Fransa da var. İndi isə Makronun özü daxili problemlərlə məşğuldur. Almaniyada da alternativ qüvvələr xeyli gücləniblər və Fridrix Mertsin mövqeləri getdikcə daha ciddi şəkildə laxlayır.
İndi baxaq, Fransada və Almaniyada nə baş verir. Fransada hadisələr artıq nəzarətdən çıxır. Könüllülər koalisiyasının liderlərindən biri olan Emmanuel Makron özü daxili problemlərlə üzləşib. Almaniyada isə hazırkı kansler Mertsin mövqeləri getdikcə zəifləyir. Alternativ qüvvələrin gələcək federal seçkilərdə qalib gəlməsi istisna deyil, hətta bu ehtimal daha güclü görünür. Fransada da Makronun rəqibləri gücləniblər.
İtaliyada baş verənləri görürük. Hətta Belçikada da iğtişaşlar və ya etiraz aksiyaları başlayıb. Mən düşünürəm ki, bütün bu toqquşmalar Rusiya-Ukrayna cəbhəsində, Moskva ilə kollektiv Qərb arasındakı qarşıdurmada Rusiyanın mövqelərini gücləndirir. Ukraynanın mövqeyi zəifləyir, Avropanın mövqeyi də zəifləyir.
ABŞ də artıq Trampın timsalında, demək olar ki, Ukraynadan imtina etmək fikrindədir. Bununla nəyi nəzərdə tuturam? ABŞ Ukraynaya görə Rusiya ilə münasibətləri daha da kəskinləşdirməyin və pisləşdirməyin öz maraqlarına xidmət etmədiyini görür. Beləliklə, bu yükü Avropanın üzərinə qoyur.
Avropa ölkələrinin liderləri isə bayaq qeyd etdiyim hadisələr fonunda öz problemləri ilə məşğuldurlar. Onlar Ukrayna ilə bağlı Rusiya ilə toqquşmaya getməlidirlər, yoxsa yeni problemlərə yol açmamalıdırlar? Söhbət bundan gedir”.
Müsahibimizin sözlərinə əsasən, Zelenskinin ərazi güzəştləri ilə bağlı mövqeyi dəyişir:
“Amma məsələ bundadır ki, Ukraynanın özü buna razılaşacaqmı? Mən düşünmürəm ki, Zelenski ərazi itkiləri ilə razılaşsın. Doğrudur, onun bu gün Amerika informasiya agentliklərindən birinə verdiyi müsahibədə bildirdiyinə görə, indiki təmas xətti üzrə münaqişənin dondurulması bir çıxış yolu ola bilər. O, ərazilərin 25 faizinin itirilməsini qəbul etdiyini demir, yalnız müharibəni dayandırmağın yolundan danışır. Amma indiyə qədər Zelenski belə danışmırdı.
Bu, bir daha göstərir ki, Zelenskiyə ABŞ tərəfindən açıq şəkildə çatdırılıb: o, ya bu şərtləri qəbul etməlidir, ya da Starlink xidmətinin fəaliyyətinin dayandırılması ilə bağlı ciddi xəbərdarlıqla üzləşəcək. Xidmət tam dayandırılarsa, Avropa bütün imkanlarını səfərbər etsə belə, həmin xidməti Ukraynaya təmin edə bilməyəcək. Bu isə Rusiyanın birmənalı qələbəsi deməkdir.
Amma eyni zamanda baxın, Zelenskinin ABŞ-dən təhlükəsizlik təminatları almaq istəyi var. Digər tərəfdən, o, ərazilərin itirilməsi ilə razılaşdığını demir. Sadəcə, indiki vəziyyətdə münaqişənin mövcud təmas xətti üzrə dondurulmasından danışır.
Moskva buna razılaşmayacaq. Rusiya razılaşma sənədində birmənalı şəkildə tələb edəcək ki, Ukrayna dörd vilayətin Rusiyaya birləşdirilməsinə razılıq versin. Çünki Rusiyanı indi daha çox faktiki vəziyyətin mövcudluğundan əlavə, hüquqi razılaşma maraqlandırır. Yəni Ukrayna hüquqi baxımdan bu əraziləri itirdiyini, onların artıq Rusiyaya məxsus olduğunu tanımalıdır. Əsas problem budur.
Mən düşünürəm ki, Moskva buna getməyəcək. Digər tərəfdən, Rusiya özü üçün manevr imkanı da yaradır. Əgər Respublikaçılar aralıq seçkilərində qalib gələrsə və Konqresdə ən azı bir palata demokratların nəzarətinə keçərsə, sonradan bərpa olunacaq üçtərəfli görüşlərin də əhəmiyyəti azala bilər. Çünki Konqresin palatalarından birinə nəzarəti ələ keçirən demokratlar Ağ Ev administrasiyasının bu məsələdəki cəhdlərinə, təşəbbüslərinə və tədbirlərinə mane ola bilərlər. Bu isə Rusiyanı qane etməyəcək.
Məhz buna görə noyabrın ikinci ongünlüyündən başlayaraq üçtərəfli görüşlərin bərpası ilə bağlı daha ciddi ümidlər və münaqişənin dayandırılmasına dair bəyanatlar səsləndirilir.
Amma istənilən halda əsas məsələ ərazilərdir. Söhbət həmin ərazilərin hüquqi baxımdan kimə məxsus olduğunun tanınmasından və bununla bağlı razılaşmadan gedir”.
Politoloq vurğulayıb ki, Vaşinqton Zelenskini razılaşmaya gətirmək üçün təzyiqləri artırır:
“Eyni zamanda, Ukraynada Qərbin böyük səyləri nəticəsində hakimiyyətə gətirilmiş Zelenski ilə bağlı Vaşinqtonun mövqeyinin dəyişməsi də diqqət çəkir. Tramp açıq şəkildə bəyan edib ki, Ukrayna xalqı özü üçün yeni prezident seçməlidir. Onun fikrincə, bu məsələdə, münaqişənin dayandırılması və sülhə nail olunması istiqamətində daha loyal mövqe tutan lider seçilməlidir. Trampın bu bəyanatları təsadüfi deyil.
Təsadüfi deyil ki, son vaxtlar Zelenskini razılaşmaya gətirmək üçün onun yaxın ətrafı ilə bağlı korrupsiya qalmaqalları gündəmə gətirilir. Artıq bir ildən çoxdur ki, ABŞ-nin xeyir-duası ilə Zelenskinin yaxın ətrafı ilə bağlı kifayət qədər korrupsiya qalmaqalları ortaya çıxarılıb.
Yeri gəlmişkən, dünən Osloda görüş keçirildi. Bu gün isə Trampın nümayəndələrinin Putinlə görüşü ilə eyni vaxtda Ukrayna Milli Bankının rəhbərinə qarşı korrupsiya ilə bağlı cinayət işi açıldığı bildirilir. Onun istefa vermək ərəfəsində olduğu da qeyd olunur. Bildiyimiz kimi, həmin şəxs vaxtilə Ukraynada siyasi prosesləri idarə edən, Zelenskinin prezident ofisinin keçmiş rəhbəri Andrey Yermakın ən yaxın adamlarından biridir.
Demək istədiyim odur ki, ABŞ addım-addım Zelenskini razılaşmağa məcbur etmək üçün onun ətrafı ilə bağlı ciddi korrupsiya qalmaqallarını gündəmə gətirir. Yeri gəlmişkən, bu, Zelenskiyə həm də xəbərdarlıqdır: ona bu məsələlərdən xəbərdar olduğu və proseslərdə əli ola biləcəyi mesajı verilir. Əgər o, irəli sürülən tələblərlə razılaşmasa, korrupsiya qalmaqalları onun özünə də təsir edə bilər.
Digər tərəfdən, yeni prezident seçkiləri məsələsi də var. Zelenski bir neçə gündür bu mövzu üzərində dayanır. Əvvəl seçkilərin keçirilməsinin mümkün olmadığını deyirdi, indi isə 60 gün möhlət verilməsini, atəşkəs olarsa, seçkilərə hazırlaşa biləcəklərini bildirir. O, həmçinin həmin seçkilərdə özü də iştirak edəcəyini deyir.
Bəs münaqişənin başa çatması və tərəflərin razılığa gəlməsi qarşısında hansı maneələr var? Rusiyanın mövqeyi belədir ki, razılıq əldə olunsa belə, Zelenskinin səlahiyyət müddəti başa çatdığı üçün onun imzaladığı sənədlərin hüquqi qüvvəsi şübhə altına düşə bilər. Rusiya tərəfi hesab edir ki, Zelenskinin bu sənədləri imzalaması hüquqi baxımdan düzgün deyil və onların legitimliyi mübahisəli olacaq.
Moskva bu mövqeyi dəfələrlə səsləndirib. Bu kontekstdə razılaşmanı Ukrayna Ali Radasının sədri imzalaya bilər. Lakin Zelenskinin imzaladığı sülh sazişinin hüquqi əsası ilə bağlı mübahisələr yarana bilər.
Belə məqamlar var və onlar yaranmış ümidlərə baxmayaraq, razılaşmaya mane ola bilər. Amma istənilən halda mən düşünmürəm ki, bu proses tez bir zamanda baş versin. Yenə deyirəm, ABŞ, Rusiya və Ukrayna danışıqlarda səslənən müsbət məqamları istənilən vaxt başqa istiqamətə yönəldə bilərlər. Tərəflər sonradan “biz bunu nəzərdə tutmuşduq”, “qarşı tərəf belə dedi” və ya “qarşı tərəf belə etdi” deyərək razılaşmanı dəstəkləməkdən imtina edə bilərlər.
Ukrayna artıq özünü elə bir vəziyyətə salıb ki, ABŞ ilə yanaşı, indiyə qədər Ukraynanı dəstəkləməyə hazır olduqlarını bəyan edən Avropa ölkələri də çətinliklərlə üzləşiblər. Bu kontekstdə, təəssüf ki, görünür, Ukraynanın maraqları qurban veriləcək”.