Türkiyə ilə Azərbaycanı ayırmaq istəyənlər geri addım atacaq - ŞƏRH

  • Türkiyə-Azərbaycan münasibətləri iki xalqın siyasi iradəsinin diktə etdiyi münasibətlərdir

Azərbaycan və Türkiyə arasında son dövrlərdə ictimai müstəvidə yaranan gərginlik və qarşılıqlı müzakirələr fonunda Prezident Rəcəb Tayyib Ərdoğanın oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi etməsi, iki ölkə arasındakı münasibətlərin gələcək inkişafı baxımından diqqət çəkən hadisədir.

Telefon danışığı zamanı dövlət başçılarının Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini, regional və qlobal məsələləri müzakirə etməsi, eləcə də Ərdoğanın İlham Əliyevi Türk Dövlətləri Təşkilatının Ankarada keçiriləcək 13-cü Zirvə Görüşünə dəvət etməsi strateji müttəfiqliyin davam etdirilməsinə verilən önəmi göstərir.

Prezident Ərdoğanın Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın bundan sonra da daha yüksək səviyyəyə qalxacağına əminliyini ifadə etməsi, eyni zamanda, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbriklərini çatdırması iki ölkə arasındakı siyasi dialoqun davamlı xarakter daşıdığını nümayiş etdirir. Mövcud ictimai müzakirələr və fikir ayrılıqları fonunda bu təmasın münasibətlərdə yarana biləcək əlavə gərginliyin qarşısının alınması və qarşılıqlı anlaşmanın gücləndirilməsi baxımından hansı əhəmiyyət daşıdığı sual doğurur.

Millət vəkili Hikmət Babaoğlu Sherg.az-a bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi iki ölkə arasında münasibətlərin nə qədər dərin strateji köklərə malik olduğunun göstəricisidir:

“Xüsusən, məzmunlu telefon danışığı zamanı hər iki tərəfin Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərinin bundan sonra daha da dərinləşəcəyi ilə bağlı verdikləri mesajlar Türkiyə-Azərbaycan münasibətlərinin sarsılmaz olduğunu göstərir. Əslində, bu telefon zəngi həm də Türkiyə-Azərbaycan münasibətlərini kölgələməyə çalışan bəzi təxribatçı mərkəzlərə verilən cavab idi. Azərbaycanda vahid məktəbli geyimi ətrafında süni ajiotaj yaradaraq Türkiyə və Azərbaycan internet resurslarında Türkiyəyə münasibətləri kölgələməyə yönəlmiş bu cəhdləri edənlərə də layiqli bir cavab idi”.

Parlamentari qeyd edib ki, qısa çəkən bu prosesdə bəzi məsələlər də ortaya çıxmış oldu:

“Bəlli oldu ki, Türkiyə-Azərbaycan münasibətləri o qədər dərin, o qədər perspektivli və o qədər stratejidir ki, hansısa mövcud məsələni manipulyasiya edərək, ictimaiyyəti çaşdıraraq iki ölkə arasındakı münasibətləri kölgələmək olmaz. Eyni zamanda bəlli oldu ki, Türkiyədə hakim partiyanın içərisində, Türkiyə cəmiyyətinin ayrı-ayrı təbəqələrində Azərbaycanla Türkiyənin münasibətlərini istəməyən kimlər varsa, onlar ifşa olunur. Onlardan biri də, əlbəttə ki, Türkiyə Prezidentinin siyasi komandasına hansısa şəkildə sızmış o qədər səriştəsiz biridir. Ancaq bu prosesdə bir şey də aydın oldu ki, doğrudan da, Türkiyə-Azərbaycan əlaqələri “bir millət, iki dövlət” münasibətləridir. Çünki Anadoluda, Türkiyədə yaşayan qardaşlarımızın böyük əksəriyyəti sosial şəbəkələrdə Türkiyə vətəndaşları olmalarına rəğmən, Azərbaycanın haqlı olduğunu çəkinmədən bəyan etdilər. Eyni zamanda Azərbaycan sosial şəbəkələrində, internet resurslarında verilən açıqlamaların hər birində müəyyən çərçivə gözlənildi. Qardaş ölkənin siyasətçiləri hədəfə alınmadı, onlar haqqında nalayiq ifadələr işlədilmədi. Bax, bu iki diqqətçəkən məqam onu göstərir ki, Türkiyə-Azərbaycan münasibətləri iki xalqın siyasi iradəsinin diktə etdiyi münasibətlərdir. Kim bundan kənara çıxmağa çalışacaqsa, o, geriyə addım atmağa məcbur olacaqdır. Ona görə mən düşünürəm ki, Türkiyə-Azərbaycan münasibətlərinin sarsılmazlığının simvolu olan iki ölkə prezidentinin bəyanatları və verəcəkləri strateji qərarlarla bu münasibətlər daha da dərinləşəcək və inkişaf edəcəkdir”.