Erməni dini liderlər Trampın sülh səylərinə dua ilə dəstək verdilər - FOTO

  • ABŞ Prezidenti Ağ Evdə erməni kilsələrinin nümayəndələri və Ermənistanın səfiri ilə görüşüb

ABŞ Prezidenti Donald Tramp Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan və erməni din xadimlərinin nümayəndələri ilə görüşüb.

Sherg.az xəbər verir ki, bu barədə Ermənistanın ABŞ-dakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüş Ermənistanın ABŞ-dakı səfirliyi tərəfindən Ağ Evin Dini Məsələlər İdarəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. Görüşdə Dini Məsələlər İdarəsinin rəhbəri, uzun illər Trampın ruhani məsləhətçisi olmuş Pola Uayt-Keyn və idarənin direktoru Cennifer S. Korn da iştirak ediblər.

Erməni icmalarını ABŞ-dakı Erməni Apostol Kilsəsinin Qərb və Şərq yeparxiyalarının rəhbərləri - arxiyepiskop Ovnən Terteryan və yepiskop Mesrop Parsamyan, Kilikiya Böyük Evinin Erməni Apostol Kilsəsinin Şərq və Qərb yeparxiyalarının rəhbərləri - arxiyepiskop Anuşavan Danielyan və arxiyepiskop Geqam Xaçeryan, Şimali Amerika və Kanadanın Erməni Katolik yeparxiyasının rəhbəri yepiskop Mikael Muradyan, eləcə də Şimali Amerikanın Erməni Evangelist İttifaqının baş pastoru keşiş Enrik Şahnazaryan təmsil ediblər.

Görüş zamanı Ermənistan və ABŞ arasındakı münasibətlər, iki xalq arasında xristianlıq və sivilizasiya əlaqələri, dini azadlıq məsələləri, həmçinin sülh və sabitliyin təmin olunması istiqamətində səylər müzakirə edilib. Xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində dini inancın və mənəvi dəyərlərin rolu ayrıca vurğulanıb.

Erməni dini liderlər həmçinin birgə dua edərək Ermənistan və ABŞ xalqlarının firavanlığı və gələcəyi, eləcə də iki ölkə arasında dostluğun möhkəmlənməsi üçün Tanrının xeyir-duasını diləyiblər.

Səfirliyin məlumatında bildirilir ki, “ruhani liderlər duaları zamanı sülhün bərqərar olması istiqamətində səylərə də toxunaraq, ABŞ Prezidenti Donald Trampın sülh prosesinə verdiyi töhfəni vurğulayıblar”.

Qeyd edək ki, ABŞ-dakı Erməni Apostol Kilsəsinin Qərb yeparxiyasının rəhbəri arxiyepiskop Ovnən Terteryan daha əvvəl yepiskop-mürtədlərə və Nikol Paşinyanın Erməni Kilsəsinə qarşı apardığı kampaniyaya qoşulmuşdu. Lakin daha sonra o, Avstriyada keçirilən Yepiskoplar Şurasının işində iştirak edib və Eçmiədzinin dəstəklənməsi ilə bağlı bəyanatı imzalayıb.

Şərq yeparxiyasının rəhbəri yepiskop Mesrop Parsamyan isə kilsəyə və bütün ermənilərin katolikosuna qarşı hərəkatı açıq şəkildə dəstəkləməyib. Bununla belə, o, ABŞ-ın Ermənistandakı səfiri Narek Mkrtçyanla vaxtaşırı görüşür və ona yaxın şəxslərdən biri hesab olunur.