Ermənistan Polisinin Daxili Qoşunlarının komandir müavini, polkovnik Samvel Akopyan istefa verib. S.Akopyan hakimiyyət orqanlarının müxalifətin etiraz aksiyaları fonunda qanunsuz əmrlər verməsini əsas gətirərək istefa ərizəsi yazıb.
Qeyd edək ki, Ermənistanda xeyli müddətdir kütləvi etiraz aksiyaları keçirilir. Müxalifətin təşkilatçılığı ilə keçirilən aksiyalarda Baş nazir Nikol Paşinyanın istefası tələb olunur.
İrəvanda itkin düşmüş hərbi qulluqçuların da valideynləri etiraz aksiyası keçirir. İtkin düşən hərbçilərin valideynləri və yaxınları İrəvanın Qeratsi küçəsinin hər iki istiqamətdə bağlayıblar.
Etirazçılar bildirirlər ki, hakimiyyət bütün bu müddət ərzində ölmüş hərbçilərin cəsədlərini soyuducularda saxlayıb.
Ermənistandakı mövcud durumu “Sherg.az”a şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, ölkədə baş verən proseslərdən yaxşı nəsə gözləmək olmaz:
“Ataların belə bir deyimi var: “Nə qoyarsan aşına, o da çıxar qaşığına”. Yəni nə ediblərsə, onun da nəticələrini yaşayırlar. Cənab Prezident müharibədən öncə dəfələrlə Ermənistan rəhbərliyinin işğalçılıq niyyətindən əl çəkməsini söyləyirdi. Lakin qulaq asmadılar, nəticədə erməni cəmiyyəti faciə ilə üzləşdi. Hazırda kreditlər və sosial problemlərlə boğulan, böyük itkilərlə üzləşən Ermənistan pis durumdadır. İstər erməni cəmiyyəti, istər siyasi rəhbərliyi, istərsə də müxtəlif dövlət qurumları müharibəyə hazır deyildi”.
Ş.Ramaldanov qeyd edib ki, Ermənistanın bütün faciələri müstəqil olmamasından irəli gəlir:
“İdarəçiliyə hansı rəhbərlik gəlirsə gəlsin, məlum olur ki, hər biri xaricdən idarə olunurlar. Müstəqil olmayan dövlət isə xalqını düşünə bilməz. Hazırda Ermənistandakı mövcud vəziyyət dövləti daha da uçuruma aparır. Ətrafında Türkiyə və Azərbaycan kimi inkişaf edən qonşu dövlətlərlə dostluq münasibəti qurmaq əvəzinə işğalçı siyasət irəli sürürlər. Bu siyasətin acı nəticəsini də yaşamaqdadırlar.
Hələlik Ermənistanda elə bir siyasi qüvvə yoxdur ki, doğrudan da ölkəni xoşagəlməz durumdan xilas etsin. Çünki ölkədə çoxları revanşist fikirlərlə yaşayırlar, yenə də Azərbaycan və Türkiyə ilə düşmənçiliyi sürdürürlər.
Düşünürəm ki, əlimizdəki üçtərəfli bəyanatın tələbləri yerinə yetirilməlidir. Ermənistan rəhbərliyi bu tələbləri nə qədər tez yerinə yetirsə, ölkəsi üçün bir o qədər yaxşı olar. Yox əgər əskini edəcəklərsə, Ermənistan uçuruma doğru yuxarlanacaq. Rəsmi İrəvanın xilası üçün bir çıxış yolu var: Qonşu dövlətlərlə normal münasibət qurmaq və revanşist meyillərdən əl çəkmək. Ermənistanın indiki durumu elədir ki, sanki Allah da onlardan üz döndərib. Dərhal Azərbaycanla sülh müqaviləsi imzalamalıdırlar. Yoxsa vəziyyətləri heç yaxşı olmayacaq. Çünki xilas olmaqları məhz bu sülhdən asılıdır. Bütün dünya Azərbaycan Ordusunun torpaqlarımızı xilas etmək iradəsini gördü. Hansısa təxribat olarsa, qarşısı silahlı qüvvələrimiz tərəfindən dərhal alınacaq. Fikrimcə, itirən və faciəni daha dərin yaşayan Ermənistan olacaq”.