Ermənistan Laçın dəhlizindən başqa məqsədlər üçün istifadə edir

Bununla üçtərəfli bəyanatın maddələrini pozur

Laçında 1400-dən artıq mina aşkarlanıb

  "Danışıqlar prosesində elan olunan mesajlardan fərqli olaraq faktlar başqadır". Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir bildirib ki, ritorika və addımlar arasında fərq var. Vaxtaşırı müsbət mesajlar eşidirik, ancaq bu ardıcıl deyil və bəzən ziddiyyətli olur. O qeyd edib ki, eyni şəxslərin çıxışlarında ziddiyyətlər mövcuddur: “Danışıqlar prosesində bir xəttin davam etdiyini görmək olmur. Ermənistan tərəfi indiyə qədər silahlı birləşmələrini bizim ərazilərimizdən çıxarmayıb. Bu kontingentin çıxarılması üçtərəfli bəyanatda qeyd olunmuşdu”.

"Üçüncü tərəflərin təsiri ilə Ermənistanın destruktivlik nümayiş etdirməsi qəbuledilməzdir"

  XİN rəhbəri qeyd edib ki, bölgədə yeni əməkdaşlıq imkanları yaranan bir dövrdə, hər hansı üçüncü tərəflərin təxribatyönümlü addımlar atması və ya onların təsiri ilə qarşı tərəfin addım atması, destruktivlik nümayiş etdirməsi yolverilməzdir, qəbuledilməzdir. Nazir bildirib ki, Azərbaycan buna yol verməyəcək: “Azərbaycan bütün təxribatların qarşısını qətiyyətlə alacaq. Bizim strategiyamız bəllidir, biz beynəlxalq hüququn prinsiplərinə və normalarına uyğun olaraq, qarşılıqlı ərazi bütövlüyünün tanınması və ona hörmət edilməsi ilə əməkdaşlığın qurulmasını istəyirik və bu istiqamətdə işləməyə davam edəcəyik”.

  Xarici işlər naziri Ceyhun Bayramov deyib ki, mina partlayışları baş verən ərazilərlə bağlı, ümumiyyətlə Ermənistan Azərbaycana mina xəritəsi verməyib. Nazir bildirib ki, Laçında 2021-ci il istehsalı olan minalar aşkarlanıb: “Prosesin ləngiməsi istiqamətində addımlar müşahidə edirik, bunun zərərini elə Ermənistan görür”.

"Ermənistanla danışıqların davam etdirilməsinə ehtiyac var"

  C.Bayramov vurğulayıb ki, Azərbaycan sülh gündəliyinə sadiqliyini nümayiş etdirir. Bu istiqamətdə danışıqların davamına ehtiyac var və Azərbaycan buna hazırdır: "Amma təəssüf ki, prosesin ləngiməsi müşahidə olunur. Ermənistan tərəfindən normalaşmaya qarşılıq verilmir, biz ciddi əməli addımların atılmasını görmürük. Üçtərəfli bəyanatın şərtlərinə zidd olaraq, ərazilərdən hələ də tam olaraq erməni birləşmələri çıxarılmayıb, mina təhlükəsi qalır və bununla bağlı Ermənistan tərəfindən dəqiq xəritələr tam təqdim olunmayıb. Bu ilin yayında aşkar olunub ki, Ermənistan Laçın ətrafında minalar yerləşdirib. Bu da Ermənistanın təxribatının davam etməsinin sübutudur”.

"Qeyri-dost fikirlər diqqətimizdədir"

  Xarici işlər naziri bildirib ki, qonşu ölkələrlə yaxşı münasibətlərimizin olması bizim üçün bir nömrəli prioritetdir: "Biz müstəqillik dövründə İran İslam Respublikası ilə yaxşı, xoş qonşuluq münasibətlərinin qurulması istiqamətində ardıcıl addımlar atmışıq. Hesab edirəm ki, bu istiqamətdə bizim birgə uğurlarımız da az olmayıb”. Nazirin sözlərinə görə, İranla Azərbaycan arasında bir sıra müsbət layihələr həyata keçirilib:

 "İran mediasında Azərbaycana qarşı söylənən fikirlər, qeyri-dost fikirlər təbii ki, Azərbaycan tərəfinin diqqətindədir, bizi narahat edir. Biz XİN səviyyəsində danışarkən bunu açıq şəkildə danışırıq, müzakirə edirik. Mənim iranlı həmkarım, nazir Abdullahiyan bu məsələyə çox həssaslıqla yanaşır və öz səlahiyyətləri çərçivəsində hər zaman Azərbaycan-İran münasibətlərində hər hansı xoşagəlməz halların aradan qaldırılması üçün addımlar atır, mən bunu bir neçə dəfə müşahidə etmişəm. Bizim onunla kifayət qədər intensiv, birbaşa dialoqumuz var. Bir şeyi vurğulamaq istəyirəm ki, münasibətləri qoruyub saxlamaq və inkişaf etdirmək kifayət qədər mürəkkəb prosesdir. Nəyisə korlamaq isə daha asandır, nəinki onu bərpa etmək. Azərbaycan tərəfi bütün lazımi addımları atacaq ki, iki ölkə arasında münasibətlər indiyə qədər olan müsbət məcrada davam etsin”. Azərbaycan ABŞ-ın Ermənistan XİN rəhbəri ilə görüş təşəbbüsünə razılıq verib. C.Bayramov qeyd edib ki, Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçıları arasında ikitərəfli görüş keçiriləcək. Nazir Ermənistan XİN başçısı Ararat Mirzoyanla görüş təşəbbüsünün ABŞ tərəfindən gəldiyini bildirib: "Azərbaycan da bu təşəbbüslə razılaşıb. Görüş yaxın zamanda baş tutacaq”.

  Ceyhun Bayramov qeyd edib ki indiyədək Laçında 1400-dən artıq mina aşkarlanıb, gələcəkdə bunların sayı nə qədər olacaq bilinmir. Bu, beynəlxalq hüquq və prinsiplərin, üçtərəfli bəyanatın aşkar pozuntusudur: 

"Ermənistan üçtərəfli bəyanatın Laçın dəhlizi ilə bağlı maddəsini pozub. Minaların bu ərazilərə gətirilməsi təxribatın davam etdirilməsi deməkdir. Bu həm də Laçın dəhlizindən başqa məqsədlər üçün istifadə olunduğu deməkdir. 

Bilirsiniz ki, Laçın dəhlizi yalnız üç istiqamətdə - vətəndaşlar, nəqliyyat və yüklərin daşınması üçün mülki məqsədlərlə istifadə oluna bilər. Ermənistanın bu hərəkəti həm də üçtərəfli bəyanatın həmin maddəsini aşkar pozması deməkdir”.