- "Son danışıqlar İranın mövqeyini sərtləşdirdiyini və ABŞ-la danışıqlar prosesinin bərpasına hazır olmadığını göstərir"
Prezident Donald Trampın əmrindən sonra cəmi 96 saat ərzində ABŞ ordusu İrana qarşı yeni və genişmiqyaslı hücuma başlaya bilər.
Bu barədə CNN ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
Mümkün hədəflər sırasında enerji infrastrukturu və nüvə obyektləri də göstərilir.
“Bölgədə bu cür əməliyyatlar üçün lazım olan qüvvələr artıq mövcuddur. Əgər 2026-cı ilin əvvəlində aktiv hərbi mərhələnin bitməsindən sonra amerikalılar yalnız radarları, raket mərkəzlərini və ya asanlıqla təmir edilə bilən obyektləri vururdularsa, bu dəfə zərbələrin miqyası daha böyük ola bilər”, - məlumatda qeyd olunub.
Siyasi ekspert Asif Nərimanlı Sherg.az-a açıqlamasında bildirib ki, bu xəbərin yayılması İrana təzyiq göstərmək məqsədi daşıya bilər.
Onun sözlərinə görə, ABŞ-ın əvvəlki addımları göstərir ki, bu cür xəbərlərin yayılmasından sonra qısamüddətli hərbi zərbələr endirildiyi hallar olub. Ekspert hərbi əməliyyat ehtimalını istisna etməsə də, İranın infrastrukturunun hədəf alınacağı təqdirdə, bunun daha genişmiqyaslı əməliyyat olacağını düşünür:
“Belə bir addımın əsas məqsədi İran hakimiyyətini danışıqlar masasına qayıtmağa və razılaşmağa məcbur etmək ola bilər. Bununla belə, mümkün əməliyyatla bağlı xəbərlərin əvvəlcədən yayılması hərbi zərbə ehtimalının az olduğuna da işarə edə bilər. Hesab edirəm ki, bu məlumatlar daha çox xəbərdarlıq xarakteri daşıyır və Vaşinqtonun Tehrana təzyiq göstərmək üçün istifadə etdiyi vasitələrdən biri kimi çıxış edir”.
A. Nərimanlı qeyd edib ki, hazırda İranla bağlı müəyyən təmaslar davam etsə də, tərəflərin mövqelərində ciddi fikir ayrılıqları qalmaqdadır:
"Son danışıqlar İranın mövqeyini sərtləşdirdiyini və ABŞ-la danışıqlar prosesinin bərpasına hazır olmadığını göstərir. Xüsusilə İranın hərbi rəhbərliyinin zənginləşdirilmiş urandan imtina etməyəcəkləri ilə bağlı açıqlamaları tərəflər arasında razılaşma əldə olunmasını çətinləşdirir. İranda diplomatik təmaslar davam etsə də, ölkənin siyasi qərarlarının formalaşmasında SEPAH-ın hərbi rəhbərliyinin mövqeyi mühüm rol oynayır. Hərbi rəhbərliyin daha sərt xəttə üstünlük verməsi və bu mövqeyi açıq şəkildə ifadə etməsi isə diplomatik həll imkanlarını məhdudlaşdıraraq danışıqlar prosesini arxa plana keçirir".
Siyasi ekspertin fikrincə ABŞ-ın İrana mümkün hərbi zərbələrlə bağlı xəbərləri gündəmə gətirməsi Tehrana ünvanlanan xəbərdarlıq mesajı kimi qiymətləndirilə bilər. Onun fikrincə, Vaşinqton bununla İranı yenidən danışıqlar masasına qayıtmağa sövq etməyə çalışır:
"Hazırkı mərhələdə İranla danışıqların dalana dirənməsi və diplomatik prosesin tamamilə dayanması Donald Tramp administrasiyasının maraqlarına uyğun deyil. Xüsusilə ABŞ-da Konqresə aralıq seçkilər ərəfəsində İran və Ukrayna məsələlərində diplomatik fəallığın qorunması Vaşinqton üçün xüsusi əhəmiyyət daşıyır. Tramp administrasiyası bu yolla həm ABŞ-ın qlobal liderlik mövqeyini nümayiş etdirməyə, həm də daxili siyasi auditoriyaya mesaj verməyə çalışır. Bir tərəfdən, hərbi müdaxiləni dəstəkləyən qüvvələrə ABŞ-ın təzyiq imkanlarını qoruduğu göstərilir. Digər tərəfdən isə siyasi elitanın diplomatik həll tərəfdarı olan kəsiminə problemlərin sülh yolu ilə həlli istiqamətində səylərin davam etdiyi mesajı verilir”.