Ermənistanla sərhədlərin müəyyənləşməsi sülhdən öncə lazımdır

Belə olarsa, təxribatlar da azalacaq, diversiya cəhdləri olmayacaq, atəşkəsin pozulması halları aradan qalxacaq

  Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla sərhədlərin müəyyənləşdirilməsi prosesindən danışıb. Nazir bildirib ki, komissiyaların formalaşdırılması özlüyündə mürəkkəb proses idi. XİN rəhbəri qeyd edib ki, Ermənistanın ilkin şərtləri var idi: “Onlar de-eskalasiya ilə bağlı tədbirlər və Azərbaycan hərbçilərinin sərhədlərdən çəkilməsini tələb edirdilər. Ancaq Azərbaycan öz mövqeyini ortaya qoydu. Hesab edirik ki, öz sərhədlərimizdə durmuşuq və sərhədlərimizi qorumaq bizim vəzifəmizdir. Bu prosesi mütəxəssislərin iştirakı ilə danışıqlar vasitəsilə tarixi, hüquqi sənədləri araşdırmaqla aparmaq lazımdır. Amma delimitasiya vaxt alan prosesdir. Buna hər hansı vaxt başlayıb və onu qısa zamanda tamamlamaq mümkün deyil. Azərbaycan və Ermənistan arasında münasibətləri nəzərə alsaq, bu, sadə proses olmayacaq, həssas məqamlar olacaq. Ancaq hesab edirik ki, komissiyanın özü artıq irəliləyişdir”. 

  Nazirin açıqlamasını “Şərq”ə şərh edən politoloq Turab Rzayev də vurğulayıb ki, proses kifayət qədər çətindir. Analitik qeyd edib ki, Azərbaycanla Ermənistan arasında dövlət sərhədləri faktiki mövcud olmayıb:

 “Ümumi formada dağlar, göllər, çaylar üzərindən “sərhəd xətti” olub, amma sovet dövründə konkret delimitasiya prosesi aparılmayıb. Ona görə də sərhədlərin müəyyənləşməsi sıfırdan başlayır. Bu da çoxlu problemlər yaradan məsələdir. Çünki normalda Azərbaycanın Rusiya və Gürcüstanla delimitasiya prosesləri uzun müddət çəkdi. Hələ də bəzi mübahisəli məqamlar qalmaqdadır. Ermənistanla isə vəziyyət daha mürəkkəbdir. 

Onsuz da ermənilərlə çoxlu problemlərimiz var. Ermənistan sərhəd məsələsində bir sıra əsassız iddialar irəli sürür və təxribatlara əl atır. Vaxtaşırı mənasız təkliflər irəli sürür, ordumuzun indiki mövqeyindən geri çəkilməsini, sərhəd xəttində qoşun hissələrinin olmamasını tələb edir. Halbuki, bizim istəyimiz başqadır. 

Çalışırıq ki, sərhəd tam müəyyən olunsun və orada Azərbaycan Ordusu, sərhəd qoşunları yerləşdirilsin. Ermənistan tərəfi hansısa təxribatlara cəhd göstərməsin. Sərhədlərin müəyyənləşməsində digər problemlər də mövcuddur. Məsələn, xəritələrlə bağlı da ziddiyyətli yanaşmalar var. Sovet vaxtı iki ölkənin sərhəd xətləri müxtəlif dairələrin təsiri ilə bir neçə dəfə dəyişdirilib. Hər iki tərəf öz maraqlarına uyğun variantı təklif etdiyi üçün prosesin irəliləməsi çətinləşir”. 

Ekspert vurğulayıb ki, sərhədlərin delimitasiyasının yekun sülhdən daha öncə reallaşması daha məqsədəuyğundur: 

“Sülh prosesində müəyyən təkliflər gündəmə gəlir, müzakirələr davam edir. Bu proses uzandıqca, sərhəddə təxribatlar baş verə bilər. Sərhədlərin müəyyənləşməsi baş tutarsa, bunun özü sülhü yaxınlaşdıracaq ən mühüm addım olacaq. Sərhədlərin müəyyən olunmasından sonra təxribatlar da azalacaq, diversiya cəhdləri olmayacaq, atəşkəsin pozulması halları aradan qalxacaq. O baxımdan öncə bu məsələni yekunlaşdırmaq lazımdır”.