Toplantının əsas məqsədi bir çox sahələrdə elmi tədqiqatlar üçün türk dünyasının ortaq platformasını yaratmaqdır
Türkiyənin Ərzincan şəhərində Beynəlxalq Türk Dünyası Simpoziumu keçirilir. Simpozium Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının rəhbəri Binəli Yıldırımın və Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Ərzincan Binəli Yıldırım Universitetinin ev sahibliyi ilə gerçəkləşir. Simpoziumun əsas məqsədi bir çox sahələrdə elmi tədqiqatlar üçün türk dünyasının ortaq platformasını yaratmaqdır. Səfər oktyabrın 13-də başa çatacaq. Beynəlxalq simpoziumda Azərbaycandan olan deputatlar, elm adamları və ictimaiyyət nümayəndələri də iştirak edirlər. Onlar müxtəlif mövzularda məruzələrlə çıxış edəcəklər.
Türkiyədə keçirilən beynəlxalq türk dünyası simpoziumunda "Azərbaycan milli mətbuatı və H.B.Zərdabi fenomeni” mövzusunda çıxış edən Əməkdar jurnalist, professor Qulu Məhərrəmli bildirib ki, Azərbaycan tarix boyu türk milli şüurunun formalaşmasında çox böyük rol oynayıb. Professorun sözlərinə görə, son zamanlar türk dövlətləri, eləcə də türkdilli xalqlar arasında oyanış var: "Türk Dövlətləri Təşkilatının yaradılması böyük bir hadisədir. Bu cür tədbirlərin keçirilməsi isə bu birliyin sözdə deyil, artıq konkret addımlarla əməldə də icra olunduğunu göstərir. Hazırda iştirak etdiyimiz simpozium elmi, ictimai, siyasi, mədəni və humanitar əlaqələrin genişlənməsinə kömək edir. Demək olar ki, bu tədbirdə Türkiyədən sonra Azərbaycan aparıcı qüvvədir. Panellərin və məruzələrin böyük əksəriyyəti Azərbaycanın tarixini, mədəniyyətini və bir çox digər sahələrini əhatə edir. Hiss olunur ki, Azərbaycana böyük maraq var. Bunun səbəbi isə bəllidir. Azərbaycan bu oyanışda öndə gedir. Tarix boyu ölkəmiz Türkiyə ilə yanaşı türk milli şüurunun formalaşmasında çox böyük rol oynayıb. Görkəmli tarixi şəxsiyyətlərimizin türk düşüncəsinin formalaşmasına göstərdiyi xidmətlər sanki indi öz bəhrəsini verir. Türk dövlətlərinin birliyinin bölgədə sülhə, əmin-amanlığa, əməkdaşlığa xidmət etməsi çox böyük hadisədir. Bütövlükdə götürəndə hesab edirəm ki, türk xalqları arasında əlaqənin sıxlaşmasında və möhkəmlənməsində bu cür toplantılar böyük əhəmiyyət daşıyır. Xalqlar bir-birinin tarixini, mədəniyyətini, dilini, ədəbiyyatını, incəsənətini daha yaxından tanıyır".
Məlumat üçün bildirək ki, Azərbaycan Türk Ocağı İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı da beynəlxalq türk dünyası simpoziumuna qatılıb. A.Aşırlı konfransda "Türkiyənin İstiqlal Hərəkatı Azərbaycan mətbuatı səhifələrində 1919-1923" mövzusunda məruzə ilə çıxış edib.
Mühüm tədbirlə bağlı "Şərq"ə danışan türkoloq-alim Faiq Ələkbərli bildirib ki, bütün hallarda türk dünyası, birliyi adı altında belə simpoziumların keçirilməsi təqdirəlayiqdir. Alim vurğulayıb ki, belə konfranslar adətən türk dünyasının bütün sahələrini özündə ehtiva edir: "Simpoziuma qatılan elm adamları, siyasi-ictimai xadimlər müxtəlif mövzularda elmi məruzələr edirlər. Belə tədbirlər elmi tədqiqatlar üçün ortaq platforma yaradılmasına xidmət göstərir. Həm də Türk Dövlətləri Təşkilatının daha ciddi quruma, aktiv təşkilata çevrilməsinə yardımçı olur. Türk dünyasını təmsil edən elm adamları üçün bu cür simpoziumların təşkili böyük əhəmiyyət kəsb edir".