Niderland Ermənistan və Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün maliyyə yardımı göstərəcək.
Sherg.az xəbər verir ki, bunu Niderlandın xarici işlər naziri Tom Berendsen İrəvanda erməni həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, Beynəlxalq İtkin Düşmüş Şəxslər Komissiyası vasitəsilə yeni maliyyə dəstəyi ayrılacaq. Yardım itkin düşənlərin taleyinin müəyyənləşdirilməsinə, meyitlərin tapılmasına və şəxsiyyətlərinin müəyyən edilməsinə yönəldiləcək. O, ayrılacaq vəsaitin məbləğini açıqlamayıb.
Berendsen Niderland hökumətinin regionda sülhün təmin olunması istiqamətində atılan addımları dəstəklədiyini bildirib və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid etdiyini vurğulayıb.
Qeyd edək ki, nazir bundan əvvəl Bakıda olarkən də analoji açıqlama verib. Rəsmi məlumatlara görə, 2026-cı il martın 3-nə olan vəziyyətə əsasən, Ermənistanda 195 nəfər itkin düşmüş şəxs kimi qeydə alınıb. Onlardan 175-i hərbçi, digərləri isə mülki şəxslərdir.