
F16-lar alınacaq -ŞƏRH
Yusif Nəzərli
03:00 25.01.2024
Aktual
386
Türkiyənin ABŞ-dəki 10 milyard dollar pulu batmayacaq
Türkiyənin İsveçin NATO-ya üzvlüklə bağlı müraciətini təsdiqləməsi prosesləri sürətləndirəcək
Türkiyə İsveçin NATO-ya üzvlüklə bağlı müraciətini təsdiqləyib. Türkiyə Böyük Millət Məclisi (TBMM) sözügedən sənədi ratifikasiya edib. Sənədin lehinə 287 parlament üzvü səs verib. 55 nəfər sənədin əleyhinə olduğunu bildirib. Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün müraciət etmişdilər və Finlandiyanın üzvlük prosesi aprel ayında tamamlandı. İsveç isə Türkiyə və Macarıstandan razılıq gözləyirdi. Artıq Türkiyədən "hə" cavabı gəldi. Hazırda İsveçin hərbi alyansa daxil olması yönündə tək əngəl Macarıstandır. ABŞ-nin Dövlət Departamenti Türkiyənin İsveçlə bağlı qərarını alqışlayıb və bunun Konqresin Ankaraya F-16 təyyarələrinin satışına icazə verən sənədin bir hissəsi olduğu vurğulanıb. Çünki Konqresin bəzi üzvləri açıq şəkildə deyirdilər ki, Türkiyəyə F-16-ların satışını dəstəkləmək üçün İsveçin NATO-ya daxil olmaq üçün müraciəti rəsmi Ankara tərəfindən təsdiqlənməlidir. Rusiya da Türkiyə parlamentinin İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməsinə münasibət bildirib. Kremlin mətbuat katibi Dmitri Peskov deyib ki, İsveçin NATO-ya üzv olmaq ərizəsinin təsdiqlənməsi Türkiyənin suveren qərarıdır. Rusiyalı politoloq Sergey Markov bildirib ki, Türkiyə dövlət və qeyri-dövlət ticarəti nəticəsində İsveç, AB və ABŞ-dən böyük siyasi və iqtisadi güzəştlər aldı: "Eyni zamanda Ankara Türkiyəyə nifrət edən siyasətçiləri ölkə və şəxsən Ərdoğan qarşısında alçalmağa məcbur etdi. Heç kim Türkiyədən belə bir tələb dalğasını gözləmirdi. Türkiyə İsveç və AB-ni diz çökdürdü. Türkiyə hamıya nümunə göstərdi - Avropa ilə daha sərt, daha həyasız olmalıyıq. Bütün dəyərlərini itirmiş avropalılar yalnız güc dilinə layiqdirlər". Erməni türkoloq Varujan Geqamyan da deyib ki, Türkiyə bu prosedurdan maksimum yararlana bildi: "Birincisi, Ankara NATO-da siyasi çəkisini yüksəltdi və bununla da strateji muxtariyyətini genişləndirdi. İkincisi, Türkiyə Moskvaya İsveçlə bağlı müvəqqəti mövqeyini “satmaqla” Rusiya ilə münasibətlərdə manevr etmək imkanı qazandı. Üçüncüsü, ABŞ-ni qabaqcıl hərbi texnologiyaların tədarükü ilə bağlı danışıqlara yenidən başlamağa məcbur etdi. Avropadakı kürd fiqurların həyatını əhəmiyyətli dərəcədə çətinləşdirdi. Harada və necə oynadığını bilən bir ölkə diplomatik ustad dərsi keçdi. Bunu öyrənməyə dəyər”.
Politoloq Qabil Hüseynli "Sherg.az"a deyib ki, NATO-nun genişlənməsi, təşkilata yeni üzvlərin qəbul edilməsi dünyada balansı qoruyub saxlayan önəmli bir güc mərkəzinin daha da qüdrətlənməsi deməkdir. Ekspert vurğulayıb ki, o baxımdan Finlandiya və İsveçin hərbi alyansın sıralarına qatılması təşkilat üçün çox önəmlidir:

"Türkiyənin qətiyyətli mövqeyindən və haqlı tələblərindən sonra İsveç hökuməti bəzi arzuolunmaz şəxsləri, terrorçuları və onlara dəstək verənləri deport etdi. Eyni zamanda bir qrup şəxs və radikal qruplaşamalar üzərində ciddi nəzarət tətbiq edilməyə başlandı. Həmçinin qanunvericilikdə bununla bağlı bir sıra məqamlar nəzərə alındı. Demək olar ki, Türkiyənin tələblərinin böyük qismi yerinə yetirildi. Məhz bundan sonra TMBB-də İsveçin NATO-ya daxil olmasına imkan verən sənəd ratifikasiya edildi. Şübhə yox ki, bu addım ABŞ-Türkiyə münasibətlərində mühüm rol oynayacaq. Ən azından modernizasiya olunmuş F16-ların Türkiyəyə verilməsi üçün Konqresin əlində heç bir bəhanə qalmayacaq. Məlumdur ki, Türkiyə F35 tipli təyyarələrin istehsalında tərəf kimi iştirak etmişdi. Hətta F35-lərin bəzi detalları Türkiyədə istehsal olunurdu. Münasibətlər pozulandan sonra Vaşinqton hərbi əməkdaşlığı da dondurdu və pulu əvvəlcədən alınmış müasir qırıcıları Türkiyəyə verməkdən imtina etdi. Hər halda Türkiyənin ABŞ-dəki 10 milyard dollar pulu batmayacaq və onların əvəzinə modernləşdirilmiş F16-lar alınacaq. İstənilən halda əsas maneələrin aradan götürüldüyü görünür. Bu, əlaqələrin müsbət yöndə inkişafına təkan verəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya