Gənclər bilmədən maliyyə cinayətlərinin iştirakçısına çevrilir - Hüquqşünasdan xəbərdarlıq

  • Əlövsət Allahverdiyev: “Bir çox vətəndaş qanunsuz maliyyə sxemlərində vasitəçi kimi istifadə olunur”

Son günlər bank kartlarının bloklanması ilə bağlı müraciətlərin sayı artmaqdadır.

Artıq bir neçə nəfər bu problemlə bağlı hüquqi yardım üçün mənə müraciət edib.

Sherg.az xəbər verir ki, bu barədə hüquqşünas Əlövsət Allahverdiyev məlumat verib. 

Hüquqşünasın sözlərinə görə, vətəndaşlar əvvəlcə bank kartlarından istifadə imkanının məhdudlaşdırıldığını görür, banka müraciət etdikdə isə onlara kartın hüquq-mühafizə orqanlarının təqdimatı əsasında şübhəli maliyyə əməliyyatları ilə əlaqədar bloklandığı bildirilir: "Araşdırmalar zamanı məlum olur ki, həmin şəxslərin əksəriyyəti bilmədən qanunsuz maliyyə sxemlərində vasitəçi kimi istifadə olunublar. Xüsusilə sosial şəbəkələr və "Telegram" kanalları vasitəsilə iş axtaran gənclərə "asan qazanc" vəd edilir, onların bank kartlarına pul köçürülür və daha sonra həmin vəsaiti müxtəlif bank hesablarına yönləndirmələri tələb olunur".

Ə. Allahverdiyev vurğulayıb ki, bir çox hallarda gənclər bunun hüquqi məsuliyyət doğuran əməl olduğunu anlamırlar. Lakin bu cür fəaliyyət onları bilmədən çirkli pulların leqallaşdırılması və digər maliyyə cinayətlərində iştirakçı vəziyyətinə sala bilər: "Nəticədə bank hesabları bloklanır, hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır və "bilmirdim" arqumenti hüquqi məsuliyyəti aradan qaldırmır". Hüquqşünas vətəndaşlara tövsiyə edib ki, işə qəbul zamanı mütləq rəsmi müqavilə bağlasınlar, şəxsi bank kartlarını tanımadıqları şəxslərin pul köçürmələri üçün istifadə etdirməsinlər, kartlarına daxil olan vəsaiti başqalarının göstərişi ilə müxtəlif hesablara köçürməsinlər. O, həmçinin "asan qazanc", "yalnız köçürmə et" kimi təkliflərə ehtiyatla yanaşmağı, iş təklif edən şəxsin və ya şirkətin hüquqi statusunu yoxlamağı, şübhəli hallarla qarşılaşdıqda isə əməkdaşlığı dayandıraraq aidiyyəti dövlət qurumlarına məlumat verməyi tövsiyə edib".