Ceyhun Aşurov regionların taleyi ilə bağlı mühüm məqamlara toxunub
Bu ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasına dünyanın 163 ölkəsindən 337,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,4% az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Dövlət Statistika Komitəsindən bildirilib ki, gələnlərin 23,2 faizi Rusiya Federasiyası, 21,1 faizi Türkiyə, 9,0 faizi İran, 5,0 faizi Gürcüstan, 4,6 faizi Hindistan, 3,7 faizi Pakistan, 3,6 faizi Qazaxıstan, 3,2 faizi Səudiyyə Ərəbistanı, 2,9 faizi Özbəkistan, 2,6 faizi İsrail, 2,0 faizi Çin, hər birindən 1,4 faiz olmaqla Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Ukrayna, hər birindən 1,3 faiz olmaqla Böyük Britaniya və Türkmənistan, 12,3 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 70,2 faizi hava, 28,4 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib. Məlumat üçün bildirək ki, yanvar-fevral aylarında Azərbaycandan xaricə 298,7 min nəfər turist gedib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,8% çoxdur.
Turizm eksperti Ceyhun Aşurov Sherg.az-a bildirib ki, dünyada müşahidə olunan geosiyasi gərginlik, qonşu ölkələrdəki münaqişələr Azərbaycan turizm sektoruna da təsirsiz ötüşməyib. Hər il Novruz bayramı ərəfəsində dünyanın müxtəlif ölkələrindən, xüsusilə İran və Körfəz ölkələrindən Azərbaycana xeyli sayda turistlərin gəldiyini xatırladan ekspert bu il bu ənənənin pozulduğunu qeyd edib:
“İranın hava məkanının bağlı olması, Körfəz ölkələrindən gələn turistlərin səfərlərində ciddi çətinliklər yaradır. Asiya ölkələrindən Azərbaycana həyata keçirilən bəzi reyslərin İran hava məkanından keçdiyini nəzərə alsaq, turizm axınının azalması təəccüblü deyil. Azərbaycan bununla bağlı alternativ bazarlarda tanıtım işləri aparır. Birbaşa hava yollarının olması, uçuşların aparılması ilə bağlı müəyyən addımlar atılır. Yeni hədəf bazarlarında - Türkiyə, Orta Asiya, türk dövlətləri bazarlarında da fəaliyyətimizi genişləndirə bilərik. Eyni zamanda bizdə olan hava məkanlarından daha əlverişli uçuşların təşkil olunmasına çalışmaqla, türk dövlətlərindən Azərbaycana daha çox turistin gəliş-gedişini təmin etmək olar”.
Turizm sahəsinin Azərbaycanın qeyri-neft sektorunda prioritet istiqamətlərdən biri olduğunu xatırladan ekspert bildirib ki, bu sahənin inkişafı təkcə gəlirlərin artımına deyil, həm də regionlarda məşğulluğun, sahibkarlığın və infrastrukturun güclənməsinə mühüm töhfə verir.