- “Təbrizlə Bakını üz-üzə qoymaq Azərbaycançılıq deyil, bölücülükdür”
- “60 il Azərbaycanda yaşadığına peşman olduğunu demək mənəvi təxribatdır”
Həmid Herisçinin son müsahibəsi ictimai və siyasi müstəvidə geniş müzakirələrə səbəb olub. Xüsusilə Güney Azərbaycan, milli kimlik, Azərbaycançılıq ideologiyası, Təbrizin rolu və İranla bağlı səsləndirdiyi fikirlər müxtəlif çevrələrdə fərqli reaksiyalar doğurub. Bir tərəf bu açıqlamaları şəxsi baxışların ifadəsi kimi qiymətləndirsə, digər tərəf onları milli maraqlar və dövlətçilik baxımından mübahisəli hesab edir. Məhz bu ziddiyyətli yanaşmalar fonunda H. Herisçinin səsləndirdiyi tezislərin mahiyyəti, onların Azərbaycançılıq məfkurəsi ilə nə dərəcədə uzlaşdığı və cəmiyyətə mümkün təsirləri ətrafında müzakirələr davam edir.
Məsələyə münasibət bildirən İlahiyyatçı Tural İrfan Sherg.az-a söyləyib ki, son dövrlərdə Həmid Herisçinin Azərbaycana baxışında, ümumiyyətlə, ictimai-siyasi proseslərə baxışında dəyişikliklər hiss olunur:
“Deyə bilmərəm, bəlkə də burada hansısa məhrumiyyətlər yaşayıb, narazılığı var, televiziyadan uzaqlaşdığına görə və s. Və yaxud da ki, son İran-Amerika müharibəsi zamanı onun İrana gedib-qayıtdıqdan sonra hansısa təsirlərə məruz qalıb, fikrində dəyişiklik olması da istisna deyil. Ancaq hər halda, mən bu müsahibəni axıra qədər dinlədim. Orada müxtəlif ziddiyyətli fikirlər söyləyir və müəyyən qədər də anlaşılmaz baxışlar sərgiləyir. Məsələn, Şimali Azərbaycan və Cənubi Azərbaycan məsələsini çox qabardır, bir növ müqayisələndirir və sanki üz-üzə qoymağa çalışır. Bizim bir çox soydaşlarımız hələ Sovet dövründən, o vaxtkı demokratlar, Sovet quruluşu dağılandan sonra oradan qaçıb bura gəlmişdilər. Onlar burada yerləşmişdilər, təhsil almışdılar, hətta Azərbaycan vasitəsilə gedib Rusiyanın paytaxtında təhsil almışdılar. Onların içində kifayət qədər şairlərimiz və tanınmış insanlarımız var. Herisçinin “Şimali Azərbaycan” dediyi, yəni Azərbaycan, cənublu soydaşlarımıza həmişə pənah yeri, ümid yeri olub. Orada, Pəhləvilərdən, yəni şah dövründən sonra indiki İslam Respublikası dövründə bu insanlar müxtəlif məhrumiyyətlərə məruz qalıblar və dünyəvilikdən, inkişafdan, tərəqqidən geri qalıblar. Ancaq Şimali Azərbaycan azad olduğuna görə burada bir çox nailiyyətlər əldə ediblər. Amma gəlib burada bu nailiyyətləri əldə etdikdən sonra yenidən bəyənməmək və yaxud da bu cür təhrikedici fikirlər söyləmək, eyni zamanda cənub–şimal məsələsini sanki qütbləşdirmək, üz-üzə qoymaq indiki həssas dövrdə tamamilə yanlışdır”.
İlahiyyatçı qeyd edib ki, bu, insanın şəxsi məhrumiyyətlərinin cavablandırılması məsələsi deyil:
“Bu, strateji məsələdir, bizim milli, dövlətçilik, tarixi məsələmizdir. Bununla bağlı kimin şəxsi narazılığı, incikliyi varsa, onu ümumiləşdirməməli, insanları üz-üzə qoymamalı, şimalla cənubu qütbləşdirməməlidir. Orada bir çox fikirlər səsləndirir. Mən onlara açıq şəkildə fikir bildirməyə məcburam. Məsələn, bizim şairlərimizin adını çəkir. Rəhmətlik Nüsrət Kəsəmənlinin adını çəkir ki, guya Nüsrət Kəsəmənli gedib Təbrizdə şair olub. Kəsəmənli Təbrizdə şair olmadı, orada öldürüldü. Nüsrət Kəsəmənli şair idi, özü də Sovet dövründən, müstəqillikdən əvvəl də tanınmış şair idi. Bütün əsərləri də artıq ortada idi. Nüsrət Kəsəmənli orada cəmi 15 gün qaldı və dünyasını dəyişdi. Bunlar yanlış fikirlərdir. Orada bir iksir var, nədir? Orada xüsusi bir cövhər var ki, kimin ayağı ora dəysə, Kərbəla torpağı kimi və yaxud Məkkə kimi müqəddəsləşir? Belə bir şey yoxdur. Belə məsələlərə bu cür primitiv, emosional yanaşmaq tamamilə yanlışdır. Yəni qütbləşdirmək, ayırmaq, cənubu şimala qarşı qoymaq, oranı daha üstün fikir və təfəkkür mənbəyi kimi göstərmək düzgün deyil. Və yaxud deyir ki, Azərbaycanın siyasi mərkəzi Təbrizdir, bugünkü azərbaycanlıların mədəni-siyasi mərkəzi oradır. Azərbaycanın siyasi mərkəzi Azərbaycanın paytaxtıdır. Yaxud deyir ki, “dirijor çubuğu Pezeşkianın əlindədir”. Bu zaman artıq onun mövqeyi bəlli olur. Mövqeyi bəlli olur ki, artıq bu, irançılıq mövqeyindən danışır. O, azərbaycançılıq mövqeyindən danışmır. Dirijor çubuğu cənab İlham Əliyevin əlindədir. Biz soydaşlarımızın, dünyadakı azərbaycanlıların mədəni-mənəvi hüquqlarını qorumağa çalışırıq. Amma “Təbriz paytaxtdır”, “dirijor çubuğu Pezeşkianın əlindədir” demək artıq bir növ Azərbaycanı cənuba bağlamaq, bütün Azərbaycan ideyasını Təbriz paytaxt olmaqla və rəhbərliyi də Pezeşkianın əlinə verməklə təqdim etməkdir. Orada bir hissədə də qeyd edir ki, “zamanənin imamı var”. Bu kimi məsələlər birbaşa məzhəbçilik ideologiyasını ortaya sürür. Bu da indiki teokratik İran rejiminin ideologiyasıdır. Təbii ki, fürsətin və məqamın imkan verdiyi həddə danışır Həmid Herisçi. Daha artıq danışa bilmir. Amma onun dedikləri kifayət edir ki, teokratik rejimin müdafiəçisi olduğunu ortaya qoymuş olsun. Şimali Azərbaycan dünyəvi, hüquqi dövlətdir. “Zamanənin imamı” kimi məsələləri İranda ideologiyaya, məzhəbçilik ideologiyasına çeviriblər”.
Ekspert vurğulayıb ki, son dövrlərdə bəzi tarixi şəxsiyyətlərimizin obrazı altında müxtəlif bölücülük və təxribatçılıq işləri görülür:
“Bu, müxtəlif məqamlarda və çevrələrdə hiss olunur. Məsələn, Şah İsmayılın adını çəkir ki, onun qurduğu bütün Azərbaycanı qurmaq lazımdır. Təbii ki, bunun deyilməsində məqsəd budur ki, Şah İsmayıl dövründə də Təbriz paytaxt olub və lider də Cənubi Azərbaycandan olub. Yəni bunu da vurğulayır ki, dirijor çubuğu da Pezeşkianın əlindədir və İmam Mehdinin adını çəkir ki, guya zamanənin imamı var. Deyir ki, onlar da ona inanırdılar, o da imamın nümayəndəsi hesab olunurdu. Bu isə eynən bugünkü teokratik İran rejiminin müasir modelini ortaya qoyur. Mən orada bir çox nöqsanlı məqamlar gördüm və çıxışına açığı çox təəssüf etdim. Belə şəkildə gileyli danışmaq və yaxud “Azərbaycana xidmət etdiyimə görə, 60 il ömrümü burada keçirdiyimə görə peşmanam” demək mənəvi təxribat xarakterli, bölücü və ayrıcı bir məsələdir. Deyir ki, Təbrizdə varlı tacirlər var, taxta-şalban alveri etmək olar, milyonlar qazanmaq olar və s. Azərbaycançılıq bizim fəlsəfəmiz, mənəviyyatımız, tariximiz taxta alveri iləmi ölçülür? Yaxud milyonlarla, tacirlərin pulu iləmi ölçülür? Bizi mənəvi sərvətlər, tariximiz, soyumuz birləşdirir. Pul bu gün var, sabah yoxdur. İndi ola bilər, Təbrizdə imkanlı adamlar görübsən, imkanlıdırlar, varlanıblar, azad ticarət yaranıb. Bəli, burada məmur ticarəti var, məmur biznesi var, azad biznes yoxdur. Müəyyən mənada dediyi məsələlərdə haqlılıq da var. Bəli, nöqsanlar var. Heç bir yerdə nə demokratiya, nə də başqa sahələrdə dünyada mütləq ideal vəziyyət yoxdur. Ola bilər, burada da bəzi nöqsanlar var, ticarətdə məhdudiyyətlər var, məmurlar əsas biznesi ələ alıblar, insanlar azad ticarət edə bilmirlər. Amma bu o demək deyil ki, biz hər şeyi ticarət və biznes prizmasından qiymətləndirməliyik. Vurğulayır ki, guya Nüsrət Kəsəmənli burada ticarətlə məşğul olurmuş, , amma gedib Təbrizdə şair olub. Bu, gülünc məsələdir. Belə şeylər yaraşmaz, uyğun deyil. Təbrizdən vaxtilə Mədinə Gülgün, Söhrab Tahir, Azər Azər və başqaları gəliblər. Onlar Sovet dövründə buraya gəlib, burada şair olublar. Onda biz də bunu deyək? Burada yetişiblər, burada xalq şairi adı alıblar, burada ad-san qazanıblar. Cənub ilə Şimalı üz-üzə qoymaq nəyə lazımdır? Bu, Azərbaycançılıq şüuru deyil. Bu, bölücülükdür, ayrıcılıqdır, təkəbbürdür, mənəm-mənəmlikdir. Nəsillə, soyla öyünməyə qalsa, bizim çox soylu nəsillərimiz var. Bu cür yuxarıdan aşağı baxmaq, bir növ ayrımçılıq etmək, Şimali Azərbaycanı davamlı şəkildə vurğulamaq və buranı mənfi obrazda təqdim etmək tamamilə yanlışdır.Həmid Herisçinin müsahibəsində İranın indiki hakimiyyət strukturunun ideologiyası, yəni teokratik və məzhəbçi yanaşma hiss olunur. Bu da bölücülüyə xidmət edir. Mən hiss etdim ki, bir qədər də bunun nostaljisi ilə danışır. Ayətullah Şəriətmədari Təbriz əsilli olub. Bəli, Xomeyni inqilabının əvvəlində Xomeynini önə çıxaran da o idi. Ona ayətullah titulunu verən də Şəriətmədari idi. İndi aldadılıbmı, sadəlövhlük edibmi, sonra onun əlindən alıblarmı, özünü də sıxışdırıblarmı – bunu deyə bilmərəm. Burada onun bacarıqsızlığıdır, ya başqa məsələdir, bilmirəm. Amma hər bir halda Şəriətmədari modeli Cənubi Azərbaycan üçün xarakterik deyil. Şəriətmədari özü də teokratik rejimin mənsubu, onun tərəfdarlarından olub. Düzdür, müxtəlif azadlıqları - mədəni muxtariyyət, dil azadlığı, məktəb və s. tərənnüm edib. Amma özü də hər halda Qumun yetişdirdiyi ayətullahdır, yəni İran ayətullahıdır. Bu baxımdan, orada bizim milli fəallarımız, milli təfəkkürdə olan insanlarımız var. Bu gün bunları bir kənara qoyub, teokratik sistemin qurucularını örnək göstərməsinə, Təbrizlə Bakını üz-üzə qoymasına təəssüf etdim”.