Türkiyənin Konya vilayətinin İlgın rayonunda cəmi bir şagirdi və bir müəllimi olan Şəhid Mustafa Kozlu İbtidai Məktəbində artıq 2 şagird təhsil alır. İlayda Kozlu bu il 4-cü sinfə keçib, Şərifə Nur Özdemir isə 1-ci sinif şagirdi kimi məktəbə başlayıb.
Sherg.az xəbər verir ki, İlgın rayonunun Gökçeyurt məhəlləsində yerləşən Şəhid Mustafa Kozlu İbtidai Məktəbinin yeganə müəllimi Muhammed Bağ ötən tədris ilində məktəbin yeganə şagirdi olan İlayda Kozluya dərs deyib.
Bu il 4-cü sinfə keçən İlayda Kozluya isə yoldaş gəlib. Məktəbə yeni başlayan 1-ci sinif şagirdi Şərifə Nur Özdemirin də qoşulması ilə məktəbdəki şagirdlərin sayı 2-yə yüksəlib.


Müəllim Muhammed Bağ iki şagirdinin tədrisinə Türkiyə Milli Təhsil Nazirliyinin bütün məktəblər üçün müəyyən etdiyi “Mayamız birlik, ilk dərsimiz dostluq” mövzusu ilə başlayıb.
İlayda və Şərifə Nur da məktəbin lövhəsinə “Dostluq” sözünü yazıblar.
Şagirdlərin məktəbə gedib-gəlməsinə də dəstək olan müəllim Bağın onları öz avtomobili ilə məktəbə gətirdiyi və dərsdən sonra evlərinə apardığı bildirilib.