- "Qardaş ölkə ilə bu sazişin imzalanması Azərbaycanın Orta Asiyadakı geosiyasi və logistika imkanlarını da xeyli genişləndirmiş olacaq"
Azərbaycan və Qırğızıstan arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində mühüm siyasi və hüquqi addım atılır. İki ölkə arasında əlaqələrin müttəfiqlik səviyyəsinə yüksəldilməsini nəzərdə tutan müqavilənin Azərbaycan tərəfindən ratifikasiyası gündəmə gəlib. Sənədin təsdiqlənməsi ilə Azərbaycan-Qırğızıstan münasibətlərinin siyasi, iqtisadi, nəqliyyat, investisiya və digər sahələrdə daha da genişləndirilməsi üçün hüquqi baza möhkəmləndiriləcək. Milli Məclisdə məsələ ilə bağlı qanun layihəsinin müzakirəyə çıxarılması iki qardaş ölkə arasında əməkdaşlığın yeni mərhələyə keçidi baxımından diqqət çəkir. Eyni zamanda, parlamentin gündəliyinə Azərbaycan və Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri, eləcə də Azərbaycan-Qırğız İnkişaf Fondunun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı sazişlərin təsdiqi məsələləri də daxil edilib.
Siyasi şərhçi Azər Həsrət Sherg.az-a bildirib ki, müttəfiqlik sazişi ölkələrarası münasibətlərin daha üst səviyyəyə daşınmasına xidmət edir:
“ Azərbaycanla Qırğızıstan tarixi bir, ortaq olan iki qardaş dövlətdir. Tarixin istənilən mərhələsində bizim yollarımız kəsişib, birlikdə hərəkət etmişik, bir-birimizə qarşı da hərəkət etmişik. Bu təbii proseslər olub. Amma biz heç vaxt ayrı olmamışıq. Yəni, dost kimi də, düşmən kimi də həmişə bir olmuşuq. Bundan sonrakı mərhələdə isə hər hansı düşmənçilikdən söhbət gedə bilməz. Yalnız dostluq, qardaşlıq üstünlük təşkil edəcək. O baxımdan , iki dövlət arasında müttəfiqlik sazişinin ratifikasiya olunması münasibətlərin yeni və daha üstün mövqeyə daşınmasına xidmət edəcək. Yəni, bizim dövlətlərimiz artıq daha sıx inteqrasiya olunacaq, daha yaxın olacaq. Xalqlarımız arasında münasibətlər daha üst səviyyəyə daşınacaq. Ümumiyyətlə, istənilən sahədə iş birliyimiz daha da dərinləşəcək. Bilirsiniz də, bu, sirr deyil ki, Azərbaycan Respublikasında Qırğızıstanla bağlı bəzən ictimai rəydə yetərincə məlumat olmur. Bundan sonra artıq biz görəcəyik ki, o məlumat məsələsi də həllini tapmaqdadır. Eləcə də Qırğızıstanda Azərbaycanla bağlı müəyyən məlumatların olması, ümumiyyətlə, Qırğızıstanın Azərbaycana münasibətinin daha üst səviyyəyə daşınması baxımından bu sazişi dəyərləndirə bilərik”.
Analitik qeyd ki, qardaş Qırğızıstanla bu sazişin imzalanması Azərbaycanın Orta Asiyadakı geosiyasi və logistika imkanlarını da xeyli genişləndirmiş olacaq:
“ Həmçinin bu iki qardaş xalq arasında münasibətlər digər dövlətlərlə münasibətlərə də örnək olmağa davam edəcək. İndi biz deyə bilmirik ki, onlar bunu örnək alıb hərəkət edəcəklər. Çünki digər dövlətlərlə də bizim çox gözəl münasibətlərimiz, ortaq sazişlərimiz var. Onlardan bir sonuncusu da qardaş Özbəkistanla əbədi dostluq haqqında sazişdir. Yəni, bu cür sazişlərin olması Azərbaycanın Orta Asiyadakı mövqelərini bütün sahələrdə, daha da dərinləşdirəcək. Biz getdikcə bir bütövə çevriləcəyik. Azərbaycan və Orta Asiyanın qardaş türk dövlətləri. Yəni, bütünləşirik, bütövləşirik və üstəlik də bizim hamımız Türk Dövlətləri Təşkilatının üzvləriyik. Bu cür münasibətlər Türk Dövlətləri Təşkilatının da möhkəmlənməsinə əlavə töhfələr verəcək”.