Bakıda skuter avtomobillə toqquşub

Qırmızı işıqda yolayrıcına daxil olan skuter avtomobillə toqquşub.

Bu barədə Sherg.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, skuter sürən hadisədən 10 saniyə əvvəl də eyni qaydanı pozur, lakin yol boş olduğundan təhlükə qəzasız ötüşür. Bir neçə saniyə əvvəl təsadüf onları qəzadan qorumuşdusa, bu dəfə üzərində sərnişinlə svetoforun qırmızı işığında keçən həmin skuteri avtomobil vurur.

Məlumata görə, sözügedən hadisə ilə bağlı görüntülər Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameraları tərəfindən paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə Mirzağa Əliyev küçəsinin kəsişməsində qeydə alınıb.

"Dəfələrlə deyildiyi kimi, kiçik elektrik nəqliyyat vasitəsinin sürücüləri bilməlidirlər ki, digər nəqliyyat vasitələri kimi onlar da svetoforun siqnallarının tələblərinə əməl etməli və skuterlə sərnişin daşımamalıdırlar. Eyni zamanda ümumi istifadədə olan avtomobil yollarında yolun sağ kənar zolağından başqa, digər zolaqlarla hərəkət etmək qadağandır", - mərkəzin məlumatında qeyd olunub.