Ramiz Mehdiyevin məhkəməsi başlayır

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti, akademik Ramiz Mehdiyev və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Murad Aslanovun icraatına verilib.

Hakimlər heyətinin tərkibində isə Firdovsi Əliyev və Namiq Kərimov təmsil olunur.

Məhkəmənin hazırlıq iclası sentyabrın 21-ə təyin olunub.

Qeyd edək ki, cinayət işi üzrə ibtidai istintaq Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılıb.

R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.

Bu cinayət işi çərçivəsində daha sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimlinin də barəsində cinayət işi başlanılıb.

Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Əli Kərimli və Məmməd İbrahimlinin cinayət işi ayrıca icraata götürülüb.

Qeyd edək ki, bu haqda ilk məlumatı Gununsesi.info yayıb