“Münasibətlərin loyallaşması zəruridir”
““Təbii ki, Ermənistanın da oyunları var”
“Həmin oyunlar ondan ibarətdir ki, müəyyən mənada Türkiyə ilə münasibətləri qurub Rusiyanın iqtisadi asılılığından çıxsın”
Paşinyanın partiyası Türkiyə ilə münasibətləri yaxşılaşdırmaqdan başqa alternativ olmadığını bəyan edir. Ermənistanın hakim fraksiyası “Vətəndaş sazişi”nin üzvü, Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri Eduard Ağacanyan deyib ki, Ankara ilə İrəvan arasında mehriban qonşuluq əlaqələrinin qurulmasına alternativ yoxdur: “Son 30 ildə baş verən regional prosesləri nəzərə alsaq, bu, asan proses deyil. Lakin biz bu yolla getməyə hazırıq və Ermənistanın dövlət maraqlarından irəli gələn proseslərin reallaşması üçün hər şeyi edəcəyik”.
Maraqlıdır, belə bir məqamda erməni siyasilər məlum bəyanatlarında nə dərəcədə səmimidrlər və Türkiyə- Ermənistanm münasibətlərinin loyallaşması hansı halıda mümkündür?
Suallarımızı cavablandıran siyasi analitik, ADU-nun müəllimi Teymur Qasımlı “Sherg.az” saytına geopolitik vəziyyətin bunu diqtə etdiyini bildirib:
“Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra maraqlı fikirlər bildirir və diplomatik manevr edir. 44 günlük Vətən müharibəsindəki qalibiyyətimizdən sonra Paşinyan Türkiyə ilə Ermənistan münasibətlərinin qurulması ilə bağlı tez-tez maraqlı fikirlər bildirir. O, Türkiyə- Ermənistan münasibətlərinin qurulmasının tərəfdarıdır. Əvvəllər deyirdi ki, heç bir şərt olmasın. Maraqlıdır ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, biz Rusiya tərəfindən xahiş etmişdik ki, Türkiyə ilə münasibətlərimizin qurulmasında kömək olsunlar. Nəticədə bu təmaslar bir müddətdir ki, pərdə arxasında olsa da, gedirdi. Paşinyan başa düşür ki, həm 44 günlük müharibədən sonrakı məğlubiyyət, həm ölkə iqtisadiyyatının zəifləməsi Türkiyə- Ermənistan münasibətlərini zəruri edir”
T.Qasımlı Ermənistanın gizli planlarından da bəhs edib:
“Təbii ki, Ermənistan və Paşinyanın da oyunları var. Həmin oyunlar ondan ibarətdir ki, müəyyən mənada Türkiyə ilə münasibətləri qurub iqtisadi asılılıqdan çıxsın, həm də Azərbaycana qarşı öz planlarını hərəkətə keçirsin”
Siyasi şərhçi bildirib ki, İrəvan- Ankara münasibətlərinin qurulması Azərbaycanın maraqları ilə səsləşə bilər:
“Bu münasibətlər müəyyən mənada yaxşıdır ki, bəlkə, regionda sabitlik, hətta sülh olsun”
O, həmçinin Türkiyənin maraqlarına da toxunub:
“Türkiyə xarici işlər naziri Mövluüd Çavuşoğlu Türkiyə böyük Millət Məclisində çıxışı zamanı deyib ki, Ermənistanla ikitərəfli münasibətlər qurulacaq. Nümayəndəliklər olacaq. Bu açıqlamanın özü bir daha göstərdi ki, proseslər gedir. Ancaq Ermənistandakı o revanşist, antitürk, antiazərbaycan qüvvələrin buna reaksiyası bilinmir. M.Çavuşoğlu qeyd etdi, biz bu proseslərdə Azərbaycan tərəfi ilə hərəkət edəcək, onun maraqlarını məqsəd qoyacağıq. Düşünürəm ki, Türkiyə Ermənistan münasibətləri Azərbaycanın milli maraqlarına uyğundursa, bu münasibətlər qurulmalıdır”.
T.Qasımlı bunun daha dərin olacağına inanmadığını deyib:
“Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, Zəngəzur dəhlizinin açılması üçün şərtlər irəli sürülüb. Bunlar qəbul olunmalıdır. Digər tərəfdən isə, o ərazi ilə bağlı başqa məsələlər var ki, onlar həll olunmadıqca, Türkiyə ilə Ermənistan münasibətlərinin daha da dərinləşəcəyinə inanmıram. İndiki vəziyyətdə ikitərəfli nümayəndəliklərin olması və digər məsələlər müəyyən maraqlara cavab verir”.