Kreml zəifləyib və prosesin geriyə dönüşü yoxdur

Dəngələr dəyişir

Bundan sonra Gürcüstan dövriyyəyə girəcək və işğal olunmuş ərazilərini geri qaytaracaq

  
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvanın nəzarətindən çıxmaq istəyinin ona baha başa gələcəyinə eyham vurub. Lavrov "Ermənistan Rusiyanı itirə bilərmi" sualına cavabında deyib ki, Rusiyanı itirmək, özünə yeni dostlar tapmaq istəyənlər çoxdur, amma Rusiyanın Cənubi Qafqazda maraqlarını tamamilə gözardı etmək mümkün deyil: "Hərçənd, İrəvandakı bəzi liderlər belə ümidlər bəsləyirlər, hətta bu barədə birbaşa danışırlar. Oxşar fikir Baş nazir Nikol Paşinyanın son çıxışında da özünü göstərib. O, Ermənistanın təhlükəsizliyini təmin etmək üçün ümid etdiyi “uğursuz” ittifaqları kompensasiya etmək və bu təhlükəsizliyi təmin edəcək tərəfdaşlar dairəsini genişləndirmək zərurətindən danışırdı. Əgər onlar ABŞ-yə arxalanırsa, yəqin ki, yaxın tarixə, ABŞ-nin öz himayəsinə götürmək istədiyi şəxslərlə necə rəftar etdiyinə nəzər salmaq yaxşı olardı".
  
Politoloq Vasif Əfəndiyev "Sherg.az"a açıqlamasında bildirib ki, Lavrovun cavabı birbaşa Rusiyanın imperiya siyasətinin təzahürüdür. Analitik vurğulayıb ki, indiyə qədər Rusiyanın siyasi rəhbərliyi, müstəqil politoloqlar və aparıcı siyasi partiyaları postsovet ölkələrinə öz maraqları olan ərazilər kimi baxmaqda davam edirlər: "Putinin Rusiya məktəbliləri ilə görüşü zamanı azyaşlı uşağa verdiyi "Rusiyanın sərhədləri harada başlayır" sualına gözləmədən dərhal “Rusiyanın sərhədləri sonsuzdur” deməklə cavab verməklə imperiya siyasətini yürütdüyünü göstərdi. Lakin artıq dünyada dəngələr dəyişir. Ukrayna bataqlığına gömülən Rusiya acınacaqlı duruma düşsə də, hələ də reallığı qəbul etmək istəmir. Putinin şəxsi ambisiyası dövlətin maraqlarından üstün olduğu üçün son ana qədər dirəniş göstərir. İndiyə qədər fəxrlə dedikləri “Ermənistan Rusiyanın forpostudur” ifadəsi havaya uçdu. Ermənistan parlamentinin komissiyası beynəlxlaq səviyyədə Putinin həbsinə yol açan Roma statutunu qəbul etdi. Rusiya növbəti çöküşünü yaşamağa məhkumdur. Azərbaycanın Qarabağdakı uğurunun davamı Moldovada qondarma "Dnestryanı respublika"nın süqutunu tezləşdirəcək. Bundan sonra Gürcüstan dövriyyəyə girəcək və işğal olunmuş ərazilərini geri qaytaracaq. Kremlin baş verən proseslərə müdaxiləsi üçün müqaviməti zəifləyib və prosesin geriyə dönüşü yoxdur. İndiki halda Putin daha çox öz daxilində parçalanmanın baş verməməsinin qayğısına qalmalıdır".