Leysan sonrası böyük sual: kompensasiyanı kim verməlidir? - EKSPERTİN İZAHI

Əgər subasma infrastrukturun nazaslığı və idarəetmə səhlənkarlığı ilə bağlıdırsa məsuliyyət yaranır və məhkəmə qaydasında kompensasiya ödənilməlidir

Paytaxtımız bu dəfə də yağışdan üzü qara çıxarıldı. Bəli, məhz çıxarıldı – məsuliyyətsiz, dövlət başçısının onlara tapşırdığı vəzifəni yerinə yetirməyi deyil, şəxsi büdcələrini doldurmağı, şəxsi mənafeləri üçün çalışmağı üstün tutan vecsiz məmur dəstəsi sayəsində. Bu dəfə nəinki küçələr, yollar, tunellər, həyətlər, insanların evləri, əşyaları su içində qaldı.

Əlinə bir daş alan vətəndaşın başının üstünü kəsdirən icra hakimiyyətlərinin pul yığanları, asayişin keşiyində durmalı olduqları halda “kim nə tikir” deyə camaatı güdməklə məşğul olan sahə müvəkkilləri, bələdiyyələrin vergi toplamaqdan başqa heç bir işə yaramayan sədr və üzvləri isə qınlarına çəkiliblər. İnsanlar günlərdir yağış sularının əhatəsində, “uzaq yaşıl ada”dadırlar. FHN nazirinin bəstələdiyi mahnı necə idi; “bir adadır sevgimiz, hər yanı xatirədir”?.. Yox, gərək belə olsun: “dənizin ortasında adadır evlərimiz...” Mahnını qoyaq kənara, bəs vətəndaşa dəymiş ziyanı kim ödəyəcək? 

 Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquq müdafiəçisi Əliməmməd Nuriyev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, hər dəfə Azərbaycanda güclü yağışlar yağanda vətəndaşa dəymiş ziyanı kim ödəmlidir, kompensasiya verilməlidirmi, sualları ortaya çıxır. Hüquqi çərçivə isə belədir: 

- Azərbaycan Respublikası Mülki Məcəlləsinin 9-cu bölməsində mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklərdən bəhs olunur. Mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə, zərərçəkənə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd mülki qanunveriicilik normalarını pozan əməl, hərəkət və ya hərəkətsizlikdir. Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 

Mövcud hadisələrə gəlincə, intensiv yağıntılar yaşayış evlərinin subasmasına gətirib çıxardı. Bu, zərərçəkmiş şəxslərin kompensasiya məsələsini aktuallaşdırır. Mülki Məcəlləyə əsasən də zərərvuran şəxs zərəri ödəməlidir. Məsuliyyətin yaranması üçün 3 əsas şərt tələb olunur; zərərin mövcudluğu, qanunsuz hərələt və ya hərəkətsizlik. Səbəb və nəticə əlaqəsi. Burada zərərin mövcudluğu var. Amma müəyyənləşməlidir, kimin qanunsuz hərəkət və ya hərəkətksizliyi olub? Baş vermiş hadisədə hansı səbəb-nəticə əlaqəsi var? Qanunvericilikdə həmçinin fors-major hallar prinsipi var. Təbii hadisələr - leysan, sel, daşqın, zəlzələ və sair. Təbii hadisələr qarşısı alınmaz hal hesab olunur. Bu hal bir qayda olaraq hüququ məsuliyyət yaratmır. Dəymiş ziyan olsa belə. Amma dövlətin pozitiv öhdəlikləri də var. Konstitusion yanaşmanı tətbiq etsək vətəndaşların təhlükəsiz yaşayışını təmin etmək dövlətin pozitiv öhdəliyidir. Şəhər infrastrukturu, yağış suları, drenaj, kanalizasiya sistemi işlək vəziyyətdə olmalıdır. Bu, dövlətin öhdəliyidir. Əgər subasma, qeyri-adi qaydada, leysan xarakterli yağıntı ilə bağlıdırsa (belə hallar hər bir ökədə baş verə bilir) və infrasturktur normal işləyirsə, bu halda dövlətin və digər subyektlərin kompensasiya öhdəliyi yaranmır. Amma müəyyən edilərsə ki, yağış sularının axıdılması sistemi qeyri-qənaət bəxşdir, kanalizasiya xətləri işləməyib və ya vaxtında təmizlənməyib, şəhərsalma normaları pozulub, məsələn, subasma riski olan ərazidə tikinti aparılıb, artıq bu, təbiət hadisəsi deyil, idarəetmə və texniki qüsur nəticəsində yaranmış zərər kimi, yəni idarəetmə qüsuru kimi qiymətləndirilir. O zaman aidiyyəti icra hakimiyyəti orqanlarının məsuliyyəti yaranır və zərərçəkmiş şəxslər kompensasiya tələb etmək hüququ əldə edir. Məsuliyyət daşıyan şəhər təsərrüfatına cavabdeh qurumlar, icra strukturlarıdır. Şəhər infrasturkturu yağıntılara uyğun qurulmalıdır. Səbəb və nəticə müəyyənləşirsə vətəndaş məhkəmə qaydasında kompensasiya tələb edə bilər cavabdeh qurunlardan, strukturlardan. 

Ə.Nuriyev bildirdi ki, dəymiş zərərin ödənilməsində sığorta mexanizmi də var: 

- Əmlak sığortalanıbsa, zərərin ödənməsi sığorta müqaviləsinə uyğun həyata keçirilir. Sığorta şirkəti kompensasiyanı ödəyir, amma dövlət orqanlarının təqsiri varsa, onlara qarşı iddia qaldıra bilir. Başqa bir mexanizm isə bundan ibarətdir ki, əgər təbiət hadisəsi nəticəsində kütləvi zərər baş verirsə hökumətin xüsusi qərarı, sərəncamı və ya proqramı olur və zərərçəkmişlərə maliyyə yardımı ayrıla bilər. Bu, hüquqi məsuliyyət deyil, sosial dövlət funksiyasının təzahürüdür. 

Hüquqi baxımdan belə nəticəyə gəlinir ki, yalnız təbii yağıntıya görə dövlətin avtomatik kompensaisya öhdəliyi yoxdur. Əgər subasma infrastrukturun nazaslığı və idarəetmə səhlənkarlığı ilə bağlıdırsa məsuliyyət yaranır və kompensasiya ödənilməlidir, məhkəmə qaydasında. Əmlak sığortalı olduqda kompensasiya öhdəliyi sığorta şirkətinin öhdəsinə düşür. Dövlət yalnız xüsusu qərar əsasında sosial yardım formasında kompensasiya verə bilər. Bu məsələyə yalnız təbiətin yaratdığı fəlakət kimi deyil, şəhər idarəçiliyinin keyfiyyət göstərici kimi qiymətləndirilməlidir. Yağışın güclü yağması yox, şəhərin hazırlığı hüquqi məsuliyyətin sərhəddini müəyyən edir.