Millət vəkili : "Prezidentin tapşırıqları bütün məmurlar üçün bir fəlaiyyət istiqaməti olmalıdır" 

"Çox təəssüf ki, biz hələ də  vəzifəni xüsusi imtiyaz kimi dərk edən məmurlarla rastlaşırıq"

"Prezident İllham Əliyev  icra başçısı vəzifəsinə  yeni təyinatlar zamanı etdiyi çıxışda  idarəetmədə müasir məqsəd və vəzifələrin nədən ibarət olduğunu izah edərkən üç mühüm prinsip üzərində dayandı".

Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. 

Deputat bildirib ki, bunlardan birincisi  idarəetməni həyata  keçirərkən vətəndaşın rəğbətinin qazanılması , yəni vətəndaş məmnunluğudur: 

"İkincisi hər bir məmurun xalqın xidmətçisi olması, üçüncüsü isə vəzifənin yüksək imtiyaz deyil, yüksək məsuliyyət olması ilə bağlı idi. Əslində bu üç prinsip müasir məmur obrazının fəaliyyət kodeksi kimi də səciyyələndirilə bilər. Doğrudan da təkcə bu üç mühüm keyfiyyətə sahib olmaq, ya da bu üç prinsip əsasında fəaliyyət qurmaqla müasir idarəetmədə ən yaxşı nəticələr əldə etmək mümkündür. Elə Azərbaycan cəmiyyətinin də məmurlardan gözləntisi yuxarıda göstərilən prinsiplərdən irəli gələn vəzifələrin icra edilməsi ilə bağlıdır. Çox təəssüf ki, biz hələ də  bəzi hallarda vəzifəni məsuliyyət kimi yox, xüsusi imtiyaz kimi dərk edən və vəzifə səlahiyyətlərini öz maraqlarını həyata keçirmək üçün vasitə kimi görən məmurlarla da rastlaşırıq. Eyni zamanda həm də onun şahidi oluruq ki, bu tip məmurlar tutduqları vəzifədən asılı olmayaraq, qanunlar qarşısında cavab verməli olurlar. Bu isə nəticə etibarilə həm məmurların şəxsi faciəsinə həm də ictimai etimadın zədələnməsinə, məmura, yaxud dövlət səlahiyyətlisinə qarşı inamsızlığa gətirib çıxarır. Nəticədə isə uduzan bütün tərəflər olur".

H.Babaoğluna görə, Prezident İlham Əliyevin tapşırıqları təkcə yeni təyin olunan icra başçıları üçün deyil, bütün məmurlar üçün bir fəlaiyyət istiqaməti təşkil etməlidir: 

"Azərbaycan Prezidenti eyni zamanda hazırki yeni çağırışlar kontekstində rayonlarımızda iş yerlərinin yaradılması , işgüzar mühitin formalaşdırılması sahibkarların fəaliyyətinin və onların təşəbbüslərinin dəstəklənməsinin də vacib olduğunu vurğuladı. Bu istiqamətə mühüm addımların atılmalı olduğunun zərurətindən danışdı. Ölkəmizdə həyata keçirilən dərin islahatların yeni şərtlərə formalaşdırdığını və bu imkanların yaratdığı yeni fürsətlərin lazımınca qiymətləndiriləsinin vacibliyini qeyd etdi. Bütün bunlar isə məmur ordusu qarşısında necə böyük vəzifələrin dayandığı və onların uğurlu həllinin isə sosila-iqtisadi inkişafımıza necə böyük töhfələr verə biləcəyini göstərmiş oldu. Şübhəsiz, bütün bunlar milli inkişafımızın yeni mərhələsi üçün də əsas prioritetləri təşkil edən istiqamətlərdir".