Moskvada İran XİN başçısına “Sizə yer yoxdur” dedilər? – ŞƏRH 

“Cənub qonşumuz bunu başa düşməli və məsələyə müdaxilə etməməlidir”
Rusiyada rəsmi səfərdə olan İranın xarici işlər naziri Əmir Abdullahianın həmkarı Sergey Lavrovla görüşü baş tutub. Tehran-Moskva münasibətlərinin son vəziyyətinin müzakirə edildiyi görüşdə iki ölkə arasındakı əlaqələrin bütün sahələrdə müntəzəm olaraq inkişaf etdirilməsinin lazımlığı vurğulanıb.
Görüşdə birgə iqtisadi komissiya iclasının keçirilməsi, ticarət, iqtisadiyyat, enerji və mədəniyyət sahələrində əməkdaşlığın gücləndirilməsi üçün təməlin qoyulması və konsulluq məsələləri müzakirə edilib. Həmçinin Qafqazdakı hadisələr gündəmə gətirilib, İranın nüvə anlaşması, Əfqanıstandakı son vəziyyət və Xəzər dənizinin hüquqi statusu müzakirə olunub.
Səfəri və görüşün nəticəsini “Sherg.az”a şərh edən Azərbaycan Demokrat Partiyası sədrinin müavini, politoloq Həsrət Rüstəmovun sözlərinə görə, çox güman ki, İran XİN başçısı vəzifəyə yeni təyin olunduğu üçün tanışlıq xarakterli səfər edib:
“Eyni zamanda son dövrlər regionda aşkara çıxan İran-Ermənistan əlaqələri, İranın Qafqaz ölkələrinə müdaxilə etmək istəkləri də müzakirə mövzusu ola bilər. Hesab edirəm ki, istənilən halda Azərbaycan-Ermənistan-Rusiya-Türkiyə birgə razılaşması ilə bağlı əldə olunan nəticələr bu və yaxud bənzər görüşlərlə şübhə altına düşə bilməz. Xüsusilə, Ərdoğan və Putin görüşündən sonra Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi müstəvisində İrana yer yoxdur. Rəsmi Tehran bunu başa düşməli və məsələyə müdaxilə etməməlidir”.