MÜHÜM GÖRÜŞ: “NATO-Azərbaycan əməkdaşlığı dərinləşir”

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 14-də Belçikanın paytaxtı Brüsselə səfər edəcək.
Məlumatı NATO-nun rəsmi saytı yayıb. Bildirilib ki, səfər zamanı dövlət başçısı Şimali Atlantik Şuranın iclasında iştirak edəcək. Bundan başqa, sabah Prezident İlham Əliyevlə NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş olacaq. Görüşdən sonra liderlər mətbuat konfransı keçirəcəklər. 

Səfəri və görüşü şərh edən siyasi şərhçi Aqşin Kərimov “Sherg.az”a bildirib ki, Azərbaycan hər zaman NATO ilə əməkdaşlığa böyük önəm verib:

 “Azərbaycan üçün NATO ilə əməkdaşlıq post-münaqişə dövründə daha da aktual bir mövzuya çevrildi. Bldiyiniz kimi, ordumuz NATO standartları əsasında yenidən qurulub. Artıq Türkiyə modelli bir orduya sahibik. Bildirim ki, Türkiyə də NATO-nin üzvüdür”.

A.Kərimov qeyd edib ki, NATO Azərbaycanın suverenliyinə hörmətlə yanaşır:

“Zamanla Ermənistan tərəfi cəhdlər edirdi ki, NATO iki ölkə arasındakı münaqişəyə müdaxilə etsin. Amma Azərbaycanın NATO ilə əməkdaşlığının dərinləşdirlməsi və Bakının siyasi münasibəti buna imkan vermədi”.

Analitik prezident İlham Əliyevlə NATO-nun baş katibi arasındakı görüşü müsbət hadisə kimi qiymətləndirib:

“Düşünürəm ki, bu görüş NATO-Azərbaycan əməkdaşlığının daha da dərinləşməsinə səbəb olacaq”.

Çimnaz Şahlar