Naxçıvana ayrılan dotasiyanın məbləği artacaq 

"Yeni yaradılan Naxçıvan Baş Gömrük İdarəsinin xərcləri dövlət büdcəsindən maliyyələşdiriləcək"

"Büdcədən mədəniyyətlə əlaqədar tədbirlərə ayrılan vəsait azaldılır"


  "Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiyanın məbləği artacaq". Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünənki iclasında maliyyə naziri Samir Şərifov bildirib. Nazir qeyd edib ki, üçüncü oxunuşda dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiya 1,7 milyon manat artırılır: "Birinci oxunuşla müqayisədə söhbət təxminən 1,7 milyon manat artımdan gedir. 

Müvafiq olaraq, dotasiyanın məbləği 482, 4 milyon manat təşkil edəcək. İlkin dürüstləşməyə nisbətən 32,6 milyon manat artım nəzərdə tutulub". Qeyd edək ki, ikinci oxunuş üçün 2023-cü ilin dövlət büdcəsinin layihəsində dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasını büdcəsinə nəzərdə tutulmuş dotasiya ilə bağlı dəyişikliklər edilmişdi. 2023-cü ilin dövlət büdcəsinin layihəsində Naxçıvan Muxtar Respublikasının büdcəsi üçün nəzərdə tutulmuş dotasiyanın 31,1 mln manat azaldılması, 2023-cü ildə Naxçıvan Muxtar Respublikasının büdcəsində öz gəlirlərinin 20 milyon manat artırılması nəzərdə tutulmuşdu.


  Samir Şərifov vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasında Dövlət Gömrük Komitəsinin ləğv olunub yeni Baş Gömrük İdarəsinin yaradılması ilə 53,2 mln. manat daxilolmanın dövlət büdcəsinə aid edilməsi vacib hesab edilir. Nazir bildirib ki, Baş idarənin saxlanmasına dövlət büdcəsindən 20,1 milyon manat ayrılacaq: 

"Avtomobil Yolları Məqsədli Büdcə Fondunun xərcləri 0,5 milyon manat olmaqla, cəmi 20,6 milyon manat vəsaitin Naxçıvan MR-nın büdcə xərclərindən azaldılaraq Dövlət Gömrük Komitəsinin xərclərinə proqnozlaşdırılması zərurəti yaranıb. Naxçıvan Muxtar Respublikasında gömrük orqanlarının maliyyələşməsi mərkəzləşmiş xərclərə ötürülüb. Orada aparılacaq işlər nəticəsində optimallaşmanı görəcəyik. Xərclərdə hər hansı bir qənaət olduğu halda daha az transfert veriləcək. Bunu tənzimləyəcəyik. Dotasiya ilə bağlı isə hər hansı tələsik qərar qəbul edilməsi məqsədəuyğun deyil".

  Maliyyə naziri Samir Şərifov bildirib ki, pensiyanın quruluşu maliyyə imkanları ilə bağlı olmalıdır: “Pensiyanın qazanılması isə o deməkdir ki, hər bir vətəndaş işləsin, qazansın, pensiyaya köçürmə etsin. Hazırda pensiya alan şəxslər pensiya fonduna ödənişlər edirlər. Onlar bunun hesabına pensiya alırlar. Pensiya yaşının süni şəkildə artırılması və azaldılması problemlər yarada bilər. Yadınızdadırsa, yaşa keçməklə bağlı o vaxt kifayət qədər müzakirə oldu. Bizdə ömür uzunluğu dinamikası müsbətdir. Digər tərəfdən isə görürük ki, pensiya fondunun maliyyə durumu sabitləşib. Pensiya fondu tərəfindən aktual hesablamaların aparılması üçün mütəxəssislər cəlb olunub. Burada oturanlar, hamımız maraqlıyıq ki, pensiya alaq. Nəticə etibarı ilə model çox sadədir. Biz pensiya fonduna 25 faiz vəsait ödəyirik. Əvvəllər 12 il işləyən adama pensiya verilirdi. 12 il işləyirdi, deyirdilər ki, pensiya ala bilərsiniz. Bu gün normal pensiya almaq üçün 35 il stajın olmalıdır. Təkcə staj deyil, fonda da pul köçürülməlidir. Pensiya ilə bağlı məsələdə biz məsuliyyətli olmalıyıq. Sonra bu pulu vermədikdə başqa problemlər ortaya çıxacaq. Burada çox diqqətli olmaq lazımdır”.


  Samir Şərifov qeyd edib ki, 2018-2019-cu illərdə minimum əməkhaqqı 130 manatdan 200 manata çatdırılıb: "Bu paket bizə 4 milyard manata başa gəldi. Hər il pensiyalar üzrə indeksasiya aparılır. Bu il inflyasiya da var. İnflyasiyanın təsirlərini biz pensiyaçılara kompensasiya etməliyik. Növbəti ildə bizim təkcə pensiya fonduna indeksasiya üzrə xərclərimiz əhəmiyyətli dərəcədə artır. Söhbət 15 faizdən az olmayan indeksasiyadan gedir. Ona görə biz baxmalıyıq ki, nə edə bilərik".

  Gələn ilin dövlət büdcəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyətlə bağlı xərclər azaldılır. Bu, 2023-cü il dövlət büdcəsi haqqında qanun layihəsində əksini tapıb. Qanun layihəsinin yeni redaksiyasına əsasən, 2023-cü il dövlət büdcəsindən mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyətlə bağlı xərclərin 1 milyon 100 min manat azaldılaraq, 561 milyon 709 min 598 manat olması proqnozlaşdırılır. Qanun layihəsinin əvvəlki redaksiyasında bu xərclər üçün 562 milyon 809 min 598 manat ayrılması proqnozlaşdırılırdı. Qanun layihəsinin yeni redaksiyasına əsasən, həmin vəsaitin mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti sahəsinə aid olan digər müəssisə və tədbirlərin keçirilməsi üçün xərclərdə azaldılması nəzərdə tutulur.