Avropa İttifaqında (Aİ) Kiyevə ayrılan maliyyə yardımının təsdiqlənməsi birlik daxilindəki fikir ayrılıqlarını ört-basdır edə bilməyib.
Teleqraf xəbər verir ki, "Politico" nəşri yazır ki, Kiprdə keçirilən sammit zamanı Ukraynanın Aİ-yə üzvlüyü məsələsi müzakirəyə çıxarıldıqdan sonra birlik daxilində ciddi fikir ayrılıqları üzə çıxıb.
Məlumata görə, Estoniyanın Baş naziri Kristen Mihal Ukraynanın Aİ-yə sürətlə qəbul olunmasının tərəfdarı kimi çıxış edib. Lakin Xorvatiyanın Baş naziri Andrey Plenkoviç bu ideyanı real hesab etmədiyini bildirib.
“Bu prosesin 2027-ci il yanvarın 1-dək baş tutacağına əmin deyiləm”, - deyə Plenkoviç qeyd edib.
Nəşrin məlumatına görə, Aİ daxilində Macarıstandakı seçkilərin nəticələri də vəziyyəti mürəkkəbləşdirib. Bildirilir ki, Baş nazir Viktor Orban-ın partiyasının məğlubiyyəti əvvəllər birlik daxilində mövcud olan müəyyən siyasi balansı dəyişib.
Eyni zamanda, Aİ Şurasının prezidenti Antonio Koşta Kiprdə keçirilən qeyri-rəsmi sammitin yekunlarına dair mətbuat konfransında Ukraynanın sürətlə Aİ-yə qəbulunu istisna edib və bu istiqamətdə əlavə işlərin görülməli olduğunu vurğulayıb.