Tərəflər, eyni zamanda ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar. Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər haqqında danışıblar.
Nazirlər nədən danışdılar? - “Rus sərhədçiləri bölgəyə gətirilərlərsə...” – Pərdəarxası
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Bununla bağlı Azərbaycan XİN məlumat yayıb. Nazirlər Azərbaycan-Ermənistan dövlət sərhədində mövcud olan vəziyyəti və üçtərəfli bəyanatların icrası ilə əlaqədar məsələləri, o cümlədən bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı üçtərəfli işçi qrupunun fəaliyyətinə dair məsələləri müzakirə ediblər.
Tərəflər, eyni zamanda ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar. Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər haqqında danışıblar.
"Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli tərəflər arasındakı telefon danışığını “Sherg.az”a şərh etdi:
“Hazırda Ermənistanın davranışları Azərbaycan və Rusiyaya müəyyən problemlər yaradır. Paşinyan hakimiyyəti hərbi təxribatlar törətməklə Cənubi Qafqazın inkişaf perspektivlərini ciddi təhlükə altına salmaqdadır. Rəsmi İrəvan öz hərbi-siyasi avantüraları ilə hətta Rusiyanı şantaj etməyə belə, cəhd göstərir. Paşinyan hakimiyyəti hazırda Rusiyanı Azərbaycanla hərbi-siyasi qarşıdurmaya bulaşdırmağa can atır. Eyni zamanda Kremli şantaj edərək, Azərbaycan-Ermənistan sərhədlərində Rusiya sərhədçilərinin yerləşdirilməsinə çalışır.
Rəsmi İrəvan bununla sərhədlərin delimitasiya və demarkasiya prosesini əngəlləyə biləcəyinə ümid bəsləyir. Ancaq Kremldə Paşinyan hakimiyyətinin niyyətlərini anlamamış deyillər. Ona görə də Rusiya Azərbaycan-Ermənistan sərhədlərində hərbi kontingent yerləşdirməkdə qətiyyən həvəsli deyil. Rusiya Xarisi İşlər Nazirliyindən verilən son açıqlamada da bu məsələyə üstüörtülü eyhamlar vurulmuşdu.
Belə ki, Kreml Rusiya sərhədçilərin bölgədə yerləşdirilməsi üçün qarşılıqlı etimadın və Azərbaycanın razılığının olmasının vacibliyini qeyd etmişdi. Bununla diplomatik şəkildə rəsmi İrəvana anlatmağa çalışırlar ki, iki ölkə arasında sərhədlər dəqiqləşdirilməyib. Əgər Rusiya sərhədçiləri bölgəyə gətirilərlərsə, onların yerləşəcəyi ərazi Azərbaycana da aid ola bilər.
Rəsmi Bakı isə öz ərazisində kənar ölkələrin sərhədçilərini istəmir. Bütün bunlar o deməkdir ki, Rusiya sərhəd bölgəsinə öz sərhədçilərini yerləşdirməkdən imtina etmir. Ancaq bunun üçün rəsmi İrəvana əvvəlcə Ermənistanın sərhədlərinin hüquqi cəhətdən dəqiqləşdirilməsini məsləhət görür. Yəni Kreml bölgədə Azərbaycanı narazı sala biləcək hər hansı addımın atılmasında o qədər də maraqlı deyil. Ola bilsin ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında baş tutan telefon danışığında da məhz bu kimi məsələlər müzakirə edilib. Rəsmi açıqlamada Azərbaycan və Rusiyanın üçtərəfli anlaşmaların icrasıyla bağlı məsələlər ön plana keçirilir. Bu isə o deməkdir ki, həm rəsmi Bakı, həm də Kreml üçtərəfli anlaşmaların icrasında israrlı mövqe tuturlar. Çünki yalnız üçtərəfli anlaşmalar icra olunacağı təqdirdə, regionda bütün nəqliyyat-kommunikasiya xətləri açıla bilər. Və bu, siyasi-ideoloji revanşizmin girovuna çevrilmiş Ermənistan istisna olmaqla, bütün dövlətlərə sərfəlidir”.
E.Xalidbəylinin sözlərinə görə, Qazağın yeddi kəndinin qaytarılması məsələsi də gündəmdədir:
“Böyük ehtimalla Azərbaycan və Rusiya xarici işlər nazirləri məhz regionun inkişaf perspektivlərini və onlara əngəl törədən məsələləri müzakirə etmiş ola bilərlər. Son günlər Ermənistan ərazisində yeni rus hərbi kontingentinin yerləşdirilıməsi barədə də müxtəlif məlumatlar var. Bəzi məlumatlarda rus hərbi kontingentinin Azərbaycanın Qazax rayonuna yaxın bölgədə yerləşdirildiyi bildirilir. Əgər, bu, doğrudursa, deməli, Qazağın işğal altında olan 7 kəndinin tezliklə Azərbaycana qaytarıla bilər. Bu, qətiyyən istisna deyil.
Hətta bu barədə Ermənistan mətbuatı da müxtəlif ehtimallar irəli sürməyə başlayıb. Rusiya hərbi kontingentinin həmin bölgədə yerləşdirilməsi isə bu prosesə hazırlıq xarakteri də daşıya bilər.
Çünki həmin 7 kənd anklav ərazidir. Azərbaycan qoşunları həmin 7 kəndə girdikdən sonra rus hərbi kontingenti, məsələn, atəşkəs rejiminə riayət olunmasına nəzarət missiyasını öz üzərinə götürə bilər. Yəqin, Rusiya xarici işlər naziri telefon danışığında bu məsələ ilə bağlı da Azərbaycanlı həmkarı ilə müəyyən müzakirələr aparmış ola bilər. Eyni zamanda, Azərbaycan və Rusiyanın ortaq maraqlarının təmin edilməsi istiqamətində də fikir mübadiləsinin aparıldığı istisna deyil.
Hər halda, rəsmi Bakı və Kremlin üçtərəfli anlaşmaların icrasında israr etdikləri, regional nəqliyyat-kommunikasiya xətlərinin açılmasında daha sürətli davranılmasına üstünlük verdikləri qətiyyən diqqətdən yayınmır”.