- ABŞ İranı Xəzərdə tələyə salmağa çalışır
Ukraynanın Xəzər dənizində Rusiyaya silah-sursat daşıdığı iddia olunan İran hərbi gəmisini vurması regionda yeni hərbi-siyasi gərginlik yaradıb. Tehran hadisəni “təcavüz aktı” adlandıraraq cavab verəcəyini bəyan edib, Ukrayna Prezidenti Volodimir Zelenski isə ölkəsinin mümkün İran addımlarına hazır olduğunu açıqlayıb. Bu fonda müxtəlif hərbi mənbələrdə İranın arsenalında Ukrayna ərazisini vura biləcək uzaqmənzilli ballistik raketlərin mövcudluğu, eyni zamanda Ukraynanın da İran ərazisinə çata biləcək raket imkanlarına malik olduğu barədə iddialar qarşıdurmanın coğrafiyasının daha da genişlənə biləcəyi ilə bağlı müzakirələri artırıb. Müşahidəçilərin fikrincə, İranın münaqişəyə birbaşa hərbi şəkildə qoşulması təkcə Rusiya-Ukrayna müharibəsinin gedişinə deyil, həm də Yaxın Şərq və Xəzər hövzəsində təhlükəsizlik mühitinə ciddi təsir göstərə bilər. Belə bir ssenari Rusiyanın İranla hərbi əməkdaşlığını, Qərbin Tehrana münasibətini, eləcə də bölgədəki enerji və nəqliyyat marşrutlarının təhlükəsizliyini yenidən gündəmə gətirə bilər. Digər tərəfdən, bu cür addımın İran üçün hərbi, siyasi və iqtisadi nəticələrinin ağır ola biləcəyi də istisna edilmir.
Məsələyə münasibət bildirən politoloq Natiq Miri Sherg.az-a döyləyib ki, Bunun qarşısını ala biləcək yeganə amil elə İranın öz təhlükəsizlik amilidir:
“ Çünki İranın raketlərinin mənzili Ukraynaya çatsa belə, Ukraynaya raket atması İrana heç nə qazandırmayacaq. Əksinə, münaqişə coğrafiyasını genişləndirəcək və Ukraynanın da prosesə qoşulması ilə İrana yönəlik zərbələr daha da artacaq. Çünki İranı narahat edən məqam Xəzər dənizində İran-Rusiya arasında mövcud olan ticarət gəmisinin vurulmasıdır. Bu ticarət gəmiləri adı altında üzən gəmilər Rusiyadan İrana silah, hava hücumundan müdafiə raket sistemləri və bəzi müasir dronlar daşıyırlar. Eyni zamanda İrandan, bu gün Hörmüz boğazında mövcud olan blokada səbəbindən bəzi qaçaqmal nefti Xəzər dənizi vasitəsilə Rusiya üzərindən dövriyyəyə buraxılır. Bunu Ukrayna da bilir. Yəni məsələ təkcə Ukrayna ilə bağlı deyil. Düşünürəm ki, burada ABŞ-nin da müəyyən maraqları var və bu gəminin Xəzər dənizində vurulması təsadüfi deyil. Ona görə də bir neçə raketin Ukraynaya atılması İrana heç nə qazandırmayacaq. Əksinə, Xəzər dənizi vasitəsilə Rusiyadan gələn silah daşıyan gəmilərin yolu kəsiləcək. Bu gəmilər artıq intensiv şəkildə Ukrayna dronları vasitəsilə vurulacaq. Eyni zamanda bu, qaçaqmal neft gəlirlərinin də qarşısını alacaq. Çünki bu yol bağlanarsa, həmin daşımalar artıq Xəzər dənizi və Rusiya vasitəsilə də həyata keçirilə bilməyəcək. Digər sərhədlərdə isə son bombardman əməliyyatlarında, yəni 13 günlük bombardman zamanı ABŞ İranla Çin arasında, Türkmənistan sərhədi yaxınlığında yerləşən ticarət yolundakı körpünü də vuraraq məhv etdi. Bunu ona görə etdilər ki, həm İrandan ticarət malları, o cümlədən neft nəqliyyat vasitəsilə çıxarıla bilməsin, həm də Çinlə İran arasında hər hansı silah tədarükünün qarşısı alınsın. Bu baxımdan İranın belə bir davranışı Tehrana böyük itkilərdən başqa heç nə qazandırmayacaq. Ola bilsin ki, Rusiya bu məsələdə maraqlı olsun. Ancaq bu, İranın indiki vəziyyətdə mənafeyinə uyğun davranış olmazdı”.
Analitik qeyd edib ki, İran müharibənin əvvəlindən Rusiyanın tərəfində olmaqla ona hər cəhətdən yardım edib:
“Rusiyanın bu gün sistemli şəkildə Ukraynaya qarşı istifadə etdiyi “Şahed” dronları məhz İran istehsalıdır. Doğrudur, onlar Rusiyada texnoloji cəhətdən daha da təkmilləşdirilib. Ancaq əsas istehsal İrana məxsusdur. Digər tərəfdən, ən çətin məqamlarında İran tərəfindən Rusiyaya müəyyən ballistik raketlərin verilməsi haqqında da məlumatlar mövcuddur. Bütün bunlar məhz Xəzər dənizi vasitəsilə həyata keçirilirdi. Ona görə də İranın Ukraynaya ata biləcəyi bir neçə raket Ukrayna-Rusiya müharibəsində qüvvələr nisbətini şimal qonşumuzun xeyrinə dəyişməyəcək. Çünki İranın Ukrayna ilə birbaşa sərhədi yoxdur və bu müharibədə birbaşa iştirak etmir. Üstəlik, İran getdikcə zəiflədilir, resursları tükədilir. Bir tərəfdən enerji infrastrukturu, digər tərəfdən ticarət, nəqliyyat kommunikasiyaları, dəmir yolu sistemləri, ticarət limanları və ticarət yolları məhv edilir. Körpülər dağıdılır. İran çox ciddi zərbələr alır və zəiflədilir. Təsəvvür edin ki, bunun üzərinə bir də Xəzər dənizində hərəkət imkanları Ukrayna tərəfindən məhdudlaşdırılsa, İranın indiki təcrid vəziyyətindəki reallığı daha da ağırlaşacaq. Ona görə də bu addım nə İranın, nə də Rusiyanın xeyrinə qüvvələr balansını dəyişəcək. Əksinə, ABŞ-nin mövqeləri güclənəcək. Çünki İranın bir neçə ballistik raket atmasından sonra onun Xəzər dənizindəki bütün gəmiləri legitim hədəfə çevrilə bilər. Bu isə ABŞ-nin Yaxın Şərq münaqişəsi kontekstindəki maraqlarına uyğun davranış olardı”.
N.Miri əlavə edib ki, hansısa ölkələrin prosesə müdaxilə edəcəklərini düşünmür:
“Ukrayna NATO-nun üzvü deyil. Bu baxımdan hər hansı ittifaqın birbaşa prosesə qoşulması ehtimalı yoxdur. Üstəlik, ABŞ Yaxın Şərqdə İranla qarşıdurmada olmasına baxmayaraq, NATO-nun əksər üzvləri, yəni Avropa İttifaqına üzv ölkələr ABŞ-lə birlikdə bu münaqişədə iştirak etmədilər. Çünki onlar bu davranışın beynəlxalq hüquqa uyğun olmadığını düşünürdülər. Ona görə də hansısa ölkələrin prosesə hərbi müdaxilə edəcəyini mümkün hesab etmirəm. Əslində, düşünürəm ki, bu, İranı növbəti tələyə salmaq üçün həyata keçirilən bir əməliyyat idi. Çünki İranın istənilən davranışı, istər raketlə Ukraynanı vurması, istərsə də Ukraynada hansısa terror hadisəsi törətməsi Xəzərdə İran gəmilərini birbaşa legitim hədəfə çevirəcək. Bu da, əlbəttə ki, Ukraynanın Xəzərdə həyata keçirəcəyi zərbələri dolayısı ilə legitimləşdirəcək. Ona görə də İranda ağlı başında olan insanlar varsa, bu məsələyə daha təmkinli yanaşacaq və bu tələyə düşməyəcəklər. Yox, əgər yenə də daxili auditoriyaya hesablanmış və ya dünyaya özünü güclü göstərmək məqsədi daşıyan addımlar atılacaqsa, düşünürəm ki, bu, İranın təhlükəsizlik maraqlarına ciddi zərbə vuracaq”.