Ordumuz Türkiyə modelində güclü bir ordu olacaq

Bu çağırış bu gün və gələcək üçün olduqca vacib çağırış idi


   “Aprel müşavirəsi təkcə 2022-ci ilin üç ayının yekunlarına həsr edilmiş müşavirə deyil, həm də postmüharibə dövrünün bir illik hesabatı idi”. Bu barədə Milli Məclisin üzvü Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, Pezident İlham Əliyev əslində son üç ay da daxil olmaqla postmüharibə dövrünün reallıqlarını həm ölkə daxilində həyata keçirilən sosial-iqtisadi layihələr, həm də xarici siyasət və regional münasibətlər kontekstində kompleks olaraq təqdim etdi: “Prezident əvvəla beynəlxalq məsələlərə nəzər salaraq ərazilərimizin bərpası və Böyük Qayıdış kontekstində əsas məsələlərdən biri kimi Azərbaycanın yaratdığı yeni reallıqların dünya tərəfindən qəbul edilməsi məsələsini aktuallaşdırdı. 

Bu, özlüyündə olduqca mühüm məsələdir. Çünki Böyük Qayıdış beynəlxalq aləmin baş verən proseslərə münasibəti ilə xeyli dərəcədə əlaqədardır. Ona görə də Prezident İlham Əliyev ilk növbətə dünyanın ən böyük beynəlxalq təşkilatı olan BMT-nin davranışlarına diqqət çəkdi. Qurumun Şuşada keçirdiyi tədbiri yüksək qiymətləndirdi. BMT-Azərbaycan münasibətlərinə xüsusilə Şuşada təşkil edilən birgə tədbirə ermənilərin reaksiyasını isterik adlandırdı. Beynəlxalq təşkilatların postmüharibə reallıqlarını qəbul etmələri kontekstində daha sonra Qoşulmama Hərəkatının, İslam Əməkdaşlığı Təşkilatının, ATƏT-in və nəhayət, Avropa İttifaqının münasibətini müsbət xarakterizə etdi. Bu, özlüyündə şübhəsiz ki, Azərbaycan xarici siyasətinin müharibə dövründə olduğu kimi postmüharibə dövründə də strateji uğuru kimi qiymətləndirilməlidir”.

H.Babaoğlu diqqətə çatdırıb ki, Prezident ATƏT-ə maraqlı çağırış edərək bildirib ki, bu təşkilat ictimai diplomatiyanı canlandıraraq regionda etimad mühitinin yaradılması ilə məşğul ola bilər: 

“Yəni vətəndaş cəmiyyəti institutları, media və sair vasitəsilə bu istiqamətdə müəyyən işlər görmək mümkün ola bilər. Avropa İttifaqının mövqeyinə gəldikdə isə Prezident bu vacib qurumun aprel ayının 6-da təşkil etdiyi üçtərəfli görüşdə Ermənistanın Azərbaycanın irəli sürdüyü 5 baza prinsipini qəbul etdiyini bildirdi. Bu, olduqca mühüm hadisədir və regionda sülhlə bağlı proseslərin başlanğıcı kimi də qiymətləndirilə bilər. Prezident öz çıxışının növbəti blokunda milli yaddaşımıza tarixi çağırış etdi. Bu çağırış bu gün və gələcək üçün olduqca vacib çağırış idi. Biz işğalı, Xocalını unutmamalı, daima güclü olmalı, hər cür risklərə həmişə hazır olmalıyıq. Bu kontekstdə dövlət başçısı dərhal ölkəmizdə ordu quruculuğu məsələlərinə toxunaraq Hadrutda yaradılan komando birliklərinə diqqəti çəkdi. Azərbaycan Ordusunun daima güclü olmasının vacibliyini qeyd etdi. Əslində bu fikirlər bundan sonra Azərbaycanda milli ordu modelinin necə olmasına da bir növ istiqamət vermiş oldu. Ordumuz professional hərbi kadrlardan komplektləşdirilərək Türkiyə Ordusu modelində güclü bir ordu olacaq”. 

Parlament üzvü bəyan edib ki, növbəti istiqamət regional kommunikasiyaların açılması, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın üzərinə götürdüyü öhdəliklə bağlı idi: 

“Əgər Qərbi Zəngəzurdan keçməklə Naxçıvan və Türkiyəyə bütün növ kommunikasiyalar açılmayacaqsa, Azərbaycan üçtərəfli razılaşmanın bəndlərinin birinin Ermənistan tərəfindən etibarsızlaşdırıldığını irəli sürərək bütün bəndləri etibarsız hesab edə bilər. Bu, Ermənistana sonuncu ciddi xəbərdarlıq kimi də qiymətləndirilə bilər. Nəticədə 12 aprel müşavirəsi ölkədaxili və xarici milli cağırışlar kontekstində mühüm bir hadisə kimi yadda qaldı”.