Osman Gündüz: "Elm və Təhsil Nazirliyi çox işlər görməli olacaq”

“Hazırda ciddi maraq doğuran məsələ Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi institutların fəaliyyətinin necə səmərəli qurulmasıdır”. 

“Sherg.az”ın xəbərinə görə, bunu “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz deyib. 

Ekspert bildirib ki, son zamanlar aparılan müzakirələrdən, Prezidentin Fərmanından və “Azərbaycan -2026” Strategiyasından belə qənaətə gəlmək olar ki, Nazirlik qısa müddətdə tabeliyindəki elmi institutları fəaliyyət istiqamətləri üzrə universitetlərin tabeliyinə verilməsini təmin edəcək: 

“Düşünmək olar ki, artıq Nazirliyin tabeliyində olan İqtisadiyyat institutu UNEC-in tabeliyinə, Riyaziyyat və mexanika institutu BDU tabeliyinə, İnformasiya texnologiyaları və keçmiş Kibernetika instututu AzTU tabeliyinə,  Neft və Qaz İnstitutu ADNSU və ya Bakı Ali Neft Məktəbinə verilə bilər. Son zamanlar Nazirlik və universitetlər daha çox elmi tədqiqat və innovasiya yönümlü, araşdırma istiqamətində fəaliyyətin təşkilinə üstünlük verirlər. Həmçinin, universitetlərin bir çoxu universitet-sənaye iş birliyinin yenidən qurulması istiqamətində çalışırlar. Nazirlik mövcud elmi institutları universitetlərin tabeliyinə verməklə elmi tədqiqat yönümlü fəaliyyətin gücləndirilməsinə, ali gəhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsinə üstünlük verə bilər. Hazırda universitetlərin böyük əksəriyyətində tədqiqat və innovasiya yönümlü fəaliyyət çox zəif olduğundan düşünürəm ki, yeni yaradılan Elm və Ali təhsil üzrə Dövlət Agentliyi də bu sahədə işləri qaydaya salmaq üçün çox işlər görməli olacaq”.

O.Gündüz vurğulayıb ki, hazırda bir çox univetsitet rəhbərləri hansı elmi instututların onlara birləşdiriləcəyini də səbirsizliklə gözləyirlər: 

“Bu proseslər ağrısız ötüşməyəcək. Universitetlərin tabeliyinə verilən institut rəhbərləri ilə bəzi rektorlar arasında müəyyən konfliktlərin də ola biləcəyi gözləniləndir. Eyni zamanda elmi institutların universitetlər üçün əlavə yükə və əlavə problemlərə yol açmasına da yol vermək doğru olmazdı. Təbii ki, yeni yanaşmalara görə, elmi institutlarda aparılacaq optimallaşdırma və ixtisarlar əlavə problemlər də yarada bilər. Düşünürəm ki, institut rəhbərlərinin universitetlərin rektorlarının təqdimatı ilə Nazirilik tərəfindın təyin olunması məntiqli və ağlabatan  olardı. İnanıram ki, Elm və Təhsil Nazirliyi yeni formalaşmış situasiyanı, Prezidentin fərmanında və adı çəkilən Strategiyada elm və təhsilin inkişafı üçün nəzərdə tutulanları doğru dəyərləndirəcək. Sektorun sürətli inkişafı üçün daha effektiv və səmərəli mexanizmlər məyyənləşdirəcək”.